“Zırrana-zırrana” gəzən anaların, “mallanan” qızları

Elşən Əlisoy

Həyası olmayanın imanı yoxdur. (İmam Cəfər Sadiq)

Son zamanlar bəzi azyaşlı qızların narkomaniyanı təbliğ edən, bayağı küçə mahnılarına meyillənməsi ölkənin çox ciddi bir uçurumun qırağında olduğundan xəbər verir. Bəzi valideyinlər sanki övladlarını zəmanənin qayalıqlarına çırpılan qorxunc dalğaların qoynuna atdıqlarından bixəbərdirlər. Bu gün “zırranan” qızlarının, gələcəyin “mallanan” anasına dönəcəyindən narahat deyillər. “Zırranan”, “mallanan” qızların isə sayları günü-gündən artmaqda davam edir.

İnsanlar arsızlaşır, ailə dəyərləri getdikcə aradan qalxır, yad və zərəli yaşam tərzi yavaş-yavaş və növbə ilə bizləri özünün ağuşuna almağa başlayır. İllər öncə ayıb bildiyimiz bir çox şeylər artıq bu gün yaxın ətrafımızda rahat şəkildə oturuşmağa başlayıb. Tədricən dəyişib, özümüzə yad, başqalarına da yamaq bir kütləyə dönürük. Hara gedir axırımız?

Günah cəmiyyətdədir, yoxsa ailədə?

Bu sual məni uzun müddətdir ki, düşündürür. Düşünürəm ki, ailə cəmiyyətin ayrılmaz hissəsi – hətta cəmiyyəti formalaşdıran ən böyük amildir. Pozulmuş ailələr artdıqca çürük cəmiyyət formalaşmağa başlayır. Nə etmək lazımdır? Lüt videoları yayılan qızlara qarşı olan qınaq, “zırranıram, fırlanıram” oxuyanların qarşısını aldımı? Xeyir, mən deyərdim ki, çoxlarının heç tükləri də tərpənmədi, əksinə, narkoman mahnılara oynayan “zırranan” qızların videoları daha da artdı. Və bu dəfə onların videolarını hansısa “mallanan” qadının doğduğu, “zırranan” gədələr yox, özləri çəkib yaydılar. Həm də daha ürəklə, hallana-hallana…

Bütün bu baş verən acınacaqlı vəziyyət bir başa valideyinlərin günahı və məsuliyyətsizliyidir. Bəzi valideyinlər övladlarının böyüdüyünü hiss etmir. İstər geyiminə, istərsə də yaşadıqları  həyyat tərzinə biganə yanaşır. “Uşaqdır” deyib yola verir. Bir çox insanın gözündə pozuğunluq olan davranışlar, bəzi valideyinlərin gözündə ərköyünlük kimi qəbul olunur. Bəli, valideyin məsuliyyətsizliyinin nəticəsidir ki, zibilliklərdə tapılan atılmış körpələrin  sayları günü-gündən artır.

Cənnət anaların ayaqları altındadır deyiblər. Bu günün “zırranan” qızları gələcəyin anası ola biləcəklərmi? Ümumiyyətlə bunu düşünürlərmi?

Unutmayaq, pozuğunluq ictimai bəladır. Pozuğunluq ən böyük yoluxucu xəstəlikdir. Nə borcumadır, deyib keçməyək. Bu ictimai xəstəliyin qarşısı alınmasa övladlarımız, əzizlərimiz günü-gündən artan bu küçə uşaqlarının “bərbəzəkli” həyat tərzinin qurbanlarına çevriləcəklər. Artıq uşağa, “ona qoşulma”,” bununla gəzmə”, “filankəsdən uzaq dur” demək olmur. Kimdən qoruyasan, hansından uzaq tutasan, mümkün deyil… Əvvəl oğulu güdürdün ki, ona -buna qoşulmasın, indi qızı güdürsən. Çox acınacaqlı vəziyyətə düşmüşük…

Ölkənin ziyalıları, savadlı insanları artıq həyacan təbili çalmalı, diqqəti dövlətimizin gələcəyi olan gənclərin formalaşmasına yönləndirməlidirlər. Bu gün gəncliyin düşdüyü  problem, hətta Qarabağ problemindən də, ciddi bir problemdir. Gənclər formalaşmasa Qarabağ azad ola bilməz. Günü-gündən artan  bu cür gəncliklə dövlət abad olmaz. Narkoman, Üzeyir Hacıbəyli ilə Üzeyir Mehdizadəni ayırd edə bilməyən gənclk “zırrana-zırrana” gələcək, “mallana-mallana”da gedəcək. Bunların yaratdıqları problemlemlər , verdikləri xeyirdən çox olacaq. Hardan, necə başlamağı bimirəm, bilənlər düşsünlər önə, cəmiyyətin müailəcəyə çox ciddi ehtiyacı var.

Qadının ən böyük vəzifəsi analıqdır (Mustafa Kamal Atatürk)
Ocaqdan ancaq işıq saçılmır. Yanğının iztirabları da alovla birlikdə çıxıb səpələnir. (Əbu Turxan)