Zəlzələdən evi dağılan ailə dərdini kimə desin?- İcra başçısı eşitmir, FHN səhlənkarlıq edir

“Bu il baş verən zəlzələ mənim də yaşadığım evimi yararsız hala saldı. Cənab prezidentimizin zəlzələdən zərər çəkən evlərin yenidən qurulması və bərpası ilə bağlı verdiyi tapşırıq bizi çox sevindirsə də, çox təəssüf ki, bu sevincimiz elə ürəyimizdə də qaldı”

Bu sözləri Sozcu.az saytına Ağsu rayon sakini Xaləddin Həmidov deyib. 2 azyaşlı övladının olduğunu deyən Xaləddin Həmidov qeyd edib ki, evinin hər an uçmaq təhlükəsi olduğu üçün qardaşının evində yaşamağa məcbur qalıblar:

“2 az yaşlı övladım var. Onları güclə böyüdürəm. zəlzələnin qəzalı vəziyyətə saldığı evimizdə yaşamağa şərait olmadığına və evin hər an uça biləcəyinə görə, evimizdə yaşamağa qorxuruq. Zəlzələdən sonra qardaşımın evində yaşamağa məcbur olmuşuq. Onun da kiçik evi və böyük ailəsi var. Bu nə vaxta qədər çəkəcək?!

Xaləddin Həmidov bildirib ki, problemi ilə bağlı dəfələrlə İcra Hakimiyyətində olsa da, ona köməklik edən yoxdur. Hətta prezidentə və 1-ci vitse -prezidentə ünvanladığı məktublar da işə yaramır:

Prezidentimiz Ağsu sakinləri ilə görüşərkən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evlərlə də maraqlanıb, tapşırıqlar verib. Ancaq prezidentin tapşırıqları Ağsu rayonunda icra olunmur. Ağsu rayonunun icra başısı Ənvər Seyidəliyev insanları aldadaraq yola verməklə məşğuldur. Komisiya üzvləri evimizə gəlib bu evdə yaşamağın mümkün olmadığını özləri dedilər və tezliklə evimizin bərpa olunacağını bildirdilər. Ancaq 4 aydan artıq vaxt keçməsinə baxmayaraq bizimlə maraqlanan olmadı. Bununla bağlı prezident İlham Əliyev cənablarına və 1-ci vitse -prezident Mehriban Xanım Əliyevaya məktubla müraciət etsəm də,  müraciətimə baxan olmadı.

Bir daha prezident İlham Əliyevdən xahiş edirəm bizə kömək etsin. Ağsu rayonunda məmurlar sakinlərin problemlərinə kefləri necə istəyir o cür yanaşırlar. Kimin ki, “adamı” var, evi tikilir, kimin yoxdursa mənim kimi idarələrin qapısında gəzə-gəzə qalır.

Elşən Əlisoy