“Aİ-nin xüsusi nümayəndəsi erməni vandalizminin şahidi oldu” – Emin Hüseynov

“Bu gün Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rəhbərlik etdiyi nümayəndə heyəti Ağdamda səfərdə oldu. Onunla birlikdə Ağdamdakı tarixi və mədəni abidələri ziyarət etdik”.

Sozcu.az-ın məlumatına görə, bunu Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

E. Hüseynov bildirib ki, qonaq törədilən bütün vəhşiliklərin şahidi olub: “İmarət kompleksi, Xurşidbanu Natəvanın dağıdılmış məzarı, Cümə məscidi, Qiyaslı məscidi, Ağdam Dram Teatrının qalıqları, Ağdam Şəhidlər xiyabanına baş çəkdik. Şəhidlər Xiyabanında vandalizmə məruz qalan bəzi qəbirləri göstərdik. Cümə və Qiyaslı məscidlərini də birgə ziyarət etdik. Pənahəli xanın imarətindəki vəziyyəti gördülər, törədilən bütün vəhşiliklərin şahidi oldular”.

E. Hüseynov T. Klaarın rəhbərlik etdiyi nümayəndə heyətinə Ağdamın keçmişi barədə məlumat verdiyini də nəzərə çatdırıb: “Eyni zamanda Ağdamın bərpası ilə bağlı planlarımızı bölüşdüm. Ümid edirəm ki, onlar burada ermənilərin törətdikləri vandalizmi, 30 illik işğal dövründə Azərbaycan xalqının tarixinin, mədəniyyətinin məruz qaldığı bu vəhşilikləri gördükdən sonra Azərbaycan həqiqətlərini daha düzgü təsəvvür edəcək, eyni zamanda ölkəmizə qarşı daha obyektiv münasibət sərgiləyəcəklər”.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi erməni vəhşiliklərini görən istənilən insanın dəhşətə gəldiyini vurğulayıb: “Qonaqlar da çox böyük təəssürat hissi ilə qayıdırlar. Sözsüz ki, dağıntının miqyasını görəndə onlar müharibənin nə qədər dəhşətli, ağır nəticələrə gətirib çıxarmasının şahidi olurlar. Xüsusən Azərbaycan xalqının tarixi və mədəni abidələrinə qarşı vəhşiliklərin şahidi olduğunuz zaman müharibənin əsl ağırlığını dərk etmək olar”.

Facebook Comments