“İranın bu şəkildə mövcudluğu Türkiyə və Azərbaycan üçün təhdiddir, ona elə bir dərs verilməlidir ki…”

Bir tərəfdən Pakistan, digər tərəfdən Türkiyə İranın dərsini vermək gücündədirlər. Hələ biz İranın dağıdılması projesini gerçəkləşdirmək üçün fürsət gözləyən ABŞ və Avropanı demirik. İrana əslində elə bir dərs verilməlidir ki, ağlı başına gəlsin…

Siyasi analitik, tanınmış ermənişünas alim Qafar Çaxmaqlı son günlər rəsmi Tehranın Azərbaycana yönəlik təxribatçı addımlarını Moderator.az-a şərh edib:

“İranın müharibə dövründə və ondan sonra Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanı dəstəklədiyi bir gerçəkdir. Düşmən münasibəti ilə bağlı hər gün yeni faktlar üzə çıxır. Onları təkzib etmək mümkün deyil. Son zamanlar İranın ən yüksək dövlət adamları səviyyəsində Azərbaycanı hədələyici bəyanatları və sərhədlərimizdə apardığı təlimlər gərginliyə səbəb olmuşdur və günlər keçdikcə bu gərginlik azalmır. Onun sonrakı gedişatının müharibəyə səbəb olacağı ehtimallarını irəli sürənlər var. Azərbaycan ordusu qarşısında diz çökmüş Ermənistan bu gərginliyin artmasında maraqlıdır. Ermənistanda düşünürlər ki, İranın onların siyasəti ilə üst-üstə düşən hərəkətlər ermənilərin müharibədən sonrakı mərhələdə işlərinə yarayacaq. Hər şeydən öncə Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın dirənişinə İranın dəstəyi nəticə verəcək. İran da öz növbəsində bölgədə kənarda qalması gerçəyindən qurtara biləcək. İran açıq şəkildə Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Bunun yerinə başqa bir təklifi də yoxdur. “Bir xətt, bir yol” adlı xəyali layihənin reallaşması isə mümkün olmayacağı açıqdır. Çünki Hindistandan Avropaya uzanacaq bu yolun inşasına həmin yolun keçəcəyi bütün ölkələr isti baxmırlar. Demək İran bunu ortaya atmaqla da Zəngəzur üçün bəhanə axtarır. İran Türkiyə prezidentinın təklif etdiyi 3+3 platformasında iştirak etmək bir yana, onu pozmaq yolu tutub. Bu, düşmənçilk siyasəti deyil, bəs nədir? İran sərhədlərə qoşun yığmaqla nə demək istəyir? Gövdə göstərisimi? Onun hər hansı ağılsız hərəkəti üçün çox ağır bədəl ödəyə bilər. Bir tərəfdən Pakistan, digər tərəfdən Türkiyə İranın dərsini vermək gücündədirlər. Hələ biz İranın dağıdılması projesini gerçəkləşdirmək üçün fürsət gözləyən ABŞ və Avropanı demirik. İrana əslində elə bir dərs verilməlidir ki, ağlı başına gəlsin. Bu dərsi indiyədək qonşuluq prinsiplərinə sadiqlik nümayiş etdirən Türkiyə verə bilər. İran dövlətinin bu şəkildə mövcudluğu Türkiyə və Azərbaycan dövlətləri üçün təhdiddir. Düşmənin yanında olmasına nə qədər dözməliyik?”

Facebook Comments