İsveç Ukraynaya 40 milyon dollar ayırır

İsveç Dünya Bankı vasitəsilə Ukraynaya qış mövsümundə dəstək göstərəcək. Ölkə Ukraynanın bərpasına və dayanıqlığını gücləndirməsinə kömək etmək üçün 40 milyon dollardan çox vəsait ayıracaq. Sozcu.az xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Nəşr qeyd edir ki, İsveç qış yaxınlaşdıqca Ukraynaya yardım məqsədilə Dünya Bankının müvafiq fonduna dəstəyini artırır.

Azərbaycan nümayəndələri Ermənistana gedir

Oktyabrın 21-22-də Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Siyasətinin Tədqiqatları Mərkəzi məlumat yayıb.  Görüşün İrəvanda keçirilməsi nəzərdə tutulub. Müzakirələr zamanı avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra formalaşmış sülh gündəliyi, iki cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üzrə tədbirlər, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın formalaşdırılmasının mümkün yolları, o cümlədən iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.

Faktiki hava açıqlandı - Yağış, külək...

Oktyabrın 21-i saat 18:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Naxçıvan MR, Şabran, Xaçmaz, Zaqatala, Qəbələ, Oğuz, İsmayıllı, Qax, Şəki, Quba, Qusar, Qobustan, İmişli, Ağsu, Mingəçevir, Yevlax, Göyçay, Sabirabad, Beyləqan, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Bərdə, Tərtər, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Şahdağda isə qar yağır. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 19, Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 16 m/s-yə çatır. Zaqatala, Şəki, Şamaxı, Balakən, Qax, Qusar, Göyçay, Göygöl, Daşkəsəndə duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.

Şəkidə ağır qəza - 3 nəfər öldü

Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə oktyabrın 21-də saat 18 radələrində Şəki rayonu ərazisində qeydə alınıb. KIA və VAZ-2107 markalı avtomobillər toqquşub. Nəticədə, 3 nəfər hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. (Mənbə: oxu.az)

Gümrünün baş memarı həbs olundu

Gümrünün baş memarı Henrix Qasparyan həbs edilib. Sozcu.az "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Antikorrupsiya Komitəsi məlumat yayıb. "Gümrü icmasında bir qrup vəzifəli şəxsin rüşvət alması ilə bağlı cinayət işi çərçivəsində saxlanılan daha iki nəfər, o cümlədən baş mühəndis barəsində həbs qətimkan tədbiri seçilib", - komitədən bildirilib. 

Ukrayna ABŞ-dan hərbi helikopterlər alır

Ukrayna ABŞ-ın “Bell” şirkətindən AH-1Z “Viper” hücum və UH-1Y “Venom” nəqliyyat helikopterləri alacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Defense Express” məlumat yayıb. “Bu, Ukrayna hökuməti ilə birbaşa silah istehsalçısı arasında deyil, hökumətlər arasında razılaşmadır", - məlumatda qeyd edilib.

