“Koçaryan elə zənn etməsin ki, 10 noyabr bəyanatı Azərbaycanın ürəyincədir”

Son vaxtlar “müharibə ola bilərmi” sualı bizim cəmiyyət arasında tez-tez səslənir. Buna da səbəb Ermənistanda baş verən hadisələrdir. Bu ölkədə hakimiyyət çevrilişi uğrunda cəhdlər dörd aya yaxındır davam edir və müxalifətin istefa çağırışları indiyədək heç bir nəticə verməsə də, fevral ayında generalların istefa tələbindən sonra vəziyyət daha kəskin xarakter almağa başladı. Düzdür, baş nazir bu dəfə də qalib kimi görsənir, amma təhlükə mövcud hakimiyyət üçün hələ sovuşmayıb. Dünən isə köhnə təhlükə bu dəfə təzə notlarla yenidən baş qaldırdı. Robert Koçaryan Rusiya KİV-ləri üçün geniş mətbuat konfransı keçirib, Kremlə və Ermənistan cəmiyyətinə açıq və sətiraltı mesajlar verdi.

Əvvəlki açıqlamalarında Koçaryan daha çox Paşinyan hakimiyyətini tənqid etmiş, amma vəziyyətdən çıxış yollarını göstərməmişdi. Bu dəfə perspektivdə hansı siyasətin aparılacağını, həm Ermənistanın, həm də Yuxarı Qarabağın gələcəyi ilə bağlı elə məqamlara toxundu ki, Azərbaycan bu mesajları mütləq diqqətə almalıdır.

Birincisi, nəzərə almaq lazımdır ki, Robert Koçaryan hakimiyyətə şəxsən özü can atır və istisnasız olaraq Rusiyanın köməyi ilə hakimiyyət olimpini ələ keçirmək istəyir. Məhz bu səbəbdən də mətbuat konfransı Rusiya KİV-ləri üçün rus dilində keçirilirdi. Koçaryan Rusiya qarşısında reveransları ilə bir daha Moskvaya, həm də daxildəki qüvvələrə bildirmək istədi ki, o istisnasız olaraq Rusiyanın adamıdır, həm də çox sadiqdir. Moskvanın xoşuna gəlmək üçün “ Soros ideyaları Ermənistanı məhvə aparır” deməklə Qərbə tərəf heç üz tutmayacağını da Kremlin qulaqlarına çatdırıb.

İkincisi, müxalifətin küçə yürüşləri, etiraz mitinqləri ilə istədiyinə çatmayan Koçaryan “hərbi çevriliçi” ehtiyat variantı kimi məqbul sayır və konfransda hərbi çevrilişin heç də zərərli olmadığını, bəzən həmin ölkələrə “dövlətçiliyi qaytardığını”, buna görə də ondan qorxmağın mənasız olduğunu vurğulayıb. Bununla da Koçaryan hərbiçiləri dolayısı yolla növbəti addım atmağa, həqiqi hərbi çevriliş edib, sonra hakimiyyəti mülki qüvvələrə verməyə işarə edib. Bunu erməni polittexnoloqları da şərhlərində vurğulayıblar.

Üçüncüsü, Koçaryanın Qarabağla əlaqədar verdiyi bəyanatlardır ki, bu ilk növbədə bizi maraqlandırmalı və narahat etməlidir. Koçaryan açıq şəkildə bildirdi ki, 10 noyabr razılaşması “ nöqtəsinə, vergülünə kimi” yenidən işlənməlidir. Əlavə edib ki, “bu razlaşmaya tərəflərdən biri narazıdırsa deməli müharibə qaçılmazdır”. Üstəlik, uyğun geopolitik vəziyyəti gözləməyin, bu müddətdə ordunu gücləndirməyin vacibliyini vurğulayan Koçaryan, məhz Azərbaycanın 27 il bu məqamı gözlədiyini, bu illərdə ordunu gücləndirdiyini nümunə kimi səsləndirib. “Qarabağın statusu ilə bağlı danışıqların hansı istiqamətdə gedəcəyinin çətinliyini” qeyd edən Koçaryan, “ədalətsiz sülhün uzun çəkməyəcəyini” və belə olduqda müharibənin qaçılmaz olduğunu vurğulayıb, hətta dünya təcrübəsindən sitatlar gətirib. Koçaryan bildirib ki, müharibənin nəticələri bir tərəfi razı salmırsa, o zaman “ yeni müharibəni gözlə”. Və ünvan olaraq konkret bizi göstərib: “Əgər Azərbaycanda hesab edəcəklərsə onlar Qarabağ problemini həll ediblər, o zaman bu əks effekt verəcək, baxmayaraq ki, indi üstün vəziyyətdədirlər.

Gördüyünüz kimi Ermənistanın ikinci prezidenti hakimiyyətə gəldiyi təqdirdə 10 noyabr bəyanatına yenidən və çox diqqətlə yanaşacağını bildirib. Əslində adı çəkilən bəyanata Azərbaycan həm düzəlişlər etməli, həm də bəzi müddəaların yerinə yetirilmədiyini qabartmalıdır. Koçaryan elə zənn etməsin ki, 10 noyabr bəyanatı Azərbaycanın ürəyincədir. Bu bəyanat hələ tam şəkildə yerinə yetirilmədiyindən, həm də əsasən Azərbaycanın maraqlarının əks etdirən bəndlərin işləməməsindən biz narahat olmalıyıq. Koçaryan isə bəyanatda olmayan “status” məsələsindən danışır və Minsk Qrupunun fəaliyyətə başlayacağının vacibliyini qeyd edir.

Deyə bilərsiniz ki, Koçaryanın dedikləri hakimiyyətə gəlmək üçün Rusiya və daxilə hesablanmış mesajlardır, amma indiki reallıqda hakimiyyətə gəlmək şansı azdır. Məsələ burasındadır ki, Koçaryan yox, onu hakimiyyətə gətirmək istəyən Rusiya bu perspektiv planların içərisindədir. Amma, Rusiyanın da Koçaryanla bağlı problemləri var- Ermənistan cəmiyyəti, politoloqları korrupsiyanı idarəetmə metodu kimi tətbiq edəni, Ermənistanı Rusiyanın vassalına çevirəni və bir jurnalistin yazdığı kimi “ Putinin pudelini” ( it cinsinin adı) bir daha hakimiyyətdə görmək istəmirlər.

Rusiyanın növbəti beş ildə düşməni silahlandıracağı və erməni ordusunun yenidən formalaşdıracağı indidən görünür. İki gün əvvəl birgə hərbi təlimlər də keçiriblər. Hakimiyyətə gətirdiyi şəxsi möhkəmləndirmək üçün məhz Qarabağ kartından istifadə edəcəyi tamamilə mümkün variantdır. Ona görə, biz işimizi sərrast tutmalı, düşmənin bütün cəhdlərini diqqətlə izləməli və adekvat fəaliyyətimizlə zamanında qabaqlayıcı tədbirlər görməliyik.

İlham İsmayıl

Facebook Comments