Yıldırımın “seçki murdarlandı” bəyanatına İmamoğludan sərrast cavab:”Özün ildırım sürəti ilə “3870 səslə seçkini qazandım” demədinmi?”

AKP-li namizəd Binəli Yıldırımın bugünkü brifinqdə “İstanbuldakı seçkilər murdar oldu” bəyanatına qarşı tərəfdən – CHP-li Əkrəm İmamoğlundan cavab gecikməyib.

Sozcu.az xəbər verir ki, hələlik rəsmi təsdiqlənməyən seçkinin nəticələrinə görə qalib olan Əkrəm İmamoğlu az əvvəl mətbuat konfransı keçirərək, Binəli Yıldırımın istər seçkiyə, istərsə də şəxsinə yönəlik iddialarını cavablandırıb.

O qeyd edib ki, İstanbuldakı seçki ilə bağlı yaranmış qeyri-müəyyən durum Türkiyə iqtisadiyyatına da ciddi təsir göstərməkdədir: “Türkiyəyə sərmayə axını demək olar dayanma nöqtəsinə çatıb. Yəni iqtisadiyyatımızda bu qədər pis vəziyyət yaranıb. Hətta sərmayə axınının tərsinə getdiyini də görmək mümkündür.

Son 2 ayda valyutamız 10 faiz dəyər itirib. Bu da bir çox məhsulların qiymətinin artmasına gətirib çıxarıb. İndi bunlar (AKP iqtidarını nəzərdə tutur-Red.) iqtisadi böhranı siyası böhran yaratmaqla bütövləşdirir, insanların başını bununla qatırlar. Onlar problemlərin həllində deyil, böhranı böhranla unutdurmaq istəyirlər. Baxın, son bir ildə işsizlərin sayı 1 milyon 259 min artıb. Ancaq onlar bunları deyil, mənasız savaşa diqqət ayırırlar. Diqqət edin, rəqibim Binəli Yıldırım az əvvəl 2 saatlıq mətbuat konfransı keçirdi, ortaya dəqiq sübut qoydumu? Mən onun danışdıqlarından bir şey anlamadım”.

YSK-nın səslərin bütövlükdə təkrar sayılmasına “yox” deməsini, yalnız Maltəpədəki bülletenlərin sayılacağı haqda qərarını müsbət qiymətləndirən və buna görə quruma təşəkkürünü bildirən Əkrəm imamoğlu bildirib ki, rəqibinin onu tələskənlikdə ittiham etməsi də yersizdir: “O, məni tələskənlikdə ittiham edir. Ancaq seçki axşamı, daha dəqiqi, saat 22 radələrində özü ildırım sürəti ilə “3 min 870 səslə seçkini mən qazandım” bəyanatını verdi. YSK-nın açıqlaması olmadan belə bir bəyanat tələskənlik deyildimi? İndi məni “Görməmişlik etdi” deyib ittiham edir. Allah eşqinə, seçkidən yarım gün sonra “İstanbulda könül bələdiyyəçiliyi qazandı”, – deyə afişaları mən vurdursaydım, görməmiş olardım. Nədir axı bu görməmişiklik?”.

Seçkidəki mübahisəli məsələləri bir-bir sadalayan və izah verən İmamoğlu AKP-nin hazırkı iddialarını uduzmaları ilə əlaqələndirib: “İndi ortaya atdıqları iddialar seçkini uduzduqdan sonra uyduruldu. Belə uydurma iddialarına, təəssüf ki, Böyükçəkməcədə bir sıra məmuru da qatıb, polisimizə də ayıb hərəkət ediblər. Bəli, bunlar cinayət və yaxud cinayət yaratma çabası göstərirlər”.

YSK-nın səslərin sayılması ilə bağlı son qərarından sonra Binəli Yıldırımın “seçki murdarlandı” bəyanatına gəldikdə isə, İmamoğlu bunu ali seçki qurumuna və hüquqa hörmətsizlik sayıb: “Cənab Yıldırımın seçkini murdar elan etməsi hüquqa hörmətsizlkdir, qazanmadığı seçkini murdar elan etmək cəhdidir. Bəs deyirdiniz “ağırbaşlı olmaq” gərəkdir?”.(Strateq.az)