“Yalaq” İlyasın zəmanəsi

Elşən Əlisoy

Havadan sanki od yağırdı. Günortanın istisi insanları evlərinə çəkilməyə məcbur etmişdi. Hər tərəfi sükut bürümüş, səhərin sərinliyində cəh-cəh vuran quşların da səsi eşidilmirdi.Ələkbər kişi bu istidə biçənəyində dünəndən yarımçıq qalmış kiçik bir sahənin otunu biçib təzəcə qurtarmış, yağış yağmamış biçilib qotmana vurulmuş otu qapısına daşımaq üçün kənddən traktor gətirmək üçün yola çıxmışdı.Onu bu istidə biçənəyə gəlib yarımçıq işini qurtarmağa, bu səhər radioda eşitdiyi güclü yağış yağacağı ilə bağlı xəbər olmuşdu.

Günün istisindən qorunmaq üçün yoldan biraz aralıda olan olan tək ağacın altında dayanan Ələkbər kişi, uzaqdan musiqi sədaları eşitdi. Uzaqda görünən qatı toz və musiqi səsi kəndə doğru maşın gəldiyindən xəbər verirdi. Ələkbər kişi maşına əl etmək üçün yolun kənarına yaxınlaşdı. Gələn bahalı maşını sürən, kənddə hamının “Yalaq” İlyas kimi tanıdığı icra nümayəndəsi “Qotur” İlyasın heç kimi bəyənməyən oğlu idi.

“Qotur” İlyas ikinci ləqəbini icra nümayəndəsi olandan sonra qazanmışdı. Vəzifəyə keçəndən sonra özündən vəzifəcə böyük adamların qarşısnda yalaqlanmağı, onsuz da hərəyə bir ləqəb qoymaq adəti olan kəndin baməzə adamlarının əlinə fürsət vermiş,onlar da “Qotur İlyasa” yeni bir ləqəb – “Yalaq” ləqəbi vermişdilər. İnsafla desək, icra nümayəndəsi bu ləqəbdən bir o qədər də inciməmişdi. Hər halda onun keçmişini unutduran “yalaq” ,“qotur”dan daha yaxşı idi…

Yalaq İlyasın oğlu, yolun kənarında dayanan Ələkbər kişini sanki görməyərək, yanından toz- duman qaldıraraq ötüb keçdi. Ələkbər kişinin əli havada qaldı. Zəmanə çox dəyişmişdi.
Ələkbər kişinin xəyalına rəhmətlik atasının illər qabaq ona tərəf baxdığı kəskin baxışları gəldi. Bığ yeri təzəcə tərləmişdi. Kəndin içindən evlərinə tərəf gedirdi. Fikirli olduğundan ya nədənsə yolun kənarında dayanıb söhbət edən kəndin ağsaqqallarına salam verməmişdi. Onlar da kəndin tanınmış kişilərindən olan Məşədi Qorxmaz kişinin oğlundan bunu gözləmədikləri üçün təəcüblənmişdiər. Bəxtindən atası da onu görmüş, evə gələndə ona salam verməyərək qınaq dolu baxışları ilə onu süzmüşdü. O zaman Ələkbər kişi dərsini götürmüş,bir daha elə bir hərəkətə yol verməmişdi. Ancaq indi başqa bir zaman idi… Həm də Yalaq İlyasın oğlu necə olmalı idi ki… Ələkbər kişi dərindən bir köks ötürərək dodağının altında “ ot kökü üstə bitər “ dedi.

Sovet vaxtı Qotur İlyas “Drujinik” işləyirdi. Onun əlindən heç kim bir iş görə bilmirdi. Hər nə olurdusa milisə xəbər verir, onları kəndə tökürdü. Məhərrəmlik aylarında kənddə matəm keçirən adamların bircə istəyi o olurdu ki, bundan Qotur İlyasın xəbəri olmasın. Xəbəri olan kimi, o saat hökümət adamlarını kəndə tökərək məclis keçirən adamı sovet ideologiyasına xor baxdığı, Leninin “işıqlı yolunu” qoyub mövhümatçılığı təbliğ etdiyi üçün həftələrlə get-gələ salaraq, axırda da bir az pulunu aldırırdı. Buna görə də kənddə ona salam verən də yox idi. Sovet höküməti dağıldıqdan sonra Qotur İlyas libasını dəyişərək xalça alverinə keçmişdi. İrandan ucuz xalçaları alıb gətirir, onları o zaman çox adamın əsil qiymətini bilmədiyi qədim xalçlarla dəyişərək , ölkəyə yenicə ayaq açmış əcnəbilərə satırdı. Ermənilərin Azərbaycanlıları öz yurdlarından qovduqları zaman kəndin cavanları könüllü olaraq hərbi komissarlığa gedib döyüşə can atdıqları vaxtlarda, Qotur İlyas fərarilik edərək Rusiyaya qaçmışdı. Cəbhəçilərin hakimiyəti yıxıldıqdan və torpaqlarımız işğal olunaraq atəşkəs imzalandıqdan sonra kəndə gələn Qotur İlyas, cəbhəçilər haqqında donos yazaraq yeni hökümətə verir,lazım olanda hətta cəbhəçilərin üzünə yalandan şahidik də edirdi. Yeni hakimiyyət onun bu hərəkətini “qiymətləndirərək” kəndə icra nümayəndəsi təyin etmişdi. Əlinə düşən bu fürsətdən istifadə edən Qotur İlyas, kəndin bütün torpaqlarını insanların maddi sıxıntısndan istifadə edərək məmurların qohum -əqrabasına satırdı. Kəndin camaatının öz heyvanlarını otarması üçün bir az da olsun yer saxlamamışdı. Bunun nəticəsi idi ki, kəndin cavanları təsərrüfatı buraxaraq şəhərdə fəhləlik edirdilər. Qonşu kənddən də baxanda Yalaq İlyasın böyük saraya bənzəyən evi görünürdü.. Elə kəndin içində qalan cavanlar da bunun özününkülər idi.

Maşından verilən siqnal səsi Ələkbər kişini xəyaldan ayırdı. Siqnal verən kənddə hamının “Zobu”dediyi Zabil idi. Maşının necə yaxınlaşmasından Ələkbər kişinin xəbəri olmamışdı. Zabil də təəcüblə ona baxırdı. Ələkbər kişinin bəxti gətirmişdi- həm ona lazım olan yük maşını gəlmiş,həm də Allah ona Yalaq İlyasın oğlunun maşınında getməyi nəsib etməmişdi