“Xalqa qarşı yekəbaşlıq edən məmurları həmən yerində oturtmaq lazımdır…”

Gizli və aşkar separatçılara demək istərdim ki…

Azərbaycanın bu və ya digər bölgələrində xoşagəlməz olaylar tez-tez baş verir. Təəssüf ki, bu, həyatımızın reallığıdır. Əsasən məmur özbaşınalığı ucbatından ortaya çıxan və yerli insanların əsəblərini tarıma çəkən bu kimi olaylar insanlar tərəfindən hiddətlə qarşılanır. Bu, belə də olmalıdır. Xalqa qarşı yekəbaşlıq edən məmurları həmən yerində oturtmaq lazımdır.

Orası da var ki, bu kimi olaylardan etnik separatizmin gizli və aşkar nümayəndələri məharətlə yararlanmağa çalışırlar. Bu baxımdan özünü talış xalqının müdafiəçisi qismində ortaya atanlar xüsusi fəallıq göstərirlər. Belələrinə demək istərdim ki, çox murdar işlə məşğulsunuz. Azərbaycanda heç bir xalqa qarşı hər hansı formada diskriminasiya mövcud deyil, tarixən də belə bir şey olmayıb. Talışlara qarşı diskriminasiyanın olmasını iddia etmək isə ümmiyyətlə, allasızlıqdır.

Son savaşda da talışlar Azərbaycanın digər xalqları kimi ön cəbhədə yer aldılar. Özü də hərb meydanına can atanların əksəriyyəti könüllü olaraq ordu sıralarına qoşulmuşdu. O da sirr deyil ki, Azərbaycan Ordusunda talışəsilli yüksək rütbəli zabit çoxdur, o cümlədən generallar arşında da talışlar var. Təbii ki, onlara general rütbəsi talış olduğuna görə verilməyib. Belələri yüksək hərbi biliyə və sərkərdəlik qabiliyyətinə görə irəli çəkiliblər. Bir talışəsilli generalın komandanlığı altında minlərlə türk vuruşur. Hansısa sarsaq bir türk millətçisi bunu diskriminasiya adlandıra bilərmi? Belələri də var…
Hər işin şitin-şorbasın çıxatmısız. Belə qan qaraldan, zəhlə tökən söhbətləri qurtarın. Azərbaycan onun pasportunu daşıyan hər bir vətəndaşının dövlətidir. Bəziləri deyir ki, talışların dövləti yoxdur. Niyə yoxdur ki? Azərbaycan dövləti həm də talış dövləti deyilmi? Dağlı və ya ləzgi dövləti deyilmi? Niyə də yox?
Etnik separatizmin gizli və aşkar nümayəndələrinə bir daha demək istəyirəm. Özünüz yormayın. Azərbaycanda separatizm heç vaxt uğur qazanmayacaq. Erməni separatizminin aqibəti gözümüzün qabağındadır. Düşünmürəm ki, Azərbaycanın dörd tərəfində bir vaxtlar firavan yaşamış ermənilər indiki durumlarından çox məmnundurlar.
Bir dəfə yazmışdım, bir daha deyirəm. Əgər hansısa türk deyirsə ki, Azərbaycanda yaşayan hansısa etnik azlıq pisdir, tüpürün onun üzünə. Çünki o, bu millətin-bütövlükdə Azərbaycanın düşmənidir. Eyni zamanda Azərbaycanda yaşayan etnik azlıqların nümayəndələri də kimsənin “türkər pisdir” iddiasına eyni cür cavab verməlidir. Özü də azlıq təkcə etnik kimliklə bağlı deyil. Dini azlıqlar da var. Məsələn, Azərbaycanda əhalinin böyük bir hissəsi şiədir. Ancaq biz sünni qardaşlarımıza da ehtiram göstərməyə borcluyuq. Yəhudilər həm etnik, həm dini baxımdan azlıqdır. Onların haqqını necə daha bilərik? Azərbaycanda yaşayan xristianlara necə, arxamı çevirməliyik? Niyə ki? O xristian əlinə silah alıb Azərbaycan üçün vuruşmadımı?
Azərbaycan insanı öz məmləkətində könül xoşluğu ilə, rahat şəkildə yaşamaq istəyir. Siz separatçılar isə aranı qatıb-qarışdırmaq üçün min oyundan çıxırsız. Həm özünüzə zülm edirsiz, həm də insanları qıcıqlandırırsız. Etməyin, eləməyin. Adam olun. Onu da unutmayın ki, Allah gözəldir və gözəl işləri sevir. Siz də Allaha xoş gedəcək işlərlə məşğul olun…

Elbəyi Həsənli, İsveçrədə yaşayan jurnalist

Facebook Comments