“Xuzistan etirazlarını yaxından izləyir, İran xalqının etiraz haqqına dəstək veririk”- Amerika rəsmisi

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İranın Xuzistan əyalətində susuzluğa qarşı başlanan xalq etirazlarına və rejim qüvvələrinin etirazçılara güllə atmasına münasibət bildirib.

İyulun 21-də jurnalistlərə açıqlama verən Prays deyib ki, Vaşinqton İran xalqının sərbəst toplaşma, dinc etirazlara qatılma, söz və ifadə azadlığı ilə bağlı hüququna dəstək verir.

“Amerika hökuməti İranın Xuzistan əyalətində cərəyan edən olayları yaxından izləyir və tam diqqət mərkəzində saxlayır.

Hesab edirik ki, iranlılar da dünyanın digər xalqları kimi hüquq mühafizə qüvvələrinin zorakılığından qorxmadan və ölkədə aparılan özbaşına həbslərdən vahiməyə düşmədən özlrinin bu haqqından istifadə edə bilməlidir”, -deyə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays dünən jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, İranın Xuzistan əyalətində bir həftə əvvəldən susuzluğa qarşı başlanan xalq etirazları davam edir. Etirazlarda bu günə qədər ən azı 7 gənc aksiyaçı rejim qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində həlak olub, onlarla nəfər yaralanıb, yüzlərlə insan həbs edilib.

Son günlər isə paytaxt Tehranda və ölkənin digər şəhər və bölgələrində Xuzistan etirazçılarına dəstək məqsədilə müxtəlif aksiyaların keçirilməsi mövcud qəddar və totalitar rejimin vahiməsinə gətirib çıxarıb.

Facebook Comments