Palata dövlət qurumunda yoxlamalar apardı - milyonluq nöqsanlar üzə çıxdı

Hesablama Palatasının 2025-ci il üzrə İş Planına müvafiq olaraq "Azəristiliktəchizat" ASC üzrə dövlət vəsaitlərinin və digər əmlakının idarə olunmasına dair uyğunluq auditi aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə palata məlumat yayıb. Bildirilib ki, kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 1 yanvar 2023-cü ildən 1 aprel 2025-ci il tarixinə qədər olan müddət əhatə olunub, audit predmetinin pul vəsaitlərinin hərəkəti üzərindən faktiki maliyyə tutumu ümumilikdə daxilolmalar üzrə 149.3 milyon manat, xaricolmalar üzrə 146.7 milyon manat olub. Auditlə əsasən aşağıdakılar müəyyən edilib: - İstehsal edilmiş istilik enerjisinə çəkilən xərclərin tərkibində qaz (müvafiq olaraq, 27 milyon 140.1 min manat və 27 milyon 140.1 min manat) və enerji (müvafiq olaraq, 5 milyon 794.1 min manat və 5 milyon 834.4 min manat) xərclərinin xüsusi çəkisi 2023-cü ildə 57.5%, 2024-cü ildə isə 57.1% təşkil edib ki, bu da auditlə əhatə olunan dövrdə (əsasən hesabat illərinin I və IV rüblərində) dövlət büdcəsindən subsidiyalaşdırma tələbatının yaranmasını şərtləndirən və nəticə etibarı ilə istilik təchizatı xidmətlərinin tariflərinin həcmini formalaşdıran əsas amillərdən olub. İstilik təchizatı xidmətləri haqlarının əhali istehlakçı və qeyri-əhali istehlakçı qrupları üzrə son illər ardıcıl olaraq yüksəldilməsi kimi əməliyyat fəaliyyətindən gəlirlərin artırılmasına səbəb olan tənzimləmələrin tətbiqi şəraitində dövlət büdcəsindən ayrılan subsidiya məbləğinin tədricən optimallaşdırılmasına 2025-ci ildə başlanılmayıb. İki il ərzində dövlət büdcəsindən 89.6 milyon manat subsidiya məbləğinin və 5.5 milyon manat əsaslı xərclərin maliyyələşdirilməsi şəraitində hesabat illərinin yekunlarının müqayisəsi istilik enerjisi istehsalının 3.7 min Gkal (0.3%), istilik enerjisi alışının 8 min Gkal (6.1%), satışın (norma üzrə itkilər çıxıldıqdan sonra) həcminin 10.1 min Gkal (0.8%), abonent bazasının əhali istehlakçı qrupu üzrə 0.2% və qeyri-əhali istehlakçı qrupu üzrə 6%, gəlirlərin 3.9 milyon manat məbləğində (7.5%) artmasını, gəlirin əldə edilməsi ilə bağlı xərclərin təxminən eyni səviyyədə qalmasını və zərərin 3.5 milyon manat (75.3%) məbləğində azalmasını göstərib. Təqdim edilmiş məlumatlara əsasən, 2024-cü ildə bir Gkal istilik enerjisinin maya dəyəri bütün istehlakçı qrupları üzrə ümumilikdə 37 manata, o cümlədən əhali istehlakçı qrupu üzrə 43 manata, qeyri-əhali istehlakçı qrupu üzrə 37 manata yaxın təşkil etməklə əhali istehlakçı qrupu üzrə sonuncu artırılmış tarifi 2 dəfədən də çox üstələyib, qeyri-əhali istehlakçı qrupu üzrə müqavilə qiymətindən isə aşağı olub. Təqdim edilmiş məlumatlara əsasən, müxtəlif ünvanlarda yerləşməklə ümumi mənzil sayı 6 746 olan 213 binada istilik təchizatı xidmətləri alan mənzillərin sayının hər bina üzrə 10 mənzil və ya 10 mənzildən az, o cümlədən binalardakı ümumi sayı 4 670-ə bərabər mənzillər üzrə istilik təchizatı xidmətləri alan mənzillərin xüsusi çəkisinin 20 və daha aşağı faiz intervallarında olması və s. bu kimi hallar mövcuddur ki, bu da uzun illər ərzində əhali istehlakçı qrupuna istilik xidmətlərinin mərkəzləşdirilmiş qaydada təchizatı sahəsində zəruri işlərin (sistemin modernləşdirilməsi ilə abonent bazasının və isidilən sahələrin genişləndirilməsi) lazımi səviyyədə həyata keçirilməməsi deməkdir. Nəticə etibarı ilə qeyd etmək olar ki, əməliyyat fəaliyyəti çərçivəsində əhali istehlakçı qrupuna aid çoxmənzilli binalara tam həcmdə istilik təchizatı xidmətlərinin göstərilməsi üçün əsas infrastruktur (borular, paylayıcılar, işçi heyəti, qaz, elektrik enerjisi və s. məsrəflər) təminatı və müvafiq elementlər üzrə xərclərin qarşılanması müqabilində satış potensialı faktiki olaraq tam həcmdə reallaşdırılmır. Mövcud vəziyyət bir tərəfdən əhali istehlakçı qrupu üzrə tarifin (satış qiymətinin) maya dəyərindən dəfələrlə aşağı səviyyədə tənzimlənməsi şəraitində abonent bazasının genişləndirilməsinin perspektivli (iqtisadi cəhətdən rentabelli) olmamasını (zərərin daha da yüksəlməsinə səbəb olmasını) şərtləndirib, digər tərəfdən dövlət əmlakının idarə edilməsinin səmərəlilik meyarları ilə uyğunsuzluqlar yaradıb. Ümumilikdə, 244 ədəd qazanxananın faktiki yerləşdiyi obyektlərin (daşınmaz əmlakların) "Azəristiliktəchizat"a aid olmaması, o cümlədən bir qisminin konservasiya statusunda olması və yaxud bitməmiş formasında tikili qalması "Azəristiliktəchizat"ın fəaliyyətində dayanıqlılığın təmin olunması baxımından balans mənsubiyyətinin optimallaşdırılması məsələlərini aktuallaşdırıb. İlkin uçot məlumatları ümumi debitor borcların məbləğinin 1 yanvar 2023-cü il tarixinə 20 milyon 758.9 min manat, 1 yanvar 2025-ci il tarixinə 24 milyon 749.4 min manat, 1 aprel 2025-ci il tarixinə isə 34 milyon 532.6 min manat təşkil etdiyini göstərib, eyni zamanda auditlə əhatə olunan dövrdə satışdan gəlirlərin yığım səviyyəsinin hesabat illərinin əvvəlinə olan borclar nəzərə alınmadan ümumilikdə 86-90% (o cümlədən, əhali istehlakçı qrupu üzrə 71-78%) intervalında olsa da hesabat illərinin əvvəlinə olan bütün borclar nəzərə alınmaqla ümumilikdə 40-45% (o cümlədən, əhali istehlakçı qrupu üzrə 20-25%) intervalında dəyişdiyini deməyə əsas verib. Dövlət büdcəsindən maliyyələşdirilən investisiya qoyuluşları hesabına Bakı şəhərində tikilmiş, yenidən qurulmuş və ya modernləşdirilmiş qazanxanaların müvafiq tərkib hissələrinin timsalında 1 milyon 618 min 067 manat dəyərində aktivlərin maliyyə (mühasibat) uçotunda müvafiq qaydada əks etdirilməsi təmin edilməyib. Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması çərçivəsində 3 milyon 654.3 min manat məbləğində olan hissəsinin müvafiq qaydada (əsasən, uçota) bərpa olunmasını nəzərə alıb, digər nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair irəli sürülmüş təkliflərin yerinə yetirilməsi, eləcə də aşkar edilmiş müvafiq məsələlərlə əlaqədar qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərə uyğun tədbirlərin həyata keçirilməsi üçün zəruri sənəd və məlumatların aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edib.

