Yazının adı – imam Əli!

Ilqar Kamil

Qızım lap balaca, lap balaca olanda gəlib xırda əllərini boynuma dolayar, nəfəsiylə qulağıma pıçıldıyardı: ay ta, mən sənin dəydindən sayı ölləm e. “Sənin dərdindən ölürəm” demək istəyirdi. İndi düşünürəm ki, əslində, zalımın qızı çaşıb maraqlı söz deyirmiş, kaş insanın gerçəkdən də seviləcək, əzizlənəcək qədər gözəl dərdi ola. Bəlkə, Tanrının da istədiyi elə budur?…

Məsələn, biz “canlı” deyəndə bura insan kimi, quş da, balıq da, canavar da, aslan da… bir sözlə, bütün canlılar daxil olur; nədən ki, “canlı” növdür. Bir də var sinfi-növ. Məsələn, quşun sinfi-növü nədir? Uçanlıq. “Uçan canlı” deyiləndə artıq bu, başqa canlılara aid ola bilmir, çünki “uçmaq” quşlara xas sinfi-növdür. Bəs balığın sinfi-növü nədir? Bəs canavarın, bəs insanın? İnsanınkı, Sokrat deyir, natiqlikdir. Yəni siz onu təqdim edəndə “danışan canlı” desəz, bu, insanı başqa bütün canlılardan ayıracaq.

Yadınızdasa, ağsaqqallarımızın dilini bəzəyən bir söz vardı:

“Əli yolu”. Əli yolu yəni Əli dəsti-xətti, yəni islamın Əli oxunuşu. Əli deyəndə, əlbəttə ki, bura bütün Əhli-beyt daxildir və mən əlimi ürəyimin üstünə qoyub iddia edirəm: Əli dəsti-xətti İslam dininin sinfi-növüdür; yəni islamı kamil bir din edən bu dəsti-xətdir. Yəni islamdan o dəsti xətti al, onun başqa dinlərdən elə bir ciddi fərqi olmayacaq. Elə bil ki, balıqdan üzməyi, quşdan uçmağı alırsan. İslam canlı olacaq, amma öz mahiyyətini, məğzini, hədəfini, xilas edənlik funksiyasını itirəcək. Necə ki itirib də!

Narahat olmayın, mən də filankəslər kimi ad, ünvan, kürsü davası eləmirəm, anlayıram, bu gün təzədən əsrlər əvvələ qayıtmağın, “bu niyə elə olmadı, belə oldu” deməyin, kimisə kürsüdən endirib digərini o kürsüyə oturtmağın heç bir faydası-mənası yoxdur. Əhli-beyti düzgün tanımışamsa, əminəm, heç onların da belə bir dərdi-səri olmaz, onların dərdi, qızımın dediyindəndir, gözəldir, göyçəkdir; onlar razıdılar, tutalım, heç adları da hallanmasın, müasir dillə desək, öz müəllif hüqquqlarından da keçirlər, yetər ki, bu dəsti-xətt, bu konsepsiya ayaq tutsun müsəlmanlar arasında, yaşasın, yaratsın, ölü islama yenidən can versin. Çünki, bir də deyirəm, məhz bu dəsti-xətdir İslamın sinfi-növü!

İndisə o dəsti-xətti xəritə kimi masamın üstünə sərir, baxdıqca baxıram: budur, Kufə şəhəri, avqustun ürəkyaxan isti günləridir. İmam bir xeyli böyük işlər görəndən sonra buyurur:

“Verdiyini (etdiyini) böyük hesab etmə, sən özün ondan çox böyüksən!”

Budur dediyim Əli yolu, Əli dəsti-xətti! Tezis: “İnsan etdiyi bütün yaxşı işlərdən böyükdür”. Bu dərinliyi idrak edən adam lovğalanarmı etdikləriylə? Yekələnərmi sahib olduqlarıyla? Pulu, sərvəti, vəzifəsi, şöhrəti, elmi, onu özündən çıxara bilərmi? Dəhşət həqiqətdir axı: sən, ay adam, bütün sahib olduqlarından böyüksən! Sən çox böyüksən! Bu nədir, bir-iki yaxşı sözə, beş-üç xeyirli işə görə yerə-göyə sığmırsan? Hədis bilirsiz nə deyir? Deyir, ayıbdır, belə xırda şeylərlə lovğalanıb özünə haqsızlıq eləmə, insan, sən əslində, çox böyüksən!

Bir əzizim var, elə xoşum gəlir, onun, etdiklərini sadalayıb tərifləyəndə, başını aşağı salıb asta səslə “xırda şeylərdi” deməsini… İnanıram da səmimiyyətinə, əminəm, nəyi düşünürsə, onu da deyir, aktyorluq eləmir. Tutalım, biz bəzən yazılarımıza “cızma-qara” deyəndə dostlar elə bilir, təvazökarlıq edirik. Yox, əzizim, axı gerçəkdən də elədir, başınızı qaldırıb bir dünyaya baxın: biz, insan olaraq, nə edə bilərdik, nə edirik, harda ola bilərdik, hardayıq…? Biz potensialını göz önünə gətirəndə özündən, Tanrısından utananlardanıq, abi!

Böyük şeylər danışdım, əslində isə kiçik şeylərlə də xoşbəxt ola bilən adamam mən, məsələn, deyirəm, kaş indi də qızım qaça-qaça gələ, xırda əllərini boynuma dolayıb, nəfəsiylə qulağıma pıçıldaya: ay ta, ay ta, mən sənin dərdindən sarı ölürəm. Mən də alam dizimin üstünə, qızıma Ondan danışam, Müəllifinin şah əsəri, Əmirəl-möminin, imam Əli ibn Əbutalibdən!

O Mövladan ki, onun bu hədisini mən ən ağrılı hallarımda korvalol əvəzi içirəm:

Elə güclü olacaqsan ki, heç kim, heç nə sakitliyini poza bilməsin!!!

O həzrətdən ki, deyir, ətrafımdakı insanların çoxluğu məni izzətləndirməz, və onların ətrafımdan dağılışması da məni qorxutmaz!

Salam olsun sənə,
dünyanın ən dərin Tənhası!

Facebook Comments