Urmulu gənc siyasi məhbuslara görə İran hökumətini tənqid etdi: “Türkçə rəsmi dil olarsa, səs verəcəyik”-VİDEO

İranda prezident seçkiləri ilə bağlı rəyi soruşulan urmulu gənc milyonlarla Azərbaycan türkünün istəyini dilə gətirib.

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində quraşdırılan “azad tribun”da urmulu gənc siyasi məhbuslar məsələsini gündəmə gətirib.

Urmulu gənc İran hökumətinin Güney Azərbaycanın milli-mədəni fəallarına qarşı siyasətini tənqid edib.

O, İran rejiminin xalqların milli hüquqları və ana dilində təhsil ilə bağlı konstitusiyanın 15-ci və 19-cu maddələrinə əməl etmməməkdə günahlandırıb.

“Biz ona görə şəhid verməmişik ki, 40 il ən ibtidai insani hüquqlarımızdan məhrum olaq. 40 ildir konstitusiyanın 15-ci və 19-cu maddələrindən danışırlar. Hər bir xalqın öz ana dilində təhsil almaq hüququ var. mənim ana dilim hanı?”-gənc belə deyib.

Güney Azərbaycanın milli-mədəni fəallarının hökumət tərəfindən ağır həbslərə məhkum edilməsinə toxunan gənc çıxışını bu sözlərlə bitirib: “Mən siyasi məhbuslarımızın azad olunduğu zaman səs verəcəyəm. Abbas Lisaniyə 15 il həbs cəzası veriblər. O indi həbsxanadadır. Bir sıra fəallarımıza isə 8 il, 10 həbs cəzası verilib. Onların azad olunduğu halda səs verə bilərik”.

Facebook Comments