Prezident səfirləri geri çağırdı - Yeni təyinatlar

Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel Qüdrət oğlu İsmayılzadə vəzifəsindən geri çağırılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Həmçinin Prezidentin digər Sərəncamlarına əsasən, Məmməd Afiq oğlu Talıbov Azərbaycanın Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras, Kolumbiya, Kosta Rika, Qvatemala, Panama və Peru Respublikalarındakı səfiri, Eldar Nadir oğlu Səlimov Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri, Şahin Şakir oğlu Abdullayev Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Dövlət başçısının digər Sərəncamlarına əsasən, Fərid Yunis oğlu Talıbov Azərbaycanın Yaponiyada, Seymur Həbib oğlu Fətəliyev Azərbaycanın Meksikada, həmçinin Eldar Nadir oğlu Səlimov Azərbaycanın İraqda, Şahin Şakir oğlu Abdullayev isə Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Gələn ildən doğuş və keysəriyyə dövlətdə də ödənişli olacaq – AÇIQLAMA

2026-ci il yanvarın 1-dən Azərbaycanda bütün ölkə üzrə İcbari tibbi sığortadan pulsuz istifadə dövrü böyük əhali qrupu üçün bitir və səhiyyədə çətin dövr başlayır. “Medicina” xəbər verir ki, işləməyən, vergi ödəməyən, rəsmi iş yeri olmayan hər kəs əlavə olaraq aylıq tibbi sığorta haqqı ödənişi etməsə, 90% tibbi xidmətdən pulsuz istifadə edə bilməyəcək. Əsas məsələlərdən biri təcili təxirəsalınmaz yardım və doğuşdur. Doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı, stasionar yatış zamanı dərman, tibbi sərf və qidalanma, laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri ödənişsiz olaraq göstərilir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir. Habelə, vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə qarşılanır. Bəs yeni ildən hamilə qadınların doğuş məsələsi necə olacaq. Bu xidmət qadının işləməsindən və ödənişindən asılı olmayaraq, yenə də İTS-lə qarşılanacaqmı? Əgər yeni qaydalar qanunla qüvvəyə minərsə, o zaman rayonlar da daxil olmaqla doğuş və keysəriyyədə ciddi riskli vəziyyətlər yarana bilər. Mövzu ilə bağlı sualları İcbari Tibb Sığorta üzrə Agentliyə yönləndirdik. Rəsmi məlumatda bildirildi ki, “bu məsələlər “Tibbi Sığorta haqqında Qanunla tənzimlənir. Bu qərarlar qanunverici orqan Milli Məclis tərəfindən qəbul olunur. Hələ ki, 2026-cı il üçün qeyd olunan məsələlər və işləməyən əhali kateqoriyası üçün ödənişli tibbi xidmət belə qanunla qəbul olunmayıb. Bu sadəcə gündəndə olan məsələdir. Belə bir qanun qüvvəyə minərsə, ona uyğun şərtlər açıqlanacaq”.

"Bolmart"da təcili YOXLAMA - Adnan Əhmədzadə ilə əlaqəsi var

"Bolmart" marketlər şəbəkəsində yoxlama aparılır. Sozcu.az bakuplus.az-a istinadla xəbər verir ki, yoxlama hazırda "Bolmart"ın Səməd Vurğun küçəsi yerləşən filialında keçirilir. Mühafizə orqanları tərəfindən yoxlama aparıldığı üçün supermarketin fəaliyyəti dayandırılıb və bütün işçilər çölə çıxarılıb. Mənbədən verilən xəbərə görə, "Bolmart" marketlər şəbəkəsinin bir müddət əvvəl həbs edilən məşhur iş adamı, SOCAR-ın keçmiş departament rəhbəri Adnan Əhmədzadə ilə əlaqəsi var.

Ramiz Mehdiyev Kremlə gizli məktubunda nələr yazıb? - DETALLAR

Xəbər verdiyimiz kimi, Rusiyanın dəstəyi ilə Azərbaycanda hakimiyyət çevrilişi planı həyata keçirmək istəyən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gizli məktubu üzə çıxıb. Sozcu.az xəbər verir ki, "Dövlət idarəçiliyi sistemində islahatlar" adlı məktubdan bəzi hissələri təqdim edir. Məktubda qeyd olunur ki, son illərdə dövlət idarəetmə sistemini, eləcə də Azərbaycanın iqtisadi həyatını əhatə edən dərin böhranın radikal islahatlar və dəyişikliklər aparılmasını tələb etdiyi vurğulanır. R.Mehdiyev qeyd edir ki, mövcud idarəetmə strukturunun qeyri-effektivliyi bir tərəfdən, indiki hakimiyyətin xarakteri, adətləri və baxışları ilə izah olunur, digər tərəfdən isə bu struktur iflic olmuş avtoritarizm ruhu ilə yoğrulub. Bu idarəetmə sisteminin əsas xüsusiyyətləri yalnız referendum vasitəsilə dəyişdirilə bilər. Yeni dövlət idarəetmə formasını və prinsiplərini işləyib hazırlayarkən ilk növbədə Azərbaycan xalqının siyasi psixologiyasını, dövlətə olan ənənəvi gözləntilərini nəzərə almaq, sosial-iqtisadi həyatın durğunluğuna səbəb olan gerçək amilləri dərk edib aradan qaldırmaq lazımdır. Uzunillik idarəçilik təcrübəm, strateji dövlət orqanlarının rəhbəri kimi topladığım biliklər, habelə müasir Azərbaycanın siyasi həyatına və tarixinə dair elmi tədqiqatlarım mənə aşağıdakı dövlət idarəetmə sisteminin formalaşdırılmasının zəruriliyini göstərir: 1. Hakimiyyət ümumi qəbul edilmiş demokratik prinsiplərə əsasən, üç qoldan ibarət olacaq: Qanunverici, İcraedici və Məhkəmə hakimiyyəti. Bu hakimiyyət qollarının fəaliyyətinə nəzarəti Dövlət Şurası həyata keçirəcək. Şura 50 üzvdən ibarət olacaq – cəmiyyət tərəfindən böyük hörmət qazanan, təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələri. Şura seçkili orqan olacaq və referendum yolu ilə formalaşacaq. Onun rəhbəri — Dövlət Şurasının Sədri xalq tərəfindən seçilən şura üzvlərinin öz sıralarından səsverməsi yolu ilə seçiləcək. Sədri vəzifədən uzaqlaşdırmaq da yalnız Şura üzvlərinin səsverməsi nəticəsində mümkün olacaq. Dövlət Şurası ölkədəki siyasi, sosial və iqtisadi proseslər üzərində tam nəzarət mexanizminə sahib olacaq. Həmçinin Konstitusiya Məhkəməsi və Təhlükəsizlik Şurasının funksiyalarını yerinə yetirəcək. Dövlət Şurası parlamentin qəbul etdiyi qanun layihələrini və hökumətin qərarlarını təsdiqləyəcək, zərurət yarandıqda veto hüququndan istifadə edə biləcək. Şura həmçinin güc strukturlarının, məhkəmə hakimiyyətinin, Mərkəzi Bankın rəhbərlərinin, universitet rektorlarının təyin olunmasına dair namizədləri irəli sürmək səlahiyyətinə malik olacaq. 2.İcra hakimiyyətinə ölkənin Baş naziri rəhbərlik edəcək. O, parlament seçkilərinin nəticələrinə əsasən, formalaşacaq hakim partiyanın başçısı olacaq. Ən çox səs toplayan partiyanın rəhbərinə sosial-iqtisadi xətti həyata keçirəcək hökuməti formalaşdırmaq hüququ veriləcək. 3.Qanunverici orqan - parlament ümumxalq seçkiləri yolu ilə hər 7 ildən bir formalaşacaq. Parlament hökumətin fəaliyyətinə dair hesabatları dinləyəcək, sosial-iqtisadi siyasətin həyata keçirilməsinə cavabdeh nazirləri təsdiq edəcək (güc strukturları istisna olmaqla). 4.Əvvəlki kimi, məhkəmə hakimiyyəti Ali Məhkəmə və ona tabe strukturlar vasitəsilə həyata keçiriləcək. Belə dəyişikliklər ölkəni prezident idarəçiliyindən parlamentar respublika modelinə keçirəcək. Bu model hakimiyyət üzərində səmərəli nəzarət mexanizmini təmin edəcək, avtoritarizmin və şəxsi hakimiyyət meyillərinin əsaslarını xeyli dərəcədə neytrallaşdıracaq. Bununla yanaşı, bu sistem dövlət fəaliyyətinə ictimai nəzarəti gücləndirəcək. Eyni zamanda, belə bir model demokratik seçkilərin keçirilməsinə şərait yaradacaq, bu isə öz növbəsində ölkənin beynəlxalq imicini yaxşılaşdıracaq, müxtəlif siyasi qüvvələrin fəaliyyətinə geniş imkanlar açacaq və vətəndaş cəmiyyətinin əsaslarını möhkəmləndirəcək".

