“Yaralı olsam da müalicədən imtina edib döyüşə yollandım…” – FOTO

Vətən müharibəsində qəhrəmanlıq göstərərək yaralanan döyüşçülərimizdən biri də MAXE Ceyhun Ayağevdir. C.Ağayev 1986-cı ildə Bərdə rayonunun Divanlı kəndində anadan olub. 2005-ci ildə ordu sıralarına çağırılıb. Əsgəri xidmətini başa vurduqdan sonra isə Silahlı Qüvvələrimizin müddətdən artıq hərbi qulluqçusu kimi xidmətə başlayıb.

C.Ağayev öz döyüş yoluyla bağlı Moderator.az-a danışıb:

“Mən artıq 16 ildir ki, ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirəm. Qardaşım da hərbçidir və elə Vətən müharibəsində o, da iştirak edirdi. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda biz Ağdamda dörd yol deyilən ərazidəydik, orda xidmət edirəm. İxtisasca rabitəçi olsam da, özüm könüllü taktiki qrupa yazılıb döyüşə başladım.

Ceyhun elə döyüşə girdiyi ilk gün qəlpə yarası aldığını deyib:

“Biz ordan sentyabrın 29-da Ağdərə istiqmətində döyüşlərə qatıldıq. Tabordan seçilən 70 nəfər könüllülər idik. Həmin gecə ağır döyüşlər gedirdi. Qəfil yanımıza mərmi düşdü və hadisə nəticəsində qərargah rəisim kapitan Quliyev Hətəmxan qəhrəmancasına şəhid oldu, mən isə çiynimdəm, böyrümdən və burnumdan qəlpə yaraları aldım. Bununla yanaşı, qapalı kəllə-beyin travması aldım. Daha sonra məni ərazidən çıxarıb tibb məntəqəsinə və ordan da Bakıya hospitala gətirdilər”.

Qazimiz yaralansa da döyüşə davam etdiyini deyib:

“Oktyabrın 7-də isə hospitalda raport yazıb müalicədən imtina etdim və döyüşə yollandım. Noyabrın 1-də Suqovuşan kəndində yenidən kontuziya aldım, amma yenə döyüşdən çıxmadım. 10 noyabr qələbədən sonra mən yenidən hospitala qayıtdım”.

Hərbçimiz döyüş vaxtı imkan olduqca ailəsi ilə əlaqə saxladığını bildirib:

“Döyüş başlayandan sonra ailəmi Ağdam rayonundan maşına mindirib Bərdəyə atamgilə yola saldım. Çünki bu təhlükəsizlik baxımından çox vacib idi. Doğrusu, döyüşə girəndə həyat yoldaşıma zəng vurub halallaşmışdım və bir saat yarım sonra isə yaralandım. Daha sonra yaralandığımı qardaşımdan eşitmişdilər. Hospitalda özümə gəldikdən sonra zəng vurub dedim ki, yaxşıyam, yanıma gəlməyin”.

Ceyhun döyüşlərdəki xidmətinə görə medalla təltif edildiyi üçün ölkə başçısına təşəkkür edib:

“Vətən müharibəsində göstərdiyim xidmətlərə görə Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü” və “Vətən müharibəsi” medallarına layiq görülmüşəm. Buna görə ölkə başçımıza öz təşəkkürümü bildirirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Döyüşlərdə iştirak etdiyim üçün çox qürurluyam”.

Facebook Comments