Maştağada yeniyetmə atasını söyüşə görə öldürdü

11:55 Bu gün Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə zamanı 1980-ci il təvəllüdlü Emil Çingizoviç Əliyev bıçaqlanaraq qətlə yetirilib. Qətlin mərhumun 2009-cu il təvəllüdlü oğlu tərəfindən törədildiyi ehtimal edilir. İlkin məlumata görə, yeniyetmə anası Təhminə Əliyevanı təhqir etdiyi üçün atasını dörd bıçaq zərbəsi ilə öldürüb. Cinayətdə istifadə edilən bıçaq kanalizasiya quyusuna atılıb. Hazırda Sabunçu Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Ruben Vardanyan vəkilindən imtina etdi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 21-də davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Ardınca təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək müdafiəçisi Avraam Berman ilə konfidensial görüşmək istədiyini deyib. Məhkəmə vəsatəti təmin edib və prosesdə qısa fasilə elan olunub. Fasilədən sonra təqsirləndirilən Ruben Vardanyan digər vəsatətini məhkəməyə təqdim edərək müdafiəçisi Avraam Bermandan imtina etdiyini deyib. Təqsirləndirilən şəxs vəsatətini əsaslandıran zaman əvvəlki məhkəmə iclaslarında səsləndirdiyi fikirləri təkrar edərək bildirib ki, ümumilikdə məhkəmə prosesindən narazı olduğu üçün müdafiəçisindən imtina edir. Müdafiəçi Avraam Berman vəsatəti təmin edib-etməyi məhkəmənin mülahizəsinə buraxdığını qeyd edib. Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev dedi ki, təqsirləndirilən şəxs müdafiəçisindən hansı səbəbdən imtina etdiyini bildirməyib, buna baxmayaraq onun müdafiəçisindən imtina etmək hüququ var. Nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxs qanunvericiliyin tələblərinə görə, ümumiyyətlə müdafiəçidən imtina edə bilməz. Hazırkı vəziyyətdə Ruben Vardanyan müdafiəçisi Avraam Bermandan imtina edirsə, o, başqa bir vəkillə müqavilə bağlamalı, yaxud buna vəsaiti yoxdursa dövlət tərəfindən hüquqlarını müdafiə edən başqa bir vəkil təyin olunmalıdır. Ruben Vardanyan digər bir vəkillə müqaviləsinin olmadığını bildirib və qeyd edib ki, dövlət tərəfindən ona müdafiəçi təyin edilə bilər, buna dair hər hansı etirazı yoxdur. Məhkəmə tərəflərin fikirlərini dinlədikdən sonra yerində müşavirə edərək qərar qəbul edib. Qərara əsasən Ruben Vardanyanın müdafiəçisi Avraam Bermandan imtinası qəbul olunub. Təqsirləndirilən şəxsin dövlət hesabına müdafiəçi ilə təmin olunması üçün qəbul edilən qərar Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilib. Məhkəmə prosesi təxirə salınıb. Növbəti iclas isə oktyabrın 28-nə təyin olunub. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Rusiyada əməliyyat - Azərbaycanlılar deportasiya ediləcək

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqalada keçirilən reyd zamanı qanunsuz miqrantlar aşkarlanıb. Sozcu.az-ın məlumatına görə, Kirov rayonu ərazisində aparılan əməliyyat tədbirləri zamanı 19 Azərbaycan vətəndaşı ölkə ərazisində qeyri-qanuni şəkildə olduqları müəyyən edilib. Məlumata görə, Daqanova küçəsində aparılan yoxlama zamanı ümumilikdə 29 Azərbaycan vətəndaşının olduğu aşkarlanıb. Onlardan 19 nəfərin yaşayış və əmək fəaliyyəti ilə bağlı icazəsi olmadığı, beləliklə Rusiya Miqrasiya Qanunvericiliyini pozduğu bildirilib. Hadisə ilə bağlı həmin şəxslər barəsində Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinin 1.1-ci bəndi (xarici vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin ölkədə qalma qaydalarını pozması) üzrə inzibati qaydada deportasiya qərarı veriləcək. Hazırda saxlanılan şəxslərin sənədlərinin araşdırıldığı və deportasiya prosedurunun həyata keçirildiyi bildirilir.

Putinin təhlükəsizliyinə təminat vermirik - Polşa

Rusiya Prezidenti Vladimir Putinin təyyarəsinin Polşa hava məkanından keçəcəyi təqdirdə həbs olunmayacağına zəmanət vermirik. Sozcu.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib. “Mən təminat verə bilmərəm ki, müstəqil Polşa məhkəməsi hökumətə belə bir təyyarəni yerə endirmək və şübhəli şəxsi Haaqaya təhvil verməyi əmr etməyəcək. Düşünürəm ki, Rusiya tərəfi bundan xəbərdardır. Ona görə də sammit baş tutsa, ümid edirəm ki, Putinin təyyarəsi başqa marşrutla hərəkət edəcək”, - Sikorski bildirib. Qeyd edək ki, Budapeştdə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampla görüşü planlaşdırılır.

Ukrayna sülh naminə ərazi verməməlidir - Kallas

Ukrayna Rusiya ilə sülh müqabilində ərazilərindən imtina etməməlidir. Sozcu.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas deyib. "Əgər biz sadəcə torpaqları versək, bu, hər kəsə belə bir mesaj verər ki, qonşularına qarşı gücdən istifadə edib istədiyini ala bilərsən. Məncə, bu, çox təhlükəlidir. Məhz bu səbəbdən beynəlxalq hüquq mövcuddur ki, heç kim belə bir şey etməsin”, - Kallas vurğulayıb.