Dabaq xəstəliyi yenidən təhlükə saçır — fermerlər üçün vacib çağırış

Mart ayından etibarən Azərbaycanda heyvanlar arasında dabaq xəstəliyi geniş yayılaraq ciddi itkilərə səbəb olub. Son 7-8 ay ərzində fərdi təsərrüfatlarda çoxlu sayda heyvanların tələf olması və xəstəliyin sürətlə yayılması nəticəsində vətəndaşlara külli miqdarda maddi ziyan dəyib. Virusun aktivləşməsi əsasən havaların istiləşməsi dövrünə təsadüf edir və bu zaman daha sürətlə yayılır. Əvvəlki illərlə müqayisədə bu il dabaq virusu o qədər geniş yayıldı ki, insanlar arasında gedən söhbətlərdə bunun süni şəkildə yaradıldığını və arxasında hansısa məqsədlərin ola biləcəyini iddia edən fikirlər dolaşmağa başladı. Bunun nə dərəcədə doğru olması barədə məlumatlı olmadığımı desəm də, müşahidələrimə əsasən qeyd edə bilərəm ki, hər il ildə iki dəfə olmaqla Dövlət Baytarlıq Xidmətinin yerli şöbələri tərəfindən vaksinasiya və peyvəndləmə tədbirləri həyata keçirilir. Peyvəndləmə Dövlət Baytarlıq Xidmətinin reyestrinə düşmüş təsərrüfat sahiblərinə sahə baytarı tərəfindən təklif edilir və məlumatlandırılır. Çox təəssüf ki, bu virusun ciddiyyətini nəzərə almayan bəzi təsərrüfat sahibləri çox hallarda peyvəndləmə prosesindən kənarda qalırlar. İnsanlar əvvəlki illərdə bu xəstəliyin bu dərəcədə tüğyan etdiyini müşahidə etmədiyindən onu ciddi qəbul etməyiblər. Bununla yanaşı, “çiçək” və “qarayara” kimi daha təhlükəli virusların qarşısını almaq məqsədilə də peyvəndləmə prosesi həyata keçirilir. Hər üç peyvəndləmə prosesi dövlət tərəfindən qarşılanır və pulsuzdur. Dərmanlar dövlət tərəfindən təmin edilir. Təsərrüfat sahibləri vaxtında, xüsusilə yaz aylarında məsuliyyətli davranmalı, öz təsərrüfatlarında vaksinasiyaların həyata keçirilməsini təmin etməlidirlər. Sahə baytarının əlaqə nömrəsini götürməli, təsərrüfatındakı heyvanların sayı, iri- və ya xırdabuynuzlu olması barədə məlumat verməlidirlər. Mart ayında dabaq və qarayara, sentyabr ayında isə çiçək virusuna qarşı vaksinasiya aparılmalıdır. Təsərrüfat sahiblərinin üzərinə düşən əsas vəzifə məsuliyyətli olmaq, bu xəstəliklərin ciddiyyətini nəzərə almaq və sahə baytarlarından vaxtında vaksinasiya tələb etməkdir. Dabaq virusunun öz heyvanlarında başladığını müşahidə edən təsərrüfat sahibi ilk anda müalicə-profilaktika tədbirlərinə başlamalıdır. Əgər vaksinasiya aparılmayıbsa, virus çox asanlıqla bütün heyvanlara yayılacaq. Hətta dezinfeksiya prosesi keçirilsə belə. Bu virus heyvanlarda daxili temperaturun artmasına səbəb olur, nəticədə ağız, ayaq dırnaqları və iribuynuzlu heyvanların döş hissəsində yaralar əmələ gəlir. İsti havalarda isə vəziyyət daha da ağırlaşır. Müşahidələrimə əsasən deyə bilərəm ki, xəstəliyi müşahidə edən təsərrüfat sahibi ilk anda iribuynuzlu heyvanlara “Bicillin-5”, xırdabuynuzlu heyvanlara isə “Bicillin-3” vurmalıdır. Proses bir neçə gün davam etdirilməlidir. Heyvanın ağzında yaranmış yaraların sağalması üçün səhər-axşam suya qarışdırılmış “zəy”lə yuyulmalıdır. Həmçinin benzin, marqans və sidikdən də istifadə olunur. Benzin və sidik ayaqlarda, zəy və su qarışığı isə ağız yaralarında daha effektlidir. Proses zamanı heyvanların təmiz havada saxlanması, qapalı şəraitdə olmaması, quru yem və otdan uzaq tutulması vacibdir. Çünki bunlar ağızdakı yaraların sağalmasına mane olur. Müalicə dövründə heyvanlara daha yumşaq qidalar verilməlidir. Nəticə olaraq, təsərrüfat sahibləri məsuliyyətli davranmalı, xəstəliklərin ciddiliyini nəzərə almalı və vaksinasiya prosesinə laqeyd yanaşmalıdır.   Məqalənin müəllifi: Ceyhun Nəbi, Sozcu.az saytının redaktoru

