“Ermənistan Azərbaycana saxta mina xəritəsi versə…“ – Polkovnikdən açıqlama

Azərbaycanın Ağdamda basdırılan minaların xəritəsi müqabilində 15 erməni diversantı düşmənə geri verməsi cəmiyyətdə müzakirələrə yol açıb. Bəzi şəxslər Ermənistanın saxta xəritə verməsindən ehtiyatlanaraq Azərbaycanın xəritəni yoxladıqdan sonra erməniləri qaytarmalı olduğu fikrini müdəfiə edir.

Məsələni Yenisabah.az-a şərh edən ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl isə Ermənistanın saxta xəritə verəcəyini ehtimal etmədiyini bildirib:

“Bunu edə bilməzlər, çünki perspektivdə onların hələ dəyişəcəyi, güzəşt edəcəyi çox şey var. Diversantlar hələ bitməyib, həmçinin onlar saxta xəritə verməklə beynəlxalq aləmdə biabır olacaqlarını da bilirlər. Bu yola əl atsalar, minaların xəritəsini verib erməni əsirləri geri alma məsələsi də tamamilə dayandırıla bilər. Ona görə də bu ehtimal azdır, hətta sonuncu versiyadır. Amma biz əvvəlki şərhlərdə də bildirmişik ki, əldə etdiyimiz bütövlükdə həqiqəti əks etdirməyən xəritə də ola bilər. Ümumilikdə, onun qismən, yoxsa tam həqiqəti əks etdirən xəritə olub-olmamasını biz iş prosesində-mina axtaran zaman müəyyənləşdirə biləcəyik. Bu məsələlər praktik şəkildə həll olunur. Bizim itirəcək heç bir şeyimiz olmadığına görə onların risk edəcəyini fikirləşmirəm. Biz onsuz da minanı gec-tez tapacağıq, amma dediyim kimi, onlar əsirləri almaya bilər”.

Təhlükəsizlik məsələləri üzrə ekspert 10 noyabrdan sonra ermənilərin Kəlbəcər, Laçın və Ağdamdan çıxarkən xəritə tərtib etmədən də həmin əraziləri minaladığını diqqətə çatdırıb:

“97 min mina kifayət qədər böyük rəqəmdir. Ağdamda bəlkə də indiyədək o minaların müəyyən hissəsini tapıb zərərsizləşdirmişik. Əgər xəritə doğru olmasa, bizim növbəti iradlarımız olacaq və qarşı tərəf pis vəziyyətə düşəcək. Onlar 10 noyabrdan sonra Ağdam, Kəlbəcər və Laçından gedəndə xəritə tərtib etmədən də əraziləri minaladılar. Ermənistanın polkovniki həmin vaxt 17 maşın mina basdırdıqlarını dedi və onların qaçaqaçda xəritə tərtib etmələri heç də inandırıcı gəlmir. Ona görə də biz sonadək ehtiyatlı olmağa çalışmalıyıq. Çünki xəritədəkini tapmaqla iş bitməyəcək, düşmənimiz kifayət qədər məkrlidir”.

Həmsöhbətimiz vurğulayıb ki, xəritədə əks olunan ərazilərdən minalar tapsaq, qarşılıqlı etimad yarana bilər:

“Bu baş verməsə, iradlarımız beynəlxalq aləmdə düşmənin zərərinə işləyəcək”.

Facebook Comments