Yaxın Şərqdə təhlükəli presedent:Trampın qərarı torpaqları işğal altında olan ölkələr üçün xüsusi siqnaldır – TƏHLİL

Ərəstun Oruclu,

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri

Martın 25-də ABŞ prezidenti Donald Tramp 1967-ci ildən İsrailin işğal altında saxladığı və 1981-ci ildə İsrail parlamentinin (Knessetin) müvafiq qanun qəbul edərək, birtərəfli qaydada İsrail ərazisi kimi tanıdığı, əslində isə Suriyaya məxsus olan Colan Təpələrini İsrail ərazisi kimi tanımaq barədə sənəd imzalayıb.

Bu başdan qeyd edim ki, ABŞ prezidentinin ilk belə qanunsuz qərarı olmayan bu “tanıma” sürpriz deyildi, çünki Tramp və onun komanda üzvləri bu haqda artıq xeyli əvvəl dəfələrlə anons vermişdilər. Məsələnin həm qanunsuz, həm də ədalətsiz olmasını xüsusi vurğulamağa ehtiyac olmadığından, bu yazımda onun başqa aspektlərinə və mümkün nəticələrinə toxunmaq istərdim. Amma öncə ABŞ-ın qeyri-ordinar prezidentinin bir sıra eyni xarakterli qərarlarını da xatırlamaq burda tam yerinə düşərdi.

Bir qədər əvvəl D. Tramp özünü ölkə prezidenti elan eləmiş Venesuela Milli Assambleyasının başçısı Xuan Quaydonu da prezident kimi tanımışdı. Ondan əvvəl isə ABŞ prezidenti Fələstinlə bağlı beynəlxalq sazişlərə tam zidd olaraq Qüdsü (Yerusəlimi) İsrailin paytaxtı kimi tanıyaraq, ABŞ səfirliyinin ora köçürülməsinə də qərar vermişdi. Bundan əlavə, prezident İranla 6 aparıcı dövlətin imzaladığı İranın nüvə proqramına dair sazişdən ABŞ-ın birtərəfli qaydada çıxmasına qərar vermişdi.

Gördüyümüz kimi, prezident Tramp özünün, ilk növbədə, düşünülməmiş kimi görünən qərarları ilə dünyanın müxtəlif bölgələrində sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır. Amma zənnimcə, “düşünülməmiş kimi” dəyərləndirməsi heç də dəqiq olmadı. Odur ki, məsələnin arxa planına, onun görünən və ilk baxışdan görünməyən səbəblərinə diqqət yetirmək yerinə düşərdi.

Bunun üçün Trampın necə və hansı şəraitdə prezident seçilməsi ilə bağlı bir sıra detalları yenidən xatırlamalı olacağıq. Hələ o zaman ABŞ siyasətində onillər ərzində formalaşmış və oturuşmuş siyasi etiketi və korrektliyi ən ağlasığmaz davranışlarilə və ən kobud şəkildə pozan namizəd Trampa demokratik dünya liderləri öz neqativ münasibətini gizlətmirdilər. Lakin elə həmin dövrdə onu tam açıq da olmasa dəstəkləyən məhz İsrailin indiki baş naziri Benyamin Netanyahu idi ki, onun yaxın dostu və tərəfdaşı sayılan yəhudi əsilli Amerika milyarderi Natan Adelson da namizəd Trampın əsas sponsorlarından biri idi.

Netanyahu Tramp prezident seçildikdən sonra Vaşinqtona səfər edərək, hələ vəzifəsinin icrasına başlamayan yeni ABŞ prezidenti ilə görüşən ilk xarici dövlət və hökumət başçılarından idi. Amma iki şəxsin münasibətlərində ən maraqlı mərhələ Tramp səlahiyyətlərinin icrasına başlayandan həmən sonra baş verib. Yeni ABŞ prezidentinin İsrailin baş naziri ilə yaxın şəxsi münasibətlərdə olan kürəkəni Cared Kuşner Ağ Evə baş məsləhətçi, Ceyson Qrinblatt prezidentin müşaviri, beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndə və David Fridman isə ABŞ-ın İsraildəki səfiri təyin olunub.

Xatırladım ki, hər 3 şəxs İsrailə xüsusi yaxın münasibəti ilə seçilməklə yanaşı, həm də ABŞ-ın Trampı dəstəkləyən mühafizəkar yəhudi kəsiminə mənsubdur. Onları birləşdirən digər ümumi bir cəhət isə ixtisasca hüquqşünas olan hər üçünün bir gün də olsun siyasi fəaliyyətinin olmaması idi.