Azərbaycanda mütəşəkkil dəstə ifşa edildi - 89,5 milyon manatlıq dələduzluq

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdıran və əlavə dəyər vergisini talayan mütəşəkkil dəstə ifşa edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində aparılan istintaqla ölkə ərazisində həssas əhali qrupuna aid, eləcə də məhdud hüquqi bilikləri olan şəxslərin müxtəlif vasitələrlə aldadılaraq onların adlarına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan hüquqi və fiziki şəxslərin təsis etdirilməsi, həmin qurumlar vasitəsilə əmtəəsiz maliyyə əməliyyatlarının aparılması və digər qanunazidd hərəkətlərin törədilməsi faktları üzrə cinayət işi başlanıb. Aparılmış istintaq tədbirləri ilə çoxsaylı şəxslərdən ibarət olan, daxilində “vəzifə bölgüsü” aparılmış və vahid mərkəzdən idarə olunan mütəşəkkil dəstə tərəfindən qeyd olunan kateqoriyadan olan 300-dən çox şəxsin aldadılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan onların adına ən azı 777 hüquqi şəxs və ən azı 103 fiziki şəxs qeydiyyatdan keçirilməklə, vəzifə saxtakarlığı etməklə çoxhəcmli əmtəəsiz maliyyə əməliyyatları aparılıb yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, dövlətin maliyyə nəzarəti mexanizmlərini zəiflətməklə, yalançı şirkətlər vasitəsilə qeyri-qanuni gəlirləri leqallaşdırmaqla, statistik göstəriciləri saxtalaşdırmaqla ölkə iqtisadiyyatına ümumilikdə 81,5 milyon manatdan çox zərər vurulmasına, eləcə də əldə etdikləri həmin pul vəsaitlərini onların əldə edilməsinin həqiqi mənbəyinin, kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə konversiya etməklə, köçürtməklə, maliyyə əməliyyatları aparmaqla və digər əqdlər həyata keçirtməklə leqallaşdırılmasına, habelə dövlət büdcəsinə məxsus 8 milyon manatdan çox əlavə dəyər vergisi məbləğlərinin dələduzluqla talanmasına əsaslı şübhələr müəyyən edilib. Həmin cinayətləri törətmiş mütəşəkkil dəstənin rəhbər üzvləri də daxil olmaqla, ümumilikdə 30 şəxs Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə), 193.3.1 (xüsusilə külli miqdarda ziyan vurmaqla yalançı sahibkarlıq) , 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrlə ittiham elan edilib, həmin təqsirləndirilən şəxslərdən 10-nun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, digərləri barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbirləri seçilib. Bundan başqa, istintaqdan qaçıb gizlənən təqsirləndirilən şəxslərdən bəzilərinin barəsində axtarışlar elan edilib. Hazırda ibtidai istintaq davam etdirilir. Vətəndaşlara bir daha bu kimi qanunsuz fəaliyyətlərdə iştirak etməmək, hər hansı maddi təklif və ya vəd qarşılığında adlarına hüquqi və ya fiziki şəxslərin təsis edilməsinə, etibarnamə verilməsinə razılıq verməmək tövsiyə olunur. Öz adlarına qeydiyyatdan keçirilən şirkətlərin və ya fərdi sahibkarlıq subyektlərinin fəaliyyəti üzrə vergi öhdəliklərinin, borcların və hüquqi məsuliyyətin məhz onların üzərində qalacağı unudulmamalıdır. Bu cür hallara yol verilməsi nəticəsində vətəndaşların ölkədən çıxışına məhdudiyyət qoyulması, vergi və məhkəmə məsuliyyətinə cəlb olunması, eləcə də cinayət işlərində iştirakçı və ya təqsirləndirilən şəxs qismində tanınması mümkündür. Hər bir vətəndaşdan öz şəxsiyyət məlumatlarını, “ASAN imza” mobil nömrələrini və möhürlərini digər şəxslərə təqdim etməmələri və bu barədə şübhəli hallarla rastlaşdıqda hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.

Poliklinikalarda elektron növbə bütün ölkəni əhatə edəcək

Hazırda Azərbaycanda poliklinikalarda elektron növbə ilə bağlı işlər aparılır. Sozcu.az xəbər verir ki, bu fikirləri TƏBİB-in icraçı direktor müavini Anar İsrafilov jurnalistlərə açıqlamasında deyib. O vurğulayıb ki, bu yaxınlarda bir çox tibb müəssisələrində elektron növbə konsepti fəaliyyətə başlayıb. “Tədricən bu layihə bütün ölkəni əhatə edəcək”.

Saleh Səmədovun rəis oğlu da vəzifəsindən azad edildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun ikinci oğlu da vəzifəsindən uzaqlaşdırılıb. Sozcu.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. Toğrul Səmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib. Onun ədliyyə orqanlarında qulluq keçməsinə fəaliyyətində aşkar edilmiş nöqsanlarla əlaqədar xitam verilib. Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 Mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etdiyi üçün tənqid olunmuşdu. Onun bu davranışı Şuranın adına xələl gətirdiyindən Səmədov Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb. İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini işləyən oğlu Kamran Səmədov da bir müddət əvvəl vəzifəsindən azad edilib. Saleh Səmədov özü isə beş ay əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib.

Cəlilabadda 1 yaşlı uşağı cərəyan vurub öldürdü

Cəlilabadda 1 yaşlı elektrik cərəyanı vuraraq öldürüb. Sozcu.az axar.az-a istinadla xəbər verir ki, oktyabrın 26-sı saat 10 radələrində 2024-cü il təvəllüdlü Miran Ramid oğlu Rəhimli yaşadığı Xəlilabad kəndindəki evdə elektrik cərəyanı vurması nəticəsində ölüb. Araşdırmalar aparılır.

Parlament buraxılacaqmı?... - Milli Məclisi “Mehdiyev şəbəkəsin”dən təmizləmək yolu

