Yeni diplomatiya 26 illik hamamın 26 illik tası olmamalıdır…

İlham İsmayıl

Tovuz istiqamətindəki gərginlikdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan hərbçilərlə görüşüb və yaranmış vəziyyəti müzakirə edib. Müzakirə zamanı istər dövlət sərhədində, istərsə də Qarabağ cəbhəsində atəşkəs rejiminin pozulmasının qarşısını almaq üçün müxtəlif təkliflər irəli sürülüb. Hərbçiləri dinləyən Paşinyan sonda yaranmış vəziyyətin təkrar olunmaması üçün atəşkəs rejiminin etibarlı beynəlxalq sistemini yaratmağın vacibliyini vurğulayıb. Yəni, Paşinyanın təklifinin mahiyyəti bundan ibarət olub ki, atəşkəs rejimini pozan təşəbbüsçü tərəfi zamanında müəyyən edib, həmən tərəfə təzyiq etmək mexanizmini fikirləşmək lazımdır. Paşinyan tezliklə Minsk Qrupu ilə görüş keçirib bu məsələni gündəmə gətirməyi və guya son hadisələrdə də Azərbaycanın atəşkəsi pozduğunu sübut etməyi səsləndirib. Əlavə olaraq bu işin təsirliliyini artırmaq məqsədilə Minsk Qrupuna daxil olan ölkələrin ən azı xarici işlər nazirləri ilə görüş keçirməyin vacibliyini vurğulayıb.

Paşinyanın təklifi yenilik deyil. 2016-cı il aprel döyüşlərindən sonra da Vyanada və Sankt Peterburqda yüksək səviyyədə görüşlər keçirilmiş və Kaspışikin ofisinin genişləndirilməsi, atəkəsə nəzarət mexanizmini artırmaq üçün razılıq əldə edilmişdi. Amma, razılıq elə kağız üzərində də qaldı. Ermənistanın hər lokal döyüşlərdən sonra atəşkəs rejiminə beynəlxalq nəzarətin vacibliyini səsləndirməsi və bununla da uzana bildikcə uzanan sülh danışıqlarını davam etdirməklə Qarabağın işğalda qalmasının zaman məsafəsini uzatması onun xeyrinədir. Əslində 26 illik danışıqlar Paşinyandan əvvəl də düşmənin strateji xətti olub. Əlbəttə, problemin həll edilməməsi yalnız Ermənistanın deyil, başda Rusiya olmaqla həmsədr ölkələrin də marağındadır.

Tovuz hadisələrindən sonra çox güman ki, xarici işlər nazirlərinin Minsk Qrupu ilə birgə yenə bir video-konfransı olacaq və ya gərginliyin miqyasını nəzərə alıb üzbəüz “maskalı görüş”ün də reallaşması mümkündür. Və formatından asılı olmayaraq, təbii ki, atəşkəsə əməl olunması və benəlxalq nəzarət mexanizmi sisteminin də müzakirəsi aparılacaq. Qeyd etdiyimiz kimi Ermənistanı bu vəziyyət qane edir. İşğal edib, istədiyinə çatıb və rahat yaşamaq, qurub-yaratmaq və qondarma rejimini tanıtmaq onun arzu etdiyi vəziyyətdir. Onu hansısa şəkildə pozmaq istəmir, yəni atəşkəsə əməl olunması onun açıq xeyrinə, Azərbaycanın isə ziyanınadır. 26 illik nəticəsiz sülh danışıqları buna sübutdur və tez-tez də “münaqişənin həllinin hərb yolu yoxdur” deməsi, mövcud durumun onun xeyrinə olmasından irəli gəlir.
Atəşkəsin pozulmasına beynəlxalq nəzarət mexanizmi müzakirə olunanda Azərbaycanın şərtləri olmalıdır. Birinci şərt, sülh danışıqlarına vaxt qoymaqdır. Konkret vaxt irəli sürüb, tezliklə sənəd ortaya qoyulmalıdır. İkinci şərt, müzakirə olnacaq sənədin birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında hazırlanması olmalıdır. Üçüncü şərt, sənəd hazırlandığı müddətdə paralel olaraq məskunlaşmaya nəzarət mexanizminin yaradılması olmalı və pozulduğu halda atəşkəs rejiminə zəmanət verilməyəcəyi bildirilməlidir. Sənəddə həll yollarının zaman müddəti Madrid prinsiplərindəki kimi uzun vadəli olmamalıdır. Qeyd etdiyimiz kimi ən böyük şərtimiz zamanla bağlı olmalıdır. Üstəlik, effekti omayan mərhələli həll yoluna da yenidən baxmaq lazımdır. 3+2-lər, 5+2-lər baş aldatmaq və tələyə salmaqdan başqa bir şey deyil. Diplomatiya hücuma keçməli və şərtlərini qəbul etdirməyə çalışmalıdır. Yeni diplomatiya da yumşaq başlasa.., olacaq 26 illik hamamın 26 illik tası.
Hücum diplomatiyası keçmiş siyasətdən tamamilə fərqlənməlidir. Diplomatiyanın yeni rəhbəri həm öz imicini, həm də Azərbaycanın danışıqlarda fərqli baxışını formalaşdırmaq üçün məhz hücum diplomatiyasını, sərt dili seçməlidir. Bəzən standartdan kənara çıxmaq uğurla nəticələnir və biz bunu dünya diplomatiya tarixində çox görmüşük. Hətta BMT tribunasında ayaqqabısını çıxarıb kürsüyə çırpana kimi. Üzü-üzlər görmüş vasitəçilərin şirin və hiyləgər dilləri maksimum çalışacaq ki, hər şeyi köhnə qayda ilə davam etdirib ildə iki-ya üç görüşlə işlərini bitmiş hesab etsinlər. Onlar bitmiş hesab edə bilərlər, əsas odur ki, işğala məruz qalmış ölkə kimi bizim işimiz bitməsin, ta o vaxta qədər ki, işğalın sonu gəlsin. Və bu vaxt uzana bilməz. Əks halda uzun müddətli Məmədyarov diplomatiyası ilə yeninin fərqi olmayacaq.moderator.az

Facebook Comments