“Xalqın bu qalibiyyət ruhunu yaşatmaq, dəyərləndirmək və qərar vermək zamanıdır!”

Gecə saatlarında Bakıdakı izdiham təkcə paytaxt sakinlərinin deyil, heç şübhəsiz, İrəvanın, Moskva-Vaşinqton-Paris üçlüyünün də yuxusunu qarışdıracaq. Millət işğalla barışmayacağını və Qarabağda ermənilərə, onların havadarlarına haqq etdikləri cəzanı kəsəcəyini əyani şəkildə insan seli ilə ortaya qoydu.

Həmin izdiahmda olanlardan biri də təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl idi. Üstəlik, o yürüş-mitinqdə bir neçə dəqiqəlik emosional çıxışı ilə də yadda qaldı.

Moderator.az gecənin bu saatında onunla əlaqə saxlayaraq təəssüratlarını öyrənməyə çalışıb:

“Bakı çoxdandı belə xalq həmrəyliyi görməmişdi. Bu işin xüsusi təşkilatçısı, lideri, siyasi mənsubiyyətli olanları yox idi. Bu Azərbaycan xalqı idi. 1990-cı il 20 Yanvardan sonra meydana qorxmadan axışmış xalqın davamçıları, generalının şəhid olmasına ürəkdən yanan, bu iki gündə düşmən gülləsindən ölən şəhidlərimizin qanının yerdə qalmaması üçün göstərilən ümummilli həmrəylik idi. Ürəkli, dəli-dolu cavanlar, xəbəri eşidib, meydanlara axışan qadınlar, körpələr, yaşlılar. Hər kəs “Qarabağ”, “Səfərbərlik”, “Ali Baş Komandan, bizə silah ver”, “Şəhidlər ölməz vətən bölünməz” və AZƏRBAYCAN şüarları səsləndirirdi. Xalq ordu ilə, əsgəri ilə, şəhidi ilə həmrəylik nümayiş etdirirdi. Heç kəs təxribat xarakterli sözə, nə hərəkətə yol vermirdi. Bu oğulları, bu kişiləri olan xalq məğlub ola bilməz! Bu müqəddəs Şəhidlər Xiyabanında hər kəs şəhidlərin ruhuna and içib bir qarış da vətən torpağını düşmənə verməyəcəyinə and içir. Bu kişilərlə yalnız qalibiyyət var! Bu xalqla yalnız qalibiyyət var! Bu ruhu yaşatmaq, dəyərləndirmək və qərar vermək zamanıdır!”

Facebook Comments