Mehdiyev işi: proses bu tarixdən başlayıbmış - Yeni detallar

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə bəzi təfərrüat məlum olub. Sozcu.az APA-ya istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Ramiz Mehdiyevin ətrafında aparılan kompleks əməliyyat-texniki tədbirlər onunla bağlı cinayət işi başlamamışdan xeyli əvvələ təsadüf edir. Belə ki, Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli qərarı mövcuddur. Bu həftə isə Ramiz Mehdiyevin vəkilləri onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməzdən əvvəl qəbul edilmiş bir sıra qərarlardan apellyasiya şikayəti veriblər. Bu məqsədlə onlar DTX-dəki cinayət işinin materialları ilə, DTX-nin vəsatəti əsasında Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılmış qərarlarla tanış olublar. Məlumata görə, rabitə kanalları ilə ötürülən məlumatların ələ keçirilməsi, “Şərq-Qərb” nəşriyyatı və digər ünvanlarda aparılan axtarış tədbirləri məhz bu qərar əsasında həyata keçirilib. Mediada yayımlanan məlumatlarda Ramiz Mehdiyevin vəkili kimi yalnız Zaur Abıyevin adı bildirilir. Əslində isə Mehdiyevin bir yox, 3 vəkili var imiş. Beləliklə, Mehdiyev özünə daha iki vəkil tutub. Hələlik digər iki vəkilin adı ictimaiyyətə açıqlanmır. Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi oktyabrın 14-də Ramiz Ənvər oğlu Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyevə DTX-də başlanmış cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb. Xatırladaq ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.

İlham Əliyevdən TRİPP layihəsi ilə bağlı açıqlama

TRİPP layihəsi mütləq reallaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə mətbuata bəyanatında deyib. "Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton sammitinin nailiyyətlərindən biri TRİPP layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi mövcud olanlara daha biri əlavə olunur – Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha böyük potensial olacaq", - dövlət başçısı vurğulayıb.

Əsgər Yoldaşlarım – 22 İl Sonra da Qəlbimdə Yaşayan Qardaşlıq

İllər keçir, həyat bizi fərqli istiqamətlərə aparır. Amma bəzi bağlar var ki, zaman onları nə unudur, nə də köhnəldə bilir. Mənim üçün o unudulmaz bağlardan biri də əsgərlik illərində tanıdığım yoldaşlarımla olan dostluğumdur. Bu gün artıq 22 il ötüb o, günlərdən. Hər birimiz indi ayrı-ayrı həyat yollarındayıq. Kimimiz sahibkar, kimimiz usta, kimimiz müəllim, kimimiz digər peşələrdə. Ancaq hər nə olur-olsun, o illərdə qurulan yoldaşlıq bağlarımız hələ də qopmayıb. Əsgər yoldaşlarım, Zamir, Emin, Samir, Xəyal, Zaur, Eşqin, Rüfət, Mansur, Asəf, Vasif, Rafiq, Yaqub, Fərhad, Amil, Anar, Hakim, Vaqif, Eldar, Mahir, Ruslan, Orxan, Elşən, Fuad. sizin hər biriniz mənim yaddaşımda ayrı yerdəsiniz. Əgər kiminsə adını unutmuşamsa, bağışlayın, yeriniz ürəyimdədir. Hər dəfə hansısa məclisdə, görüşdə bir araya gələndə elə bil o illər qayıdır. O saf baxışlar, gülərüz simalar, zarafatlar, çətinliklər içində paylaşdığımız çörək… Hər şey sanki dünən olub. O görüşlərdə ürəyim açılır, həyatın qayğıları bir anlıq kənara çəkilir. Ən çox isə əsgər yoldaşlarımın səxavətli və qayğıkeş davranışları məni qürurlandırır. Aramızdan kiminsə başına bir iş gələndə, xəstə olanda, dara düşəndə, hamı imkanına görə əlindən gələni əsirgəmir. Kimi cibinə əl atır, kimi dua edir, kimi fiziki dəstək olur. Bu, sadəcə dostluq deyil, bu qardaşlıqdır. Bəzən bir insanın ətrafında onlarla adam olur, amma heç biri səmimi olmur. Mən isə şükür edirəm ki, o illərdə qazandığım dostlar səmimiyyəti, sədaqəti və mərdliyi bu gün də qoruyub saxlayırlar. Dəyərli əsgər yoldaşlarım, yaxşı ki varsınız! Dostluğumuz, yoldaşlığımız daim olsun, qəlbimizdəki o əsgərlik illərinin istiliyi heç zaman sönməsin! Anar Rəsullu

