“Yastıqla çılpaq şəkillərini paylaşan qızlar insanlarda seksual hisslər yaradırlar…”

“Adam dəli olur, bu əndrabadi gəncləri haradan tapırlar, elə bil dünyanın axırıdır…”

“Həmişə fikirləşirəm, teleekranları zəbt edən bambılılara, savadsızlara, tərbiyəsizlərə, yaltaqlara, simasızlara, düşüklərə bu münbit şəraiti kimlər yaradıb?”

“Karantin günlərində evdə qaldığımızdan, Azərbaycan televiziyalarına baxmayanlar da başlarını qatmaq üçün kanalların düymələrini bir-biri ilə əvəz edirlər, baxmağa əməlli-başlı bir veriliş tapa bilmirlər”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında yazıçı Xeyrəddin Qoca deyib. Yazıçı efirlərimizdə dilimizi normal bilməyən aparıcıların “at oynatdığını” bildirib:

“Niyə belədir? Bizim televiziyaların eyibləri bütün xalqımızı narahat edir. Sosial mediada hər hansı bir eyibdən yazırsan, yüzlərlə neqativ rəy gəlir, insanlar onları narahat edən məsələlərdən söhbət açırlar. Karantin günlərində evdə qaldığımızdan, Azərbaycan televiziyalarına baxmayanlar da başlarını qatmaq üçün kanalların düymələrini bir-biri ilə əvəz edirlər, baxmağa əməlli-başlı bir veriliş tapa bilmirlər. Həmişəki kimi adi müğənnilərə (onlara müğənni demək olmaz!) “ulduz”, “tanınmış”, “məşhur” deyərək, onları “gözümüzə soxmaq” istəyirlər! Savadsız, şit, yüngül aparıcılar ekran mədəniyyətindən uzaqdırlar. Onlar Azərbaycan dilini bilmədiklərindən mənasız, məntiqsiz danışırlar. Ekrana kimi dəvət edirlərsə, onu tərifləməyə başlayırlar. Yəqin ki, bu təriflər üçün qonaqdan əvvəlcədən “qonorar” alırlar! Anlamırlar ki, xalqın gözü tərəzidir, yaxşını-pisi, sənətkarı, “piyadaları” bir-birindən seçə bilir. Bir neçə ay bundan əvvəl müğənnilər Rəşadla Rüfətin televiziyalara çıxmalarına qadağa qoymuşdular, indi hər ikisi yenə ekranlarda “meydan sulayırlar”. Bu, Azərbaycan tamaşaçılarına hörmətsizlik deyilmi? Elə müğənnilər var bir gündə beş televiziyada görünürlər. Tamaşaçılar eyni sifətləri görməkdən bezirlər! Yekə-yekə arvadlar mahnı oxuyan kimi sındıra-sındıra oynamağa başlayırlar. Adamın əti tökülür! Rəhmətlik Xan Şuşinskinin fikri yada düşür: “Adamdan soruşmazlar ki, səhnəyə (ekrana) oxumağa çıxmısan, yoxsa oynamağa?” Çünki belələrində sənətdən əsər-əlamət yoxdur, tamaşaçıları nə ilə cəlb etsinlər?

