Xocavənddəki qədim Azərbaycan məbədinə yenidən separatçı erməni əskisi asıldı?..-FOTO

Rayon İcra Hakimiyyətinin rəsmi məlumatında abidənin hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altında qaldığı bildirilir…

Azərbaycan Respublikasının Xocavənd rayonunun Sos kəndində yerləşən Amaras məbədinə yenidən separatçı-terrorçu erməni xuntasının cındırı asılıb.

Moderator.az xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Qeyd edək ki, bu günlərdə separatçı kriminal xunta rəhbəri Araik Arutyunyan sözügedən məbədə baş çəkib.

Xocavənd Rayon İcra Hakimiyyətinin abidə barədəki rəsmi məlumatında Amaras monastırının Sos kəndində yox, Cütçü(“Maçqalaşen”) kəndində yerləşdiyi və hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altında qaldığı bildirilir. Məlumatda deyilir:

“Amaras məbədi
Qafqaz Albaniyasının yepiskopluq mərkəzi olmuş Amaras şəhərinin xarabalıqları eyniadlı çayın sağ sahilində Cütcü kəndi ərazisində qalmaqdadır. Tarixi məlumatlara görə IV əsrdə Amarasda ilk xristian məbədi tikilmiş və burada Alban yepiskoplarından biri dəfn edildiyindən ziyarətgaha çevrilmişdir. Həmin qəbir indi Amaras kompleksindəki kilsənin altarı altındakı sərdabədə qalmışdır. Bu sərdabəni 1970-ci ildə Azərbaycan arxeoloqları aşkar etmişdir. Amaras monastır kompleksi IX əsrdə tikilmiş və sonrakı yüzillərdə dəfələrlə təmir və əlavələr edilmişdir. Bu kompleks indiki görkəmini XIX əsrdə almışdır. Amaras monastırı düzbucaq planlı olub küncləri dairəvi bürclərlə möhkəmləndirilmişdir. Onun həyətini dövrələyən qala divarları boyunca hücrələr, yaşayış və təsərrüfat otaqları tikilmişdir. Monastırın təsərrüfat hissəsi əlavə otaq sırası ilə kilsə həyətindən ayrılmışdır. Monastırın qala divarlarına əlavə möhkəmlik verən bu otaq və yerləşgələr qaba daşlardan, arxivoltları isə yaxşı yonulmuş daşlardan tikilmişdir. Monastırın həyətinə giriş qapısı cənub divarın qərb qurtaracağındadır. Kompleksin baş tikilisi olan kilsə həyətin ortasında ucalır. Kilsənin giriş qapısı qərb tərəfdədir. Amaras kilsəsinin ikienişli dam örtüyünün qərb ucunda altı sütunlu zəng rotondası qoyulmuşdur.Kilsənin bütün fasadları yaxşı yonulmuş daş lövhələrlə üzlənmişdir. Sadə və aydın memarlıq obrazı olan Amaras monastır kompleksi Qafqaz Albaniyasının — Azərbaycanın xristian memarlığının dəyərli abidələrindən sayılır.

Hazırda Amaras monastırı kompleksi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

ABİDƏNİN PASPORTU

Ad: Amaras monastırı
Abidənin növü: Memarlıq abidələri
Tarix: IV əsr
Əhəmiyyəti: Ölkə əhəmiyyətli
Nömrə: № 246.
Şəhər: Xocavənd şəhəri
Ünvan: Maçqalaşen kəndi
Sistem kodu:AJA000261″

P.S….

Facebook Comments