Sabah güclü külək əsəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 21-də güclü külək əsəcək. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq verib. Xəbərdarlığa əsasən, Bakıda və Abşeron yarımadasında, Qazax, Tovuz, Ağstafa, Gəncə, Şəmkir, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Salyan, Neftçala, Hacıqabul, Mingəçevir, Şirvanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

45 işçi şəhadətnamə olmadan fəaliyyət göstərirmiş

Cari il sentyabr ayının ortalarına qədər 149 özəl tibb müəssisəsində plandankənar, 85 özəl tibb müəssisəsində isə planlı yoxlamalar aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərtac-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib. Həmçinin məlumat verilib ki, qeyd olunan dövrdə özəl tibb müəssisələrində həyata keçirilən yoxlamalar nəticəsində 45 işçinin sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərdiyi aşkarlanıb və bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 215.4-ci maddəsi ilə müvafiq protokollar tərtib edilib. AEM vətəndaşlara tövsiyə edir ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda, mərkəzin əlaqə nömrələri vasitəsilə onlara məlumat versinlər. "Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir", - deyə AEM-dən bildirilib.

Tramp prezidenti "dəli" adlandırdı, səfir geri çağırıldı

ABŞ Prezidenti Donald Tramp və Kolumbiya Prezidenti Qustavo Petro arasında artan gərginlik fonunda Kolumbiya ABŞ-dakı səfirini geri çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edək ki, sentyabrın 16-da ABŞ-ın narkotik daşıdığı deyilən qayığa zərbə endirməsindən sonra Kolumbiya Prezidenti Trampı vətəndaşını öldürməkdə ittiham edib. Daha sonra Donald Trampın Petronu “qanunsuz narkotik lideri” və “dəli” adlandırması gərginliyi daha da artırıb.

Azərbaycanda heyvan bazarları bağlanır - Rəsmi

Oktyabrın 25-dən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq. Sozcu.az xəbər verir ki, bu barədə Baku.ws-in sorğusuna cavab olaraq AQTA-dan bildirilib. Qeyd edilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır. “Qeyd edək ki, respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər”. Bildirilib ki, epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir: “Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər. Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq”, - deyə məlumatda vurğulanıb. (Mənbə: baku.ws)

Ukrayna Azərbaycanla razılığa gəlib - ZELENSKİ

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Azərbaycandan qaz tədarükü ilə bağlı ilkin razılığa gəldiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, o, bu barədə bazar günü jurnalistlərlə söhbəti zamanı məlumat verib. Zelenskinin sözlərinə görə, söhbət təbii qazın mümkün çatışmazlığı halında həyata keçirilə biləcək tədarükdən gedir. Prezident bildirib ki, Kiyev ümumi dəyəri təxminən 2 milyard dollar olan qaz təchizatı üçün danışıqları təmin edib və artıq bəzi maliyyə tranşları tapılıb. “Baş nazir Yuliya Sviridenko Slovakiya ilə müsbət razılaşmalara nail olub. Sviridenko və energetika naziri Svetlana Qrinçuk ABŞ-da da enerji şirkətləri ilə danışıqlar aparıblar. Biz haradan təxminən 2 milyard dollarlıq qaz ala biləcəyimizi bilirik, əgər buna ehtiyac yaranarsa,” – Zelenski deyib. Dövlət başçısı əlavə edib ki, Norveç Ukraynaya 100 milyon dollar məbləğində qrant ayırıb və gələn ilin yanvarında daha bir tranş planlaşdırılır. Oxşar maliyyə yardımlarının digər ölkələr tərəfindən də təqdim ediləcəyi gözlənilir. “ABŞ-dan maye təbii qaz (SPG) ilə bağlı razılaşma var, ehtiyac yaranarsa, qaz Polşa terminalı vasitəsilə gətiriləcək. Əlavə qaz Yunanıstandan da ala bilərik. Bu barədə baş nazir Kiriakos Mitsotakis ilə razılığa gəlmişik. Digər ölkələrlə də anlayış var. Azərbaycanla da bu istiqamətdə razılaşma əldə olunub,” – Zelenski vurğulayıb. Prezidentin sözlərinə görə, Ukrayna hökuməti müxtəlif mənbələr hesabına enerji təhlükəsizliyini təmin etməyə çalışır və Azərbaycanın bu prosesdə mühüm tərəfdaşlardan biri kimi nəzərdə tutulması Kiyevin enerji diversifikasiyası siyasətinə uyğundur.

