Yeni “Qarabağ tribunası” yaradıldı

“Cəmiyyətin əksəriyyətinin bu ümummilli problemin həllinə istiqamətlənməsinə süni əngəllər mövcuddur”

“Qarabağ tribunası” ictimai-siyasi vətəndaş təşəbbüsü təsis olunub.

Bu barədə təsisçilər noyabrın 30-da açıqlama yayıb.

“Qarabağ tribunası” ictimai-siyasi vətəndaş təşəbbüsünü təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl, “Bakı Dirçəliş” Birliyinin sədri Abbasağa Məmmədov, siyasi icmalçılar Xəqani Cəfərli və Nəsimi Məmmədli təsis edib.

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün hərbi-siyasi baxımdan təhlükəli mərhələyə qədəm qoyduğunu qeyd edən təsisçilər bildiriblər ki, hazırda Ermənistan beynəlxalq ictimai rəydə öz hərbi qələbələrini siyasi-diplomatik gedişləri ilə möhkəmləndirmək istiqamətində uğurlu mövqeyə çıxıb. Demokratik cəmiyyət quruculuğu istiqamətində beynəlxalq təqdir qazanıb, Rusiyanı və Qərbi öz milli maraqları ilə hesablaşmağa sövq edib:

“Bu şəraitdən də istifadə edərək ərazilərimizdə məskunlaşma həyata keçirir, “xalqların sülhə hazırlanması” prosesindən yararlanır. Azərbaycan isə nüfuzlu beynəlxalq hesabatlarda “Qeyri-azad” ölkə kimi xarakterizə olunmaqda davam edir və bu, diplomatik danışıqlarda ölkəmizin mövqelərini kəskin sürətdə zəiflədir. Xalqımızın sosial-iqtisadi, hüquqi təminatı da getdikcə pisləşir və dövlət-vətəndaş münasibətlərində gərginlik artır. Cəmiyyətdə vətəndaş iştirakçılığının çərçivəsi tamamilə daraldılıb. Xüsusi ilə də Qarabağla bağlı müstəqil və müxalif təşəbbüslərin cəmiyyətdə sərbəst ifadə olunmasına ciddi əngəllər yaradılır. İqtidar Qarabağ problemi ilə bağlı bütün məsələləri öz inhisarında saxlamağa çalışır”.

“Qarabağ tribunası” diplomatik danışıqlarda Azərbaycanın maraqlarının ön planda ifadə edilmədiyini də vurğulayıb:

“Ermənistanın hücum diplomatiyasına, işğalçılıq siyasətinə, Rusiya rəsmilərinin əzici bəyanatlarına Azərbaycan hökumətinin zəif və adekvat olmayan münasibəti cəmiyyəti mənəvi aşınmaya məruz qoyur”.

Təşəbbüs Qrupu mövcud siyasi situasiyada ölkə müxalifətinin, vətəndaş cəmiyyətinin və ziyalıların da Qarabağ probleminin həllinə hər hansı formada müsbət təsirlərinin olmadığını qeyd edib:

“Cəmiyyətin əksəriyyətinin bu ümummilli problemin həllinə istiqamətlənməsinə süni əngəllər mövcuddur. Təəssüf ki, hələ də bu əngəllərin aşılması istiqamətində konseptual, etimadlı və prinsipial çalışmalar diqqət çəkmir”.

Qurum siyasi partiyaların, ictimai təşkilatların, ictimai-siyasi xadimlərin, ziyalıların və sosial şəbəkələrin rəy liderlərinin əksəriyyətin baxışlarını öyrənmək, ümumiləşdirərək müvafiq strategiyanın hazırlanmasını həyata keçirmək niyyətində olduğunu bildirib:

“Hesab edirik ki, Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Digər variantları qətiyyətlə rədd edirik. Öz fəaliyyətimizlə bu istiqamətdə mövcud olan neqativləri dəyişməyə cəhd edəcəyik. Qarabağ məsələsinin həlli naminə cəmiyyətdə müsbət mövqeyi olan hər kəslə əməkdaşlıq etməyə hazırıq”.

XATIRLATMA

Dağlıq Qarabağ münaqişəsi müasir mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in (ATƏM) Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədr dövlətləridir.

Sozcu.az