İnanın, ekran qarşısında oturanlar belə “müğənnilər”dən artıq iyrəniblər! Aparıçılar onlarla ancaq məişət söhbətləri aparır, sənət, sənətkarlıq məsələlərindən qətiyyən danışmırlar. Çünki özləri təsadüfi adamlardır, sənətdən, sənətkarlıqdan da başları çıxmır! Saqqallı, özlərini quldura oxşadanlar bütün ekranları doldurublar! Saqqal basmış, əli tüklü cavan oğlanlar əlcəksiz yemək bişirirlər! Adamın ürəyi ağzına gəlir! Hələ adını kişi qoyanlar qadın kimi uzun saçlarını yığıb, arxadan rezinlə bağlayaraq aparıcılıq edirlər! Ekranlar şit-şit, əttökən danışıqlarla doldurulur, qəhqəhələr, hırıltılar camaatı bezdirir! Təzə hoqqa çıxarıblar: Qadın müğənnilər ekranda qarınlarına yastıq bağlayırlar! Mən sosial mediada bunu yazdım, saysız-hesabsız rəy göndərib belələrinə söyüş yağdırdılar! Sonra da gördüm sosial mediada gənc qızlar üzr istəyirəm, lüt soyunub, qarınlarına yastıq bağlayaraq şəkillərini yayıblar! Yastıq isə bədənlərinin bəzi yerlərini bağlamadığından insanlarda seksual hisslər yaradır! Bu da televiziyalardan öyrəndikləri dərs! Adam dəli olur, bu əndrabadi gəncləri haradan tapırlar? Nə sənətləri var, nə adam kimi danışıqları, nə də davranışları! Elə bil, dünyanın axırıdır! Bir də görürsən vəzifəli bir şəxs cansıxıcı, yaltaqlana-yaltaqlana nə isə danışır, başqa kanalları çevirib üç-dörd qısametrajlı filmə baxıb qayıdırsan həmin kanala, baxırsan həmin vəzifəli şəxs hələ də danışır! Fikirləşə-fikirləşə qalırsan ki, niyə buna bu qədər ekran vaxtı ayırıblar? Deməli, ekranı doldurmaq üçün nə edəcəklərini bilmirlər!

Harada uşaq-muşaq var, necə deyərlər, “ağzı pendir kəsməyən” var, çıxarırlar ekrana, bizə əl yumağın qaydalarını “öyrədir”! Adam eyni sözləri gündə yüz dəfə eşidəndə qəzəbdən az qalır vurub televizoru sındırsın! Yəni biz bu qədər yaşamışıq, hələ əli necə yumağı bilmirik? Guya karonovirusla ciddi mübarizə aparılır! Ekranlarda xarici ölkələrdə yaşayan adi həkimlər də xalqa “yol göstərirlər”. Yenə tanınmış alimlər, həkimlər olsaydı, başa düşülərdi. Amerikada yaşamaq o adamlara haqq vermir ki, bu boyda xalqa dərs versinlər! Psixoloqlar da ekrandan düşmürlər ki, “ay psixoz olanlar çoxalacaq, panik-ataka artacaq, bizə müraciət edin”! Əliağa Vahid demişkən, bu “soxa-soxda” bunlar da pul qazanmaq istəyirlər! Çox lazımlı məsələləri televiziyalarda qaldıran yoxdur. Məsələn, gərək icazə verəydilər rayonda, kənddə evləri olan insanlar karantin dövründə Bakıdan çıxıb, öz kəndlərinə-kəsəklərinə gedib, karantindən sonra qayıdaydılar. Bakıda oturub “ürəyimiz partlayır” deməyəydilər. Əlbəttə, bu mənim subyektiv fikrimdir, bunu televiziyalarda söyləmək məcbur deyil. Demək istəyirəm, belə fikirilər söyləyib, operativ qərargaha kömək etmək olar. Televiziyalarımızda xarici repçilər, müğənnilər, tanınmış adamlar haqqında gənclər elə danışırlar ki, guya onlarla hər gün görüşürlər, dostdurlar, qardaşdırlar! Demək istəyirlər ki, guya bunların dünya mədəniyyətindən xəbərləri var, “baxın, görün, biz kimlərə qulaq asırıq!” deyə özlərini göstərməyə çalışırlar. Halbuki, öz böyük sənətkarlarımızı tanımırlar, çoxu heç adlarını da bilmir! Hər şeydən əvvəl televiziyalarda aristokratizm görünmür. Qadınlar hikkəli danışırlar, kişilər də “qədeşlər”kimi! Hələ aparıcıların eybəcər şəkildə ayaqlarını sallayıb divanın söykənəcək yerində oturmalarını demirəm! Bu ki, mədəniyyətsizlikdir! Bunlara deyən yoxdur, siz kimsiniz ki, xalq qarşısında özünüzü belə aparırsınız? Həmişə fikirləşirəm, teleekranları zəbt edən bambılılara, savadsızlara, tərbiyəsizlərə, yaltaqlara, simasızlara, düşüklərə bu münbit şəraiti kimlər yaradıb? Əlbəttə, televiziyalara rəhbərlik edən şəxslər. Niyə belədir?! Yəni bizim xalq televiziyalara çıxanlardan ibarətdir, yoxsa xalq elə onlara layiqdir?!”

Facebook Comments