Dövlətə qarşı ağır cinayətlərdə ittiham olunan keçmiş AMEA prezidenti Ramiz Mehdiyev ətrafında gedən ictimai diskusiyalar son aylar cəmiyyətin diqqət mərkəzindədir. Bu müzakirələr təkcə bir şəxsin hüquqi məsuliyyətindən ibarət deyil — burada söhbət illərlə formalaşmış, dövlətin müxtəlif strukturlarına sirayət etmiş, özünəməxsus idarəetmə və təsir mexanizmi olan bir şəbəkədən gedir. Təhlillər göstərir ki, Rusiyaya bağlı olan bu şəbəkə kifayət qədər təşkilatlanmış və koordinasiyalı fəaliyyət göstərən yarı krıminal güc mərkəzi kimi formalaşa bilib. Onlar dövlət orqanlarının müxtəlif səviyyələrində – parlamentdən tutmuş icra strukturlarına, media və QHT sektoruna qədər – özlərinə mövqe qazanıblar. Bu şəbəkənin əsas təhlükəsi ondadır ki, ictimaiyyət onları hər birini tanımaqda çətinlik çəkir. Türkiyədə ifşa olunan FETO terror təşkilatının istifadə etdiyi metodlardan yararlanırlar. FETO-çular kimi “Mehdiyev şəbəkəsinin” nümayəndələri də illərlə dövlətçilik ritorikasının arxasında gizlənməyi, maskalanmağı mükəmməl öyrəniblər. Elə buna görə də indi Ramiz Mehdiyevin ən sərt “tənqidçiləri” sırasında onun vaxtilə yaxın çevrəsində olmuş bəzi şəxsləri də görmək mümkündür. Onlar indi “müxalif” obrazında çıxış etsələr də, yaxın tarixi unutmayanlar bu buqələmunların əslində kim olduqlarını, kimə və hara xidmət etdiklərini yaxşı bilirlər.  Əslində, Ramiz Mehdiyevin belə bir şəbəkə qura bilməsi təəccüblü deyil. O, Azərbaycanda dövlət idarəçiliyində son illərə qədər müəyyən təsir imkanlarına malik olduğundan, vəzifəni, pulu, mandatı hər şeydən üstün tutanları öz ətrafında toplaya bilib. Düzdür, onların sayı bəzilərinin şişirtdiyi kimi çox deyil. Ancaq ölkədə dərin kök atmış bürokratik sistemin hər mərtəbəsində, hər bucağında “mehdiyevçilərin” idbar sifətini görmək mümkündür. Nisbətən zəif mövqedə olanlar ya qorxudan, ya da belə situasiyalara uyğun əvvəlcədən verilmiş təlimata əsasən Ramiz Mehdiyevi ittiham edir, dövlətə sədaqətdən dəm vururlar. Hətta içərilərində vaxtilə Ramiz Mehdiyevə deyil, Prezident Administrasiyasına məddahlıq etdiklərini iddia edən “çoxüzlülər” də var. Adama deyərlər, sənin liderin Ramiz Mehdiyev olub? Hansısa bir bürokratın mətbuatda tənqid olunması, həm də haqlı tənqid edilməsi səni niyə narahat edirdi? Yəqin ki, istintaq genişlənsə, bu suallar onlara veriləcək... Ramiz Mehdiyev “şəbəkəsinin” “ağır topları” isə hələlik açıq mövqe ortaya qoymaqdan yayınırlar. Onlardan bəziləri ictimai təmaslardan qaçır, digər bir hissəsi isə “ortada rəsmi ittiham yoxdur, olsun, mövqe bildirərik” – deyə susqunluq nümayiş etdirirlər. Bunu əslində vaxt udmaq strategiyası da hesab etmək olar. Bu strategiyanın məqsədi sadədir: ictimai diqqət azaldıqdan sonra yenidən siyasi səhnəyə adaptasiya olmaq. Onların bir qismini Milli Məclisdə, digərlərini müxtəlif nazirliklərdə, komitələrdə, hətta müxalifət partiyalarında, media və QHT sektorunda görmək mümkündür. Maraqlıdır ki, Mehdiyev sisteminin xaricdəki ideoloji qolu da fəallaşıb. Onun və ətrafının himayəsi ilə xarici ölkələrdə məskunlaşan və cəmiyyətdə “söyüş müxalifəti” adı ilə tanınan bəzi internet “qəhrəmanları” koordinasiyalı şəkildə Ramiz Mehdiyevi az qala günahsız mələyə çevirir, onun həbsinin qanunsuz olduğunu iddia edirlər. Hətta bəzi internet televiziyalarının rəhbərləri, “politoloqlar” Ramiz Mehdiyevin həbsinin ölkədə böyük xaos yaradacağı, hakimiyyəti zəiflədəcəyi və s. kimi ağılsız iddialarla çıxış edirlər. Ancaq fikirlərində heç bir məntiq olmadığından, sadəcə, hakimiyyəti şantaj etməyə, xidmət etdikləri “Mehdiyev şəbəkəsinin” ifşasından çəkindirməyə çalışdıqları aydın hiss olunur. Ramiz Mehdiyevin həbsi bu adamların əslində kim olduqlarını, haradan maliyyələşdiklərini də ifşa etdi... Qeyd edək ki, hakimiyyət üçün də, dövlət üçün də əsl təhlükəni xarici dövlətə bağlı belə bir şəbəkənin mövcud olması, onların tam zərərsizləşdirilməməsi törədə bilər. Bu baxımdan geniş araşdırma aparılmalı, dövlət orqanları “Mehdiyev şəbəkəsinin” üzvlərindən təmizlənməlidir. Bu istiqamətdə parlamentdə də ciddi “təmizləmənin” aparılmasına ehtiyac var. Məlumdur ki, Ramiz Mehdiyev siyasi gücünün zirvəsində olduğu illərdə Milli Məclisə xüsusi diqqət göstərib. Seçki dairələri üzrə namizədlərin bir çoxunu öncədən şəxsən müəyyənləşdirib, parlamentin tərkibinə kifayət qədər öz adamını yerləşdirə bilib. “Mehdiyev şəbəkəsinin” üzvü olan deputatlar isə uzun illər boyu ölkədə qanunvericilik istiqamətində zəruri islahatların həyata keçirilməsinin qarşısını alıb, passiv müqavimətlə mütərəqqi qanunların qəbuluna imkan verməyiblər. Əksinə, qanunları mürtəceləşdirməsində, xalqı narazı salan dəyişikliklərin həyata keçirilməsində fəal iştirak ediblər. Təəssüf ki, son parlament seçkisində də Milli Məclisi bu şəbəkənin üzvlərindən təmizləmək mümkün olmadı. Baxmayaraq ki, parlamentin buraxılmasının əsas səbəblərindən biri də bu idi... Məhz bu səbəbdən 2024-cü ilin iyununda Milli Məclisin buraxılması ideyası gündəmə gəldi və reallaşdırıldı. YAP-ın təşəbbüsü ilə hakim partiyanı parlamentdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstəriblər. Prezident müraciəti qəbul etdi, Konstitusiya Məhkəməsi bunu təsdiqlədi və 1 sentyabrda növbədənkənar seçkilər keçirildi. Lakin bu seçkilər də gözləntiləri tam doğrultmadı, parlamenti “Mehdiyev şəbəkəsinin” üzvlərindən təmizləmək mümkün olmadı. Hətta bəzi siyasi şərhçilər parlamenti “Ramiz Mehdiyev parlamenti” də adlandırırlar. Bunun əsas səbəbi kimi onların dəyişikliklərə müqavimət göstərməsi qeyd olunur. Hər halda, müxtəlif səbəblərdən bu şəbəkəyə aid olduğu şübhə doğurmayan bir çox şəxs yenidən mandat aldı. Belə şəxslərin Milli Məclisdə olması isə həm parlamentin nüfuzunu zədələyir, həm də Ramiz Mehdiyev kimi xaricdən idarə olunan adamların dövlət çevrilişi cəhdi kimi ağılsız fikrə düşməsində əlavə stimula çevrilir. İstisna deyil ki, Ramiz Mehdiyevin Moskvaya təqdim etdiyi siyahıda da deputat mandatı daşıyanlar var. Ancaq hamısının adı o siyahıya salınmayıb. Həm də bu şəbəkənin adamları FETO-çular kimi maskalandığından, asanlıqla “dəri dəyişmə” keyfiyyətinə malik olduqlarından, “Mehdiyev şəbəkəsinin” üzvü olduqlarını isbat etmək də asan deyil. Odur ki, ən doğru çıxış yolu mövcud parlamentin də buraxılması, Milli Məclisin yenidən demokratik və şəffaf seçkilərlə təşkil edilməsidir. Bu dəfə Ramiz Mehdiyev həbsdə, şəbəkəsi qorxu içində olduğundan, hər hansı müqavimət də göstərə bilməzlər. Nəticədə, Rusiyaya bağlı “Mehdiyev şəbəkəsindən” tam təmizlənmiş parlament formalaşdırmaq olar ki, bu da dövlətin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Nəzərə alaq ki, dövlətin dayaqları ancaq şəffaflıq və ictimai etimad üzərində möhkəmlənə bilər. Mehdiyev dövrünün qalıqları isə bu prosesin qarşısında duran ən ciddi maneədir. Bu maneəni söküb atmaq lazımdır!Azpolitika.info

Putinin qanadlı raket sınağı… - Tramp

Rusiya Prezidenti Vladimir Putinin nüvə enerjili qanadlı raket sınağı uyğun hərəkət deyil. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. "O, Ukraynada müharibəni sona çatdırmalıdır. Bir həftə çəkməli olan müharibənin artıq dördüncü ilidir. O, raketləri sınaqdan keçirmək əvəzinə, bunu etməlidir", - Tramp əlavə edib.

Ukrayna ordusu bu yaşayış məntəqəsini azad etdi

Ukrayna Silahlı Qüvvələrinin 425-ci əlahiddə hücum alayının bölmələri Dnepropetrovsk vilayətinin Yeqorovka yaşayış məntəqəsini azad ediblər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin strateji əlaqələr mərkəzi məlumat yayıb.

Azərbaycanla işləməyə davam edirik - Paşinyan

Daim xatırlatmalıyıq ki, Ermənistanla Azərbaycan arasında sülh əldə etmək mümkün olan bir işdir. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. “Ermənistan müstəqilliyinin ilk günündən münaqişə vəziyyətində olduğundan sülhün nə olduğunu bilmir. Müstəqilliyə aparan nisbətən qısa bir dövrdə belə, biz əslində münaqişələrlə dolu bir mühitdə yaşadıq. Sülh içində yaşamaq və sülh şərtlərinə uyğun bir qavrayış və düşüncəyə sahib olmaq asan məsələ deyil. Bu məsələyə çox diqqətlə yanaşmalıyıq və bu, sülhə qayğı göstərmək ehtiyacı baxımından vacib bir komponentdir. Biz mövcud sülhün daha güclü və daha institusional olması üçün ona qayğı göstərməliyik. Əlbəttə ki, bu məsələ üzərində işləyirik. Azərbaycanla işləməyə davam edirik, diplomatik kanallar vasitəsilə işləməyə davam edirik. Həmçinin müxtəlif səviyyələrdə əlaqələr mövcuddur”, - o bildirib.

Azərbaycanın üzləşdiyi fəlakət : Dabaq xəstəliyi

Mart ayından başlayaraq Azərbaycanda heyvanlar arasında dabaq xəstəliyi tüğyan edir. Son 7-8 ay ərzində fərdi təsərrüfatlarda çoxlu sayda heyvanların tələfatına səbəb olmuş virus insanlara külli miqdarda ziyan vurmuşdu. Bu virusun aktivləşməsi havaların istiləşməsi dövrünə təsadüf edir və sürətlə yayılır. Qabaqkı illərlə müqayisədə bu virus o qədər çox yayıldı ki, insanlar arasında gedən söhbətlərdə bunun süni şəkildə yaradıldığını, arxasında hansısa məqsədlərin olması ilə bağlı fikirlər dolaşmağa başladı. Bunun nə dərəcədə doğru olması haqqında məlumatlı olmadığımdan bir şərh vermək istəmirəm, amma öz müşahidələrimə əsasən deyim ki, hər il ildə iki dəfə olmaq şərti ilə Dövlət Baytarlıq Xidmətinin yerli şöbələri tərəfindən vaksinasiya və peyvəndləmə tədbirləri həyata keçirilir. Peyvəndləmə Dövlət Baytarlıq Xidmətinin reyestrinə düşmüş təsərrüfat sahiblərinə sahə baytarı tərəfindən təklif edilir və məlumatlandırılır. Çox təəssüf ki, bu virusun ciddiyyətini nəzərə almayan təsərrüfat sahibləri çox məqamda bu peyvəndləmə prosesindən kənarda qalırlar. İnsanlar qabaqkı illərdə bu xəstəliyin bu dərəcədə tüğyan etdiyini müşahidə etmədiyindən ciddi hesab etməyiblər.   Həmçinin bununla yanaşı "çiçək", "qarayara" kimi daha təhlükəli virusların qarşısını almaq məqsədi ilə peyvəndləmə prosesi həyata keçirilir. Hər 3 peyvəndləmə prosesi dövlət tərəfindən qarşılanır və pulsuzdur. Dərmanlar dövlət tərəfindən təmin edilir. Təsərrüfat sahibləri vaxtı-vaxtında, xüsusi ilə yaz aylarında məsuliyyətli davranmalı, öz fərdi təsərrüfatlarında vaksinasiyaların həyata keçirilməsini təmin etməlidir. Sahə baytarının əlaqə nömrəsini götürməli, təsərrüfatındakı heyvanların sayı, iribuynuzlu və ya xırdabuynuzlu olması haqqında məlumatlandırılmalıdır. Mart ayında "dabaq" virusun ilə bağlı vaksinasiya, həmçinin "qarayara", sentyabr ayında "çiçək" virusu ilə bağlı vaksinasiyanı sahə baytarından tələb etməlidir.  Təsərrüfat sahiblərinin üzərinə düşən vəzifə birinci dərəcədə məsuliyyətli olmaq, bu xəstəliklərin ciddiyyətini nəzərə almaq və sahə baytarlarından vaxtı-vaxtında vaksinasiya tələb etməkdir.  Dabaq virusunun öz heyvanlarında başladığını müşahidə edən təsərrüfat sahibi ilk anda müalicə-profilaktika tədbirlərinə başlamalıdır. Dabaq virusu əgər vaksinasiya olunmayıb aktivləşdisə bütün heyvanlar buna yoluxacaq. Hətta dezinfeksiya prosesi keçirilsə belə. Bu virus heyvanlarda daxili temperaturun artmasına səbəb olur. Bu səbəbdən heyvanların ağız, ayaq dırnaqları, iribuynuzlu heyvanların döş hissəsində yaraların əmələ gəlməsinə səbəb olur. İsti havada isə dahada dəhşətli hal alır. Təsərrüfat sahibləri bu virusun təsirini azaltmaq üçün öz fərdi müalicə metodlarını tətbiq edirlər. Müşahidələrimə əsasən deyə bilərəm ki, xəstəliyi müşahidə edən təsərrüfat sahibi ilk anda iribuynuzlu heyvanlara Bicillin 5, xırdabuynuzlu heyvanlara isə Bicillin 3 vurmalıdır. Prosesi bir neçə gün davam etdirməldir. Heyvanın ağzında yaranmış yaranın qapanması üçün səhər-axşam suya qarışdırılmış "ZƏY"lə yuyulmalıdır. Həmçinin benzin, marqans və sidikdən istifadə olunur. Benzin və sidik ayaqlarında istifadə oluna bilər, ağzında zəy və su qarışığı daha effektlidir. Proses zamanı çalışılmalıdır heyvan təmiz havada gəzsin(qapalı vəziyyətdə olmamalıdır), quru yem və quru otdan uzaq tutulmalıdır. Bunlar heyvanın ağız hissəsində yaranmış yaraların sağalmasına maneə olur. Müalicə prosesi dövrünə daha yumşaq qidalarla təmin edilməlidir. Ceyhun Nəbi

