“Tehranın hərbi müdaxiləsi, Türkiyə-İran müharibəsi ilə nəticələnəcək və İran parçalanacaq” – AÇIQLAMA

“İranın Ali dini rəhbəri Xameneinin Azərbaycana qarşı təhdidedici mesajı rəsmi Tehranın artıq diplomatik etiketleri pozduğunu sübuta yetirdi. Bundan əlavə İran TIR-larının Ermənistana və “Dağlıq Qarabağa” yanacaq daşıması göstərdi ki, rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü tanımayaraq erməni separatizminə dəstək verir”.

Sozcu.az xəbər verir ki, bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, İranın hərbi təlimlər keçirməsi və Azərbaycanı ciddi təhdid etməsi, regionda yaranan geosiyasi situasiya ilə barışmamasından irəli gəlir: “Birinci, İran Zəngəzur dəhlizinin açılmasının əleyhinədir. İkincisi, İran Türkiyənin Cənubi Qafqazda güclənməsinə və Ermənistanla sərhədlərinin açılmasına qarşıdıır. Üçüncü, İran Azərbaycanın güclənməsinin Guney Azərbaycanda milli hərəkata təkan verəcəyindən narahatdır. Dördüncü, İran Ermənistan üzərindən şimal marşrutunun itirilməsindən narahatdır. Həmçinin regionda Türkiyə-Pakistan və Azərbaycan hərbi İttifaqının güclənməsini qəbul etməyərək, yalaçı İsrail faktorunu ortaya atır. Cənubi Qafqazda yeni bir geosiyasi nizamın formalaşmasına İranın hərbi təlimlərlə qarşılıq verməsi, Türkiyə-Azərbaycan tandeminin qarşısında zəifdir. Həmçinin bele bir təlimlərlə İran Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcək. İranın hər hanası bir hərbi müdaxiləsi isə, Türkiyə-İran müharibəsinə yol aça bilər. Bu da İranın faktiki şəkildə paraçlanmasına, Cənubi Azərbaycanın ayağa qalxmasına gətirib çıxarar”.

Politoloqun sözlərinə görə, yaxın perspektivdə İran Azərbaycan əlaqələrinin normallaşması mümkün görünümür, əksinə daha da kəskinləşməsi gözlənilir: “Çünki, İran real siyasi prosesləri qəbul etməyəcək. Rəsmi Tehran prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşünü gözləyəcək. İran Azərbaycan əlaqələri Qarabağ müharibəsindən sonra yeni müstəviyə keçib və bu mərhələ rəsmi Tehran tərəfindən böhranla başlayıb. Bundan sonra, iki ölkə əlaqələrinin normallaşması, yalnız rəsmi Bakının İrana qarşı ciddi şəkildə təzyiq yolu seçməsi ilə mümkündür. İranın Ali dini rəhbərinin Azərbaycanı hədələməsinə yüksək səviyyədə cavab verilməlidir və səfirimiz bir müddətlik geri çağırılmalıdır. Eyni zamanda İranın Azərbaycandakı səfirliyinin işçilərinin yarısının ölkədən çıxmasını tələb etmək lazımdır. Çünki Tehran-Bakı əlaqələrində dərin çatlar var. Xüsusilə dini işlərlə məşğul olan səfirlik işçiləri Azərbaycanda daxili prosesləri qızışdırmağa cəhd edirlər. Bunun qarşısının alınması üçün addım atılmalıdır”.

Məhəmməd Əsədullazadə Prezident İlham Əliyevin Araz çayı sahilində İrana konkret mesajlarına da diqqət çəkib: “İranın Ali rəhbərinin və digər rəsmi şəxslərin Azərbaycana qarşı təhdidedici mesajlarına və Araz çayının o tayında keçirilən hərbi təlimlərinə cavab olaraq ölkə başçısı İlham Əliyev Tehrana ciddi mesajlar verdi. Həmçinin Cəbrayılda hərbi bazanın açılışını etməsi və orada HAROP-ların nümayişi İranın hərbi təlimlərinə ən böyük cavab oldu. İran rəsmiləri düşünürdülər ki, Azərbaycan geri addım atacaq, amma rəsmi Bakı geri çəkilmədi və əksinə Ali Baş komandan tərəfindən sərt şəkildə cavab verildi. Regionda yeni bir siyasi-hərbi konfiqurasiya qurulur. Ermənistan və Azərbaycan liderlərinin görüşündə ciddi müsbət nəticələrin olacağı və Zəngəzur dəhlizinin açılmasının reallaşacağı gözlənilir. İran artıq Azərbaycan üçün dost və qardaşlıq nağılını bundan sonra danışmamalıdır. İran öz etimadını açıq şəkildə itirdi”.

Facebook Comments