Zibilliyə qərq olan Kür çayı sahilləri – FOTOLAR

Gürcüstana ilk dəfə gedərkən diqqətimi çəkən ilk şey Kür çayının Gürcüstan tərəfində olan hissəsi ilə Azərbaycan tərəfində olan hissəsinin fərqi oldu. Azərbaycanda zir-zibil içində itən Kür çayı sahilləri, sanki Gürcüstanda özünün azadlığa oxşayan nəsə bir ülvi görnüşünü özünə qaytarmışdı. Sanki Azərbaycanın Küründən kədər, Gürcüstanın Küründən sevinc, xoşbəxtlik yağırdı. O zaman vətənə verdiyimiz dəyərə görə utandım. həm də çox…

Dostlarla balıq tutmağa getmişdik. Daha doğrusu sosial şəbəkədə və televiziyada hər gün haqqında danışılan karonavirus vahiməsindən başımızı götürüb bir günlük uzaqlaşmaq istədik. Getdik və istirahət etmək istədiyimiz Kür çayı sahillərinin nadir ağaclarla dolu olan hissəsini  zibilliklər içində olmasını görüb çoz üzüldük. Kür çayının Kürdəmirin Mollakən kəndi yaxınlığında olan hissəsi demək olar ki, başdan ayağa zibilliyin içindədir. Təbiətin gözəl mənzərəsi insan əli ilə çirkləndirilib, bərbad bir hala salınıb. Ağacların arası içki butulkaları, sok qabları, hər tərəfə yayılmış müxtəlif cür tullantılarla dolub.

Nadir ağac növlərinin tən ortasında olan böyük bir zibilxananı görəndə isə gözlərimizə inanmaq istəmədik. Təbiətin qoynunda əməlli başlı böyük bir zibilxana yaradıblar. Həm də bu zibilxana avtomobillərlə daşınıb buraya atılıb və mütləqdir ki, bu sahəyə cavabdeh olan dövlət qurumları buna izn verir, ən yaxşı halda isə bu boyda biabırçılığa göz yumur.

Ekologiya vəTəbii Sərvətlər Nazirliyini qoyaq bir kənara, deyək ki, onlar görməyib və ya, əməkdalarının başları qazanclı işlərə, “ovçu güdməyə, “balıq tutan yaxalamağa”, suya tok atan, dərman tökən tutub bununla da özlərinə dolanışıq qurmağa qarşıb, yaxşı düz həmin zibilliyin yanında olan Mollakənd Mexaniki Suvarma İdarəsi hara baxır? Həmin ərazidə olan insanlar bu ərazinin Mollakənd Mexaniki Suvarma İdarəsinə məxsus olduğunu dedilər.  Suvarma idarəsinin su nasoslarından biri də zibilliklə cəmi 100 metr məsafədə yerləşir.

Hüquqi məsuliyyəti qoyaq bir kənara, axı insanın bir vətəndaş məsuliyyəti də var. Mexaniki Suvarma İdarəsinin rəhbərliyi zibilliyin düz yaxınlığında yerləşən su nasosunun təmiri adına yedikləri vəsaitlərin kiçik bir hissəsini ərazinin təmizliyinə sərf etsələr məncə ziyana düşməzlər. Necə deyərlər, yüz haram işlərinin içində bir xeyirli iş görməklə, bəlkə də qiyamətdə yanacaqları odun üstünə tökməyə 1 qab su qazana bilərlər, ancaq nə fayda…

Onu da qeyd edim ki, balıq tuta bilmədik, dedilər suya tez-tez tok buraxdıqlarına görə, çoxdandır ki, Kür çayı özü balığa həsrət qalıb.

P.S. Ümid edirəm ki, aidiyyəti qurumlar deyilənlərdən nəticə çıxardacaq.

Elşən Əlisoy

Facebook Comments