Tramp Mərkəzi Asiya liderlərini ABŞ-a dəvət etdi

Mərkəzi Asiya liderləri və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə zirvə görüşünün noyabrın 6-da Vaşinqtonda keçirilməsi planlaşdırılır. Sozcu.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, Tokayev ABŞ Prezidenti Donald Trampa sammitə dəvətə görə minnətdarlıq məktubu göndərib.

Ağ Evdə qadın prezident görəcəklər - Harris

ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris yenidən prezidentliyə namizəd ola biləcəyini bildirib. Sozcu.az xəbər verir ki, bu barədə Harris BBC-yə verdiyi müsahibədə deyib. 2024-cü Donald Trampa məğlub olan 61 yaşlı Harris bildirib ki, nəvələri mütləq Ağ Evdə bir qadın prezident görəcəklər. "Mən bütün karyeramı xidmət həyatı ilə yaşamışam və bu, mənim sümüyümdədir. Xidmət etməyin bir çox yolu var. Hazırda etdiyim işlərdən başqa gələcəkdə nə edəcəyimə hələ qərar verməmişəm”, - Harris vurğulayıb.

Zelenski dedi ki, Ukrayna daha 3 il döyüşəcək - Tusk

Prezident Zelenski mənə müharibənin on il davam etməyəcəyinə ümid etdiyini, amma Ukraynanın daha iki-üç il döyüşməyə hazır olduğunu dedi. Sozcu.az xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk deyib. “Ukraynanın müstəqil dövlət kimi yaşayacağına şübhə etmirəm. Rusiya iqtisadiyyatı yeni sanksiyalarla daha da ağırlaşan dramatik problemlərlə üzləşir və uzunmüddətli perspektivdə yaşamaq şansı yoxdur. Rusiyanın bir əsas üstünlüyünün var ki, o da müharibə dövründə mütləq vacib olan döyüşməyə hazır olmaqdır”, - Tusk bildirib.

Zərdabda ağır qəza: ölən var

Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası olub. Sozcu.az xəbər verir ki, hadisə bu gün gündüz saatlarında Zərdab-Ağcabədi avtomobil yolunda baş verib. VAZ 21099 markalı minik maşını ilə "Rənc Rover" markalı maşın toqquşub. Nəticədə VAZ-ın sürücüsü Azər Abdullazadə həyatını itirib. Rayon polis şöbəsinin əməkdaşları araşdırma aparır.

Ramazan ayı bu tarixdə başlayacaq

2026-ci ildə Ramazan ayı fevral ayında başlayacaq. Sozcu.az Metbuat.az-a istinadən xəbər verir ki, müqəddəs ayın fevralın 19-na təsadüf edəcəyi, Ramazan bayramının isə martın 20-də qeyd ediləcəyi gözlənilir. Bəzi mənbələrə görə isə, Ramazan ayı 18 fevral, bayramı isə 19 marta təsadüf edəcək. Xatırladaq ki, bu il Ramazan ayı martın 1-də başlayıb.

Gəncədə yol qəzası olub, 4 nəfər xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə şəhərin Hacıkənd qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Yaralılar 1977-ci il təvəllüdlü T.Xəlilov, 1994-cü il təvəllüdü R.Məmmədəli, 2002-ci iı N.İsmayılov və 1979-cu il təvəllüdlü A.Məmmədovdur. Faktla bağlı araşdırma aparılır

