Xain və mütilərin heykəlləri

Hürriyyət yolunda çalışanların əzəmətli heykəlləri bizim üzərimizdə kölgələndikcə, o zaman qəlbimizə bir hiss gələcək – Azərbaycan müstəqil və hürrdür !

Bu yaxınlarda Qazağa getmişdim. Azərbaycanda bəlkə də ən çox heykəllərin, büstlərin olduğu məkandır. Şairlər, yazıçılar, aşıqlar və s. Qısa anlamda Qazaxı şairlər və heykəllər yurdu adlandıra bilərik. Bir tərəfdə Səməd Vurğun, bir tərəfdə Vaqif, Molla Vəli, bir tərəfdə Yusif Səmədoğlu, Vaqif Səmədoğlu və həmçinində Nəriman Nərimanov başda olmaqla sovetlərə xidmət edənlər və s.

Yuxarıda qeyd etdiyim xain və mütilərin heykəlləri anlayışını bu adamlara aid etmək istəmirəm. Bəlkə də onların içərisində sözün həqiqi mənasında səmimiyyətlə öz vətənini sevən və şərəflə öz vətəninə xidmət istəklərini özündə daşıyanlar olub. Bütün bunlar öz yerində, bunları qeyd etməkdə daha böyük məqsədim var. Bu bütünlükdə Azərbaycanın özü və ağızlardan düşməyən “müstəqilliyi” ilə bağlıdır. Qeyd edəcəklərim baş verdikdən sonra inana bilərəm ki, Azərbaycan müstəqildir. Ondan inanacağam ki, Azərbaycan 3 rəngli bayrağı bizimdir. O həqiqətən hürrdür. O bayraq bizi simvolizə edə-edə bizim olmadıqdan sonra mənim üçün heç bir mənası yoxdur.

İndi gələk məsələnin əsas məğzinə. Nə heykəl vurğunuyam, nə onun əsiri, nədə ki, pərəstişkarı. Amma dəyişməz bir həqiqət var ki, ona hamımız tabe olmaq məcburiyyətindəyik. Bu ölkədə xain Qatır Məmmədin, Ayna Sultanovların heykəli, Əli Bayramov’ların, Mirfəttah Müssəvilərin fəxri xiyabanda məzar məqamları var. Bu ölkənin azadlığı və huriyyəti yolunda can qoyanlar, idealları Azərbaycanın müstəqilliyi olanlar mütləqdir ki, ölkəmizin müxtəlif məkanlarında heykəlləşməli və hər kəsi düşüncə olaraq Azərbaycanın azadlığı və müstəqilliyinə sipər vəziyyətə gətirməlidir.

Mövzunu Qazaxdan başlamışdım, Qazağın mərkəzində ilk məqamda Cavad bəy Şıxlinskiyə heykəl qoyulmalı, onunla yan-yana Qiyas Alqazağa, Həsən Alqazağa, Osman Böyükqazağa, Məmməd Böyükqazağa və digərlərinə, Gəncədə Cavad xan’la birlikdə Cahangir bəy Kazımbəyliyə, Məhəmməd Mirzə Qacara, Kazım Mirzə Qacara, İsrafil İsrafilova, Hüseynqulu Xan Xoyluya və digərlərinə, Bakıda Nuri Paşaya, Həbib bəy Səlimova, Mürsəl Bakı Paşaya və digