Zaqatalada gərginlik: Polis Müsavatın iclasına basqın etdi

Bu gün Zaqatalada Müsavat Partiyasının yerli təşkilatının iclas keçirməsinə polis imkan verməyib. Bu haqda “Basta”ya Müsavatın Zaqatala rayon təşkilatının sədri Saleh Soltanov məlumat verib.

Məlumatda bildirilir ki, əksəriyyəti zabitlərdən ibarət olan təqribən 20-yə yaxin polis işçisi iclasın keçiriləcəyi evin – Arif Hacılının ata evinin həyətinə daxil olub və iclasın keçirilməsinə imkan verməyib. İclasa gələn müsavatçılardan bir neçə nəfər, o cümlədən Mustafa Ağayev və Veysəl Ağayev polis maşınına mindirələrək aparılıb. Saxlanılanlar sonradan sərbəst buraxılıblar.

İclasda iştirak etmək üçün Bakıdan Zaqatalaya getmiş Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da təzyiqlə üzləşib. Gülağa Aslanlı bildirib ki, o iclasın keçiriləcəyi evə daxil olduqdan dərhal sonra evə bir neçə polis əməkdaşı gəlib.

“Əvvəlcə polis mayoru Aqşin Gülməmmədov dedi ki, icra hakimiyyətindən icazə almamısız, ona görə iclas keçirə bilməzsiz. Ona izah etdim ki, bu, partiyadaxili iclasdır və bunun üçün icazə almaq lazım deyil. O, dedi ki, iclası bir şərtlə keçirə bilərsiz ki, burada qiyama çağırışlar olmasın. Bildirdim ki, Müsavat qiyama qarşıdır və öz fəaliyyətini həmişə qanun çərçivəsində qurub. Amma bu vaxt məlum oldu ki, polis iclasa gələn müsavatçıları saxlayır, onlara təzyiq edir”.

Gülağa Aslanlı bildirib ki, polis müsavatçıların iclas keçirməyə israrlı olduqlarını görüncə yenidən həmlə edib.

“Bir neçə dəqiqə sonra həyətə 20-yə yaxın polis daxil oldu. Aralarında podpolkovnik rütbəsi olan polislər də vardı. Zaqatala polis rəisinin müavini Niyazi Məmmədov dedi ki, onlara şikayət daxil olduğu üçün iclasın keçirilməsinə imkan verilməyəcək. Ondan kimin və nədən şikayət etdiyini soruşduqda ,cavab verə bilmədi”.

Gülaga Aslanlı qeyd edib ki, indiyədək qurultaya hazırlıqla əlaqədar 45 rayonda iclaslar keçirilib və müxtəlif toplantılara polis müdaxiləsi olub: “Amma bu şəkildə açıq və kobud müdaxilə hələ olmamışdı. Bu, polisin siyasətə qanunsuz müdaxiləsidir və bu qanunsuzluqla bağlı hüquqi prosedurlara başlayacayıq”.

Saleh Soltanov bildirib ki, Zaqatalada polis gücləndirilmiş iş rejiminə keçib. Səhər saatlarından başlayaraq Meydan və Buzxana ərazisi polis postları qurulub. Arif Hacılının ata evinin ətrafında isə nömrəsiz avtomobillərdə mülki geyimli polis əməkdaşları “keşik” çəkirlər.

Basta