Həkim 400 manatla necə yaşasın? - Azərbaycan səhiyyəsinin əks üzü

Azərbaycan səhiyyəsində ciddi struktur dəyişiklikləri aparılsa da, sistemin dayanıqlılığı və gələcəyi ilə bağlı narahatlıqlar qalmaqdadır. Bu narahatlığın əsas səbəblərindən biri həkimlərin yaş bölgüsü, kadr çatışmazlığı və xaricə beyin axınıdır. Rəsmi statistika və ekspert rəyləri göstərir ki, ölkədə tibbi kadr potensialı tədricən yaşlanır, gənc mütəxəssislər isə daha çox xarici ölkələrdə işləməyə üstünlük verirlər. Sozcu.az kaspi-yə istinadla xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, ölkənin səhiyyə sistemində fəaliyyət göstərən həkim heyətinin yaş strukturunda ortayaşlı kadrlar üstünlük təşkil edirlər. Ümumi heyətin təxminən 76 faizi 35-55 yaş arası mütəxəssislərdən ibarətdir. 35 yaşadək gənc həkimlərin payı isə cəmi 10.3 faiz təşkil edir. Bu rəqəmlər göstərir ki, yaş balansı ciddi şəkildə pozulub.  Dövlət Statistika Komitəsinin 2025-ci ilin əvvəlinə olan məlumatına əsasən, ölkədə ümumilikdə 35.2 min həkim fəaliyyət göstərir. Onların 26.2 mini dövlət, 9 mini isə özəl tibb müəssisələrində çalışır. Qadın həkimlərin sayı 23.2 min nəfərdir. Həkim-anestezioloq Turanə Rəsulova deyir ki, əslində son illər Azərbaycanda gənc həkimlərin səhiyyə sisteminə gəlişində müəyyən dinamika hiss olunur. Amma proses xüsusilə regionlarda zəif gedir: "Gənclərin mühüm hissəsi ölkədən getməyə üstünlük verir. Artıq universitetin ilk illərindən etibarən tələbələr özlərini Almaniya, Türkiyə və ABŞ kimi ölkələrdə ixtisas təhsili almağa hazırlayırlar. Bu, gələcək üçün təhlükəli tendensiyadır". Həkimin sözlərinə görə, Azərbaycanda rezidentura sisteminin tətbiqi çox vacib addım idi. Amma bu sistemin nə dərəcədə səmərəli işlədiyi hələ də sual altındadır: "Rezident həkim-assistentlər 400-500 manat civarında aylıq məvacib alırlar. 24 yaşında, həyatını yeni quran bir gənc üçün bu maaş nə dərəcədə yetərlidir? O, artıq ailə qurmalı, övlad sahibi olmalı, sosial həyatını davam etdirməlidir. Ona görə də gənc həkimlər ən azından qonşu Türkiyəyə, Almaniyaya və ya Avropaya getməyin daha məqsədəuyğun olduğunu düşünürlər". Turanə Rəsulova əlavə edir ki, dövlət xəstəxanalarında həkimin bir müayinə üçün hesabına yatırılan məbləğ cəmi 1 manat 95 qəpikdir: "İcbari Tibbi Sığorta bu qədər vəsait ayırır. Xəstəyə verilən çekdə isə həmin xidmət 25-26 manat kimi göstərilir. Bu, sistemdəki böyük uyğunsuzluq və ədalətsiz bölgü deməkdir". Həmsöhbətimizin qənaətincə, həkimlərin sosial statusu və cəmiyyətdəki nüfuzu da getdikcə zəifləyir: "Həkim olmaq uzun illərin zəhmətidir. Bu peşə sahibləri cəmiyyətin ən ali təbəqəsi sayılmalıdır. Əks halda, yanlış münasibət formalaşır. Türkiyədə həkimlərə qarşı zorakılıq halları artıb. Əgər bu reallıqlardan nəticə çıxarmasaq, eyni aqibət bizi də gözləyə bilər". Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) sədr müavini Hüseyn Hüseynzadə bildirir ki, gənc həkimlərin əsas problemi təcrübə ilə bağlıdır: "Rezidentura və aspiranturaya qəbul ola bilməyən tələbələrin praktik bacarığı aşağı olur. Çünki xəstə üzərində yetərincə işləyə bilmirlər. Dövlət klinikaları bütün məzunları işə qəbul edə bilmir, özəl klinikalar isə yalnız təcrübəli həkimləri işə götürürlər. Bu səbəbdən uyğun iş və ya təcrübə tapa bilməyən tələbələr yaxın ölkələrə, məsələn, Türkiyəyə üz tuturlar. Türkiyədə həkimlər 3-5 il ərzində 100-150 xəstə üzərində praktiki təcrübə qazanırlar ki, bu da Azərbaycanda mümkün deyil. Eyni zamanda Almaniya da həm təhsil, həm də gələcək həyat üçün əlverişli seçim sayılır". Sədr müavini hesab edir ki, xaricdə stabil iş və gəliri olan birinin Azərbaycana qayıtması üçün mütləq ciddi maddi stimul olmalıdır. O, bununla bağlı təşviqedici layihələrin həyata keçirilməsini vacib sayır. Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Birliyinin rəhbəri İlqar Hüseynli isə bildirir ki, hazırda bütün rayonlarda həkim çatışmazlığı var: "Məsələn, Gədəbəy Mərkəzi Xəstəxanası vaxtilə tam gücü ilə işləyirdi, indi isə həkim tapılmır. Şirvandan Gəncəyə qədər normal cərrah-travmatoloq tapmaq müşkülə çevrilib. Çünki həkimlər sürətlə ölkəni tərk edirlər. Düzdür, onlarla bağlı konkret statistika yoxdur. Amma müşahidələr göstərir ki, gedənlərin sayı ildən-ilə sürətlənir. Hətta nəinki gənc, bizim yaş qrupundan olan həkimlər də ölkədən gedirlər. Azərbaycandan son 5-7 ildə təkcə Almaniyaya 2 000-2 500 həkim köç edib. Bu il ABŞ-də USMLE (United States Medical Lisensing Examination - Birləşmiş Ştatların Tibb üzrə Lisenziyalaşdırma İmtahanları) prosesindən uğurla keçən 10 azərbaycanlı gənc həkim də bu ölkədə çalışmaq imkanı qazanıb". Ekspertin sözlərinə görə, həkimlərin xaricə getməsinin əsas səbəbi aşağı maaş və qeyri-sabit iş şəraitidir: "Qonşu Türkiyədə rezident 5-7 min manat dəyərində maaş aldığı halda, Azərbaycanda eyni kateqoriyalı həkim 400 manat alır. Bu fərq, təbii ki, seçimdə həlledici rol oynayır". İlqar Hüseynli hesab edir ki, sistemin digər problemi təcrübəli, lakin yaşlı həkimlərin işdən uzaqlaşdırılmasıdır: "65 yaşa çatan həkimlərin avtomatik işdən çıxarılması doğru deyil. İnkişaf etmiş ölkələrdə məşhur həkimlər 70-75 yaşında həm müalicə, həm də tədrislə məşğul olurlar. Biz isə təcrübəni itiririk. Əslində yaşlı həkimlər gənclər üçün mentor və tədrisçi rolunda saxlanılmalı, onların bilik və təcrübəsi yeni nəslə ötürülməlidir. Bu, həm sistemin keyfiyyətinə, həm də tədris prosesinə ciddi təsir göstərə bilər". Almaniyanın Frankfurt Oder xəstəxanasının Qulaq, burun, boğaz xəstəlikləri, üz plastik və rekonstruktiv klinikasının baş həkimi Cavid Hüseynzadə deyir ki, gənclərin xaricə üz tutmasının əsas səbəbi Azərbaycanda diplomdan sonrakı təhsilin zəif təşkil olunmasıdır. "Rezidentura mərhələsində oxuyan həkimlər çox aşağı maaş alır, bunun üçün lazımi baza və imkanlar yoxdur. Məsələn, Almaniyada rezidenturada təhsil alan həkim birinci ildən 3 500-4 000 avro civarında maaş qazanır. Bu gəlir təkcə gündəlik xərcləri deyil, həm də təhsilə sərmayə qoymaq imkanlarını yaradır", - o vurğulayır. Mütəxəssisin sözlərinə görə, Almaniyada həkimlərin peşəkar inkişafı üçün geniş şərait mövcuddur: "Rezidenturada oxuyan hər bir həkimə beynəlxalq tibbi ədəbiyyata pulsuz giriş imkanı verilir. Əgər ölkədaxili kurslara qatılırsa, həmin kursların xərclərinin bir hissəsi xəstəxana tərəfindən qarşılanır. Yəni sistem həkimin həm maddi, həm də elmi inkişafını dəstəkləyir. Bu da təbii olaraq həkimlərin Almaniyaya axınının artmasına səbəb olur". Cavid Hüseynzadənin fikrincə, bütün bu reallıqlara baxmayaraq, Azərbaycan səhiyyəsi hazırda özünün ən parlaq dövrünü yaşayır: "İllər öncə Avropadan ölkəmizə yenilik gətirənlər əsasən xarici həkimlər idi. Amma bu gün fərqli mənzərə formalaşıb, artıq xaricdə təhsil almış, orada təcrübə toplamış, lakin doğma dilimizdə danışan həmkarlarımız Azərbaycana qayıdaraq ən yüksək səviyyədə xidmət göstərirlər".

1341-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1341-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 136 890 hərbçi, 11 291 ədəd tank, 23 477 ədəd zirehli döyüş maşını, 34 002 ədəd artilleriya sistemi, 1 526 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 230 hava hücumundan müdafiə sistemi, 428 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 65 517 ədəd avtomobil texnikası, 74 399 ədəd PUA, 3 880 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 981 xüsusi avadanlıq itirib.

Ağdaşda ağır qəza: ölənlər var

Bakı–Qazax avtomagistral yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, qəza mişar daşı daşıyan qoşqulu KamAZ markalı yük maşını ilə balıq daşıyan QAZel markalı yük maşınının toqquşması nəticəsində baş verib. Nəticədə QAZel-in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Güclü zərbənin təsirindən balıqlar yola və ətraf əraziyə səpələnib. Faktla bağlı araşdırma aparılır.