Mehdiyevin yanında o qalır, bazarlığı da mən edirəm...

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib. Sozcu.az xəbər verir ki, Ramiz Mehdiyevin Qənbər adlı mühafizəçisi Unikal-a açıqlamasında onun hazırda özünü yaxşı hiss etdiyini bildirib. "Səhhəti normaldır. Evdə xanımı ilə özü qalır. Oğlu və qızı da gəlib-getmirlər. Onlar öz evlərindədir. Ev üçün bazarlığı da mən edirəm", - deyə o qeyd edib. Xatırladaq ki, sabiq PA rəhbəri ev dustaqlığını məşhur "Avropa" otelinin yanında, Tiflis prospektindəki villasında çəkir.

Təbrizli milli fəal həbs edildi

Təbrizdə yaşayan milli fəal Kərim İsmayılzadə həbs edilərək həbsxanaya göndərilib. Sozcu.az xəbər verir ki, bununla bağlı insan haqları təşkilatları məlumat yayıb. Məlumata görə, o, oktyabrın 18-də Təbriz Prokurorluğunun 10-cu bölməsinə çağırıldıqdan sonra saxlanılıb. Fəal yalan məlumatlar yaymaqla ictimai rəyi təhrik etməkdə ittiham olunur. Qeyd edək ki, İsmayılzadə bundan əvvəl də dinc fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.

Xaçmazdakı qətllə bağlı cinayət işi açıldı

Xaçmazda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Xaçmaz rayon prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, oktyabrın 19-da saat 19 radələrində Xaçmaz rayonu ərazisində 1981-ci il təvəllüdlü Emin Cəlilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1988-ci il təvəllüdlü Rafiq Həbibovun tüfəngdən atəş açaraq Emin Cəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rafiq Həbibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Almaniya ABŞ-dan daha 15 ədəd F-35 alır

Almaniya ABŞ-dan əlavə 15 ədəd F-35 qırıcı təyyarəsi almağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” etibarlı mənbəyə istinadla məlumat yayıb. Məlumata görə, təyyarələrin təxmini dəyəri 2,5 milyard avro olacaq. Bildirilib ki, Almaniya artıq 85 ədəd köhnə “Tornado” qırıcılarının əvəzlənməsi üçün 35 ədəd F-35 təyyarəsi sifariş verib.

Bakıdakı qəzaların yarıdan çoxu piyadavurmadır

Bu il ilin 9 ayı ərzində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri respublika üzrə ümumi yol qəzalarının 39,1 faizini, Bakı şəhəri üzrə isə 59.6 faizini təşkil edib. Bu barədə Sozcu.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, bu göstəricilərin formalaşmasında piyada məsuliyyətsizliyi az rol oynamayıb: "Təəssüf ki, piyadaların məhz piyada keçidlərin yaxınlığında vurulması yol hərəkəti prosesində şəxsi məsuliyyət məsələsinin aktuallığını yenidən gündəmə gətirir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onlardan yolu nəzərdə tutulmuş yerlərdən keçməyi, sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi, qəflətən avtomobil yoluna çıxmamağı xahiş edir. Əziz piyadalar! Unutmayın, sizin həyat və sağlamlığınız özünüz, doğmalarınız və cəmiyyətimiz üçün çox dəyərlidir!".