Yalnız bir avtomobilin getdiyi kənd

Buduqda evlərin damı yoxdur, dörd tərəfi məzarlıqdır, yeganə avtomobil isə iki gündən bir işləyir

Tarixi Qafqaz Albaniyasına gedib çıxan Qubanın Buduq kəndi ağır günlərini yaşayır. Kənd sakinləri problemlərin üzündən bir-birinin ardınca evlərini qoyub gedir. Qayaların, dağların qoynuna sığınan bu qədim yaşayış yerinə Qubadan adicə yol da yoxdur.

Problemlərdən boğulan kənd

“Yol yoxdur” ifadəsi sözün birbaşa mənasında yazılıb. Qrızdəhnə kəndindən sonra sürücümüz Yaqub Həsənov 30 ildən çoxdur ona yoldaşlıq edən UAZ-ı ilə təpələrin üstünə şığıyır. Asfalt bitdi, bundan o tərəfə qayaların kənarı, dağların yamacı ilə getmək lazım gələcək. İrəlidə təxminən 15 km qalıb. Yaqub Həsənov “hələ çox gedəcəyik,” – deyir. UAZ hər metri geridə qoymaq üçün “qan-tər tökür”, bütün gücünü ortaya qoyur. Sürücü danışır ki, yolda qaldıqları az olmayıb, buna görə də hər gün maşının nazı ilə oynayır. Kənd camaatını Qubaya və geri daşıyan təkcə odur. Hamı onun köhnə maşınını ümidinə qalıb. Kəndə iki saat sonra çatırıq. Sürücü iki gün sonra geri qayıda biləcəyini deyir…

Kənddə o qədər problem var ki, “hansından başlayaq?” sualını cavablandırmaq çox çətin görünür. Qaz yoxdur, heç vaxt olmayıb. İnsanlar evini təzəklə qızdırır. İçməli su yoxdur. Dağların sinəsindəki bulaqlardan kəndə primitiv üsulla su xətti çəkməyə çalışıblar. Qışda hər yer donduğundan, iş lap çətinləşir. Qadınlar uzunqulaqla bulağa gedib, evə su gətirir. Kənddə olduğumuz müddətdə mobil telefon bircə dəfə də şəbəkəyə qoşulmadı. Hər üç mobil operatora müraciət eləyiblər, heç bir tədbir görülməyib. Məktəb yalnız ibtidai təhsil verir. İllər əvvəl natamam orta məktəb olub, sonra bağlayıblar. Kənddən gedənlərin əsas arqumentlərindən biri də uşaqlara lazımi təhsil verə bilməməkləridir. Sakinlər dördüncü sinifdən sonra uşaqları başqa kəndlərdəki qohumlarının yanına göndərir ki, təhsil yarımçıq qalmasın. Buduqda heç kim sosial yardım almır. Barmaqla sayılacaq qədər adam işləyir. Bir neçə nəfər təqaüd alır. Camaat əsasən heyvandarlıqla dolanmağa çalışır. Alınmır, çünki otlaq əraziləri, örüş yerlərini müxtəlif vəzifə adamları zəbt eləyib. Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun, “Sədərək” Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəylinin adını çəkirlər. İşıq xətləri köhnəlib, qışda xeyli qaranlıqda qalırlar. Tibb məntəqəsi yoxdur. Gecə kənddə kiminsə halı pisləşəndə xəstəni öz güclərinə həyatda saxlamağa çalışırlar. Bizə kəndin 1880-ci ildə xarici fotoqrafın çəkdiyi şəklini göstərirlər. Buduqda o vaxt təxminən 500 ev olub. İndi cəmi 28 təsərrüfat qalıb. Buduqlular Qubaya yaxın kəndlərə köçməyə çalışır…

“Yer qalmayıb, hamısını satıblar”

Kənd sakini Rüfəddin Cabbarovla qarşılaşırıq. Ürəyi doludur:

“Məni ən çox bu kənddən köçüb gedənlər narahat eləyir. Gözümü bu kənddə açmışam, babalarımın ruhu dolaşır burada. Bu günə qalmasına heyfim gəlir. Mənim 60 yaşım var, bundan sonra gedib aşağılarda harada yaşayım? O kəndlərin sakinlərindən biri gəlib yaşayırmı mənim vətənimdə? Mən heç qaz olmamasını problem saymıram. Su lazımdı. İşıq xəttimiz köhnədi. Külək əsən kimi qaranlıqda qalırıq. Yolumuz yoxdu. Novruz bayramı ərəfəsində bir həftəyə yaxın Quba ilə tamamilə əlaqə kəsildi. Siz hələ yaxşı vaxtda gəlmisiz. Mən Qubadan gələndə spidometrə baxmışam, cəmi 41 kilometr məsafədi. Qrızdəhnədən bəri yolu düzəltsələr, insanlar da qaçıb getməz. Şəxsən mənim anamı o vaxt həkimə çatdıra bilmədilər, cavankən rəhmətə getdi. Rük kəndində tibb məntəqəsi vardı, ora qaçırdıq, indi həmin yeri də bağlayıblar. Biz heyvandarlıqla dolanırıq. Torpaqları götürüb veriblər “Sədərək” adlı müəssisəyə. Bu torpaq Buduğun deyil? Uşağa deyirəm ki, heyvanı apar örüşə. Deyir, ata, hara aparım? Yer qalmayıb, hamısını satıblar. “Sədərək” 1800 qoyun saxlayır. Bizim heyvanlar isə ot tapmır”.

“Kənddə yaşamaq hərtərəfli çətindi”

Kənd sakinləri bizə Elman Məmmədovun evini nişan verir. Oğlu Hörmət ali təhsil alsa da, işsizdir. Elman Məmmədovu dinləyirik:

“Bu kənddə yaşamaq hərtərəfli çətindi. Suyu yox, yolu yox. Rayonla əlaqə olmur. İş yoxdu, hamı şəxsi təsərrüfatının ümidinə qalıb. Hər ailənin ayağında torpaq ərazisi var deyə, heç kimə sosial yardım vermirlər. Yüksəkkeyfiyyətli torpaq kimi yazıblar, guya ikinci kateqoriyadı. Amma yalnız biçinə yarayır. Gəlir gətirəcək torpaqlar deyil. Keçən il quraqlıq oldu, heç lazımınca ot da biçə bilmədik. Qazanc görmürük, amma sosial yardım almağa mane olur. İki-üç inəyi, iyirmi qoyunu olana da deyirlər ki, təsərrüfatın var, dolanırsan. Rayon mərkəzinə gedib-gələ bilmirik. İstər-istəməz işimiz düşür. Qubadan Buduğa gəlmək bir adama 12 manata başa gəlir. Evə gələn pulun çoxunu yola xərcləməli oluruq. Məktəb ibtidai təhsil verir. Mən uşaqları orda-burda oxutdurdum. İxtisas müəllimləri olmadı, bəzi siniflərdə uşaq çatmadı deyə, yuxarı sinifləri bağladılar. Oğlum kimya-biologoya müəllimi olmalıdı. İşə qəbul imtahanına gecikdi, gələn ilə qaldı. Ona görə icra hakimiyyətinə də getmişdim. Dedilər, baxarıq, CV versin. Verdik, xəbər yoxdur. O biri oğlum onuncu sinifdə oxuyur. Qızım evlidir, rayon mərkəzinə yaxın yerdə yaşayır. Oğlum da beş il onlarda qalıb oxudu. Bu ildən Xınalıqdakı internata qoymuşam. Qohum evində nə qədər saxlamaq olar? Kəndə qarşı laqeydlik var. İnsanlar şəraitlə barışmayıb köçürlər. On il əvvəl bu kənddə 50-60 ev var idi. Şəraitsizlikdən şəhər mərkəzinə yaxın yerlərə üz tuturlar”.

Diktofonu söndürsək də, Elman Məmmədovun sözü çoxdur. Deyir, buduqlular məktəbin dördillik olmasını özünə çox dərd eləyir:

“Bu il birinci sinfə on uşaq gedib. Yuxarı siniflərə imkan yaratsalar, camaat da geri qayıdar”.

Mərmər arzular

Evlərinin damı olmayan kənddə nadir ağaclar gözə dəyir. Qayalar öz qoynunda ağac bəsləmək istəmir. İnsanlar ümidini itirmir. Bəzi ağaclarda ildə bir neçə alma görünür. Bir az kartof əkirlər, sulaya bilmirlər. Bol yağış yağsa, məhsul da olur.

Kənddə camaat danışır ki, haradasa yaxınlıqda mərmər tapılıb, bir aya Türkiyə şirkəti işə başlayacaq. Kənddən cavanları işə götürəcəklərinə ümid eləyirlər.

Kəndin dörd bir tərəfi qəbirdir. Qədim yaşayış məskəninin gəlib-getmiş bütün keçmiş sakinlərini buralarda dəfn eləyiblər. Qəbirlərin arası ilə qoca qadın dolaşır. Etnegül Niftəliyeva təzək toplayır. Yaz Buduğa hələ bir az gec gələcək, evi qızdırmaq lazımdır. Etnegül nənə sağollaşanda deyir ki, saxlayan olsa, gedib aşağı kəndlərdə yaşayar…(Meydan tv)

Sozcu.az