Zara Mqoyanın gəlişi ilə dünya dağılacaq ki…?

Elşən Əlisoy
Ağdamın işğalından 25 il ötdü… Allahdan şəhidlərimizə rəhmət diləməkdən başqa əlimizdən bir şey gəlmir. Bir tərəfdən də hər ay hansısa bir erməninin Bakıya gəlib rahat şəkildə gəzməsini, hətta keçmiş qonşuları ilə qol -boyun olub, uzun illərin həsrətləri kimi bir-birlərinə sarıldıqlarının şahidi oluruq. Susuruq… Əlimzdən ancaq şəhidlərimizə rəhmət oxumaq gəlir. Dərk edə bilmirik ki, onsuz da şəhidlərimiz Allahın rəhmətinə qovuşublar, rəhmət onlara yox, daha çox bizlərə lazımdır. Bəlkə də Tanrı sevdiklərinin bizi kimilərlə bir yerdə yaşamalarına razı olmadığı üçün, bizim yanımızdan alıb, dərgahına -yanına aparıb.

İndi də keçmiş kürəkən Emin Ağalarov Bakıda konsert vermək, həm də erməni əsilli Zara Mqoyanla Azərbaycanda, şəhidlərin qanlarının hələ də qurumadığı torpaqda bir səhnəni bölüşmək həvəsinə düşüb. Yenə də əlimizdən feysbuk qəhramanı olmaqdan başqa bir iş gəlmir. Yenə hər kəs status yazacaq, monitor arxasında şirə-pələngə dönəcək. Ancaq bütün bunlara baxmayaraq Zara Mqoyan Bakıya gələcək də, istəsə oxuyacaq da… Hələ onu alqışlayanlar, gül çələngi bağışlayanlar da olacaq. Bundan öncə Azərbaycana gələn ermənilərə göstərilən hörmət -izzət də sərgilənəcək. Meydana çıxan isə Akif Nağı və QAT olacaq, o da beş-üç nəfərlə… Əvəzində hamımız feysbukda status yazacaq, şirə- pələngə dönəcəyik.

“Ermənilər Bakıya gəlir” deyib əsəbləşən zaman, özümüzə sual veririkmi ermənilər Bakıdan getmişdilər ki?!!! Azərbaycan hakimiyyətində oturanların əksəriyyətinin arvadları, anaları erməni deyillərmi? Biz ermənilərin Azərbaycanda ev sahibi olmalarına dözüb, qohumlarının qonaq gəlmələrinəmi etiraz edirik…?

Erməni idmançılarının Azərbaycana gəlişi zamanı etdiyimiz etiraza görə Azərbaycan polisinin sifətimə vurduğu yumuruq zərbəsini hələ də unuda bilmirəm… Erməniyə mühafizəçilik edən polis birimizin qardaşımız, birimizin atamız, birimizin əmimiz və ya yaxın qohumlarımız deyilmi? Zara Mqoyan gələcək və ona etiraz edənlər də Azərbaycan polisi tərəfindən döyüləcək, Azərbaycan məhkəmələri tərəfindən də ən azı “sutka”lığa atılacaq. Hətta Zara Mqoyanın gəlişinə etiraz olaraq hansısa bir aksiyanın keçirilməsinə çağırılış edilsə belə, feysbukda şirə dönənlərin əksəriyyəti orda olmayacaq. Yenə də meydanda tənqid etdiyim Akif Nağı və beş-on nəfər fədakar adam olacaq, vəssalam …

Unutmayın, ermənilər Bakıda ən hündür villarda yaşayır, ən gözəl həyat sürürlər. Azərbaycanda yaşayan ermənilər bizim kimi çörək dərdi çəkmir, heç məmur özbaşınalığının qurbanları da deyillər. Məmurları idarə edən sovet dönəmində olduğu kimi yenə də erməni haxciyləridir. Erməni haxciyi yenə də vəzifə pillələrində yüksəlmək üçün Azərbaycan “kişisi” üçün vasitədir. Ermənilər Bakıdan getmişdilər ki…?

Özümüzü aldatmayaq, aprel döyüşləri zamanı “xain” elan edilib işgəncə ilə öldürülən zabitimizin, günahsız olduğunu biləndə susmağımızla biz hər şeyimizi itirmişik, bir Zara Mqoyanla nə olacaq ki…? Biz erməni kilsəsinə “Allah rizası” üçün qaz verib, qışın şaxtalı günlərində bizim qazımızı kəsənlərin hakimiyyəti altında yaşamağa vərdiş edən millətik…

Biz hər gün halımızdan narazı olan, ancaq rejimin seçkilərində “onbaşı”lıq,”yüzbaşlıq” edən, “karusel” edib müxalifətçiləri aldatdığımızla qürur duyan insanlarıq… Biz saxta seçkilərdə ermənini Bakıya gətirənlərin saxta protokollarına imza atan müəllimlər, həkimlər, şikəst olmuş ziyalılarıq, Zara Mqoyanın gəlişiylə dünya dağılacaq ki…?

Bunu yazmayacaqdım, sadəcə bir dostumun mesajla mənə ünvanladığı, “Salam Elşən bəy. Nə əcəb sizdən Zara Mqoyanın bakıda konsertə dəvət edilməsi ilə bağlı nəsə paylaşım etməmisiz?” kimi sualına cavab olaraq yazdım…

Nə bilim eeee vallah….