İş o yerə çatdı ki, bir qədər sonra ABŞ prezidentinin administrasiya rəhbəri (artıq keçmiş) Con Kelli prezident Trampın kürəkəni baş müşaviri Cared Kuşnerin “tam məxfi” məlumatlara çıxış imkanını məhdudlaşdıraraq, “məxfi” dərəcəsinə endirib. Təbii ki, onun İsrail rəhbərliyilə xüsusi yaxınlığına görə.

Prezident Trampın qərarlarına bu 3 şəxsin və onların təmsil etdiyi kəsimin təsirinin olmasını isə görməmək mümkün deyil. Məsələn, adətən üzə çıxmağa xüsusi həvəsli görünməyən Ceyson Qrinblatt Colan Təpələri ilə bağlı məlum sənədin imzalanması ərəfəsində Colanın İsrailin mövcudluğu üçün həyatı əhəmiyyət kəsb etdiyini bəyan edib. Devid Fridman isə öz bəyanatları ilə hətta israillilərin də böyük bir hissəsində ciddi qıcıq doğurur. Bu qıcığın səbəblərindən biri də onun İsrailin daxili işlərinə kobud müdaxilə edərək, baş nazir Netanyahunu açıq dəstəkləməsidir. Amma bütün bunlar necə deyərlər, aysberqin yalnız görünən hissəsidir.

Məsələni bir qədər də dərindən anlamaq üçün bəzi məqamları vurğulamağa ehtiyac var. Belə ki, ABŞ yəhudilərinin liberal hissəsi (sorğulara görə təxminən 80% qədəri) adətən Demokratlar partiyasına səs verir. Qalan mühafizəkar 20% isə respublikaçıların stabil elektoratı sayılır. Burdan belə qənaətə gəlmək olar ki, ABŞ-ın İsrailə yönəlik siyasətinə bu gün əsas təsir edən həm də mühafizəkar yəhudi kəsiminin nümayəndələridir ki, onlar da birmənalı olaraq İsrail siyasətində sağ radikal “Likud”u və onun indiki lideri Benyamin Netanyahunu dəstəkləyirlər.

Bunagörə də, həmin kəsimi narahat edən məqamlardan biri aprelin 9-da İsrail Knessetinə keçiriləcək seçkilər ərəfəsində Benyamin (Bibi) Netanyahunun və onun partiyasının reytinqinin ona müxalif olan mərkəzçi “Mavi və Ağ” koalisiya və onun lideri Benyamin (Benni) Qantsla müqayisədə daha aşağı olmasıdır.

Korrupsiya ittihamları ilə üz-üzə qalan Bibi seçkilərdə qalib gəlmək üçün hətta faşist yönümlü kimi tanınan “Otzma Yehudit”lə (Yəhudi gücü) koalisiyaya getməli oldu ki, bu da ənənəvi olaraq İsrailin daxili siyasətinə qarışmayan Amerika Yəhudi Komitəsi (AJC) və Amerika-İsrail İctimai Əlaqələr Komitəsi (AIPAC) kimi ABŞ lobbi təşkilatlarını da xüsusi bəyanat verməyə məcbur etdi.

Beləliklə, gördüyümüz kimi, istər ABŞ-dakı, istərsə də İsraildəki mühafizəkarlar baş nazir olaraq yenidən B. Netanyahunu görmək istəyirlər və məhz bu (amma tək bu yox) səbəbdən də Tramp administrasiyasına təsir edərək yuxarıda qeyd etdiyim qanunsuz qərarların qəbuluna nail olurlar. Dünənki qərarı isə Tramp Ağ Evdə Netanyahu ilə görüşü zamanı elan edib.

Mühafizəkarlar bir tərəfdən vaxtilə İsrailin işğal etmiş olduğu Fələstin və Suriya ərazilərinin ilhaqını faktiki olaraq leqallaşdırmağa çalışırlar, digər tərəfdən isə İsrail dövlətinin özünü mühafizəkar-dini modelə çəkirlər. Bu məsələdə təbii ki, onlar tək deyil və Tramp administrasiyasında bir neçə mühüm posta sahib olan “neokon” (yeni konservator) qruplaşması ilə sinxron fəaliyyət göstərirlər. Bu mənada, Trampın dünənki “tanıma” aktı ərəfəsində qruplaşma üzvlərindən olan dövlət katibi Mayk Pompeonun Yaxın Şərq ölkələrinə səfəri heç də təsadüfi deyildi.

Livana və Küveytə səfərinin ardınca İsrailə baş çəkən Pompeonun “Purim” yəhudi bayramı ərəfəsində verdiyi bəyanat da spontan sayılmamalıdır: “Bir xristian olaraq, mən inanıram ki, İlahim prezident Trampı yəhudi xalqını iranlılardan qorumaq üçün yollayıb”. Necə deyərlər, “no comment”.

Lakin burda bir incə məqam da var: Netanyahuya olan xüsusi münasibət və dəstəyin əks effekt verə biləcəyi də istisna deyil. Yuxarıda qeyd etdiyim kimi, israillilər ölkələrinin daxili siyasətinə müdaxiləni sevmirlər və bu, ABŞ-ın müdaxiləsinə də aiddir.

Bütün bu addımların bir məqsədi də bölgədəki ənənəvi tərəfdaşı və NATO müttəfiqi olmuş Türkiyə ilə münasibətlərinin əsaslı şəkildə soyumasından sonra ABŞ-ın Yaxın Şərqə öz təsirini artırmaq üçün Misir-İsrail-Səudiyyə Ərəbistanı hərbi-siyasi alyansı yatarmaq istəyi ola bilər ki, bu halda da həmin ölkələrin gücləndirilməsi zərurəti aktuallaşır. Digər bir məqsəd isə bununla Həması, Hezbollahı və son nəticədə də İranı münaqişəyə cəlb etməkdən ibarət ola bilər.

Amma Tramp administrasiyasının bu qərarları hər bir halda beynəlxalq hüquqa, müqavilələrə və dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə qarşı olmaqla yanaşı, həm də kifayət qədər ciddi presedentlər ola bilər:

1.Belə ki, bu gün ABŞ və Avropa tərəfindən Rusiyaya tətbiq olunan sanksiyaların əsas səbəbi kimi onun Ukraynanın ərazi bütövlüyünü pozması və Krımı ilhaq etməsi göstərilir. Trampın Colan Yüksəkliklərini İsrail ərazisi kimi tanıması isə hüquqi baxımdan Rusiyanın Krımı ilhaqından daha qanunsuz addımdır. Krımda ən azı yalandan da olsa referendum keçirilmişdi.

2. Bu qərarlar ərazi və xüsusilə də etnik-ərazi münaqişələri, işğal altında torpaqları olan ölkələr üçün xüsusi siqnaldır. O cümlədən də Azərbaycan üçün, çünki heç bir qanuna, ölkələrin suverenliyinə məhəl qoymayan ekssentrik (daha dəqiq desək, başıpozuq) hansısa prezidentin və ya onun ölkəsinin belə münaqişələrdən öz siyasi və geosiyasi məqsədləri üçün istifadə edərək nələrisə, kimlərisə “tanıya” biləcəyi istisna deyil.

3. Venesuela məsələsində Tramp administrasiyasının atdığı addım legitimlik problemi olan bir çox hökumət və dövlət başçılarını anti-Amerika düşərgəsinə sığınmağa sövq edəcək. Belə tendensiyalar isə artıq özünü göstərməkdədir.

4. Bu addımlar ABŞ-Avropa münasibətlərinə də öz neqativ töhfəsini verməkdədir. D. Tramp öz qərarını hələ elan etməmiş Avropa liderləri bunun qanunsuz olduğunu bildirdilər.

5. Onların ABŞ-ın daxili siyasətinə mənfi təsiri də qaçılmaz olacaq və demokratlarla respublikaçılar arasındakı uçurum bir qədər də dərinləşəcək.

6. Nəhayət, Tramp administrasiyasının son addımı ərəfəsində İran, İraq və Suriya Müdafiə nazirlərini Dəməşqdə keçirilən görüşü, bunun ardınca da Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Dəməşqə səfər edərək, Bəşər Əsədlə danışıqlar aparması da nəzərdən qaçmamalıdır. Suriya ərazisində öz hərbi-strateji infrastrukturunu qurmuş Rusiya və xüsusilə də İranın bütün bu məsələlərdən Yaxın Şərqdə öz mövqelərini gücləndirmək üçün istifadə etməyəcəyinə heç bir təminat yoxdur. Bu isə öz növbəsində Yaxın Şərq “barıt çəlləyinin” partlamasına qədər gedə bilər.(Strateq.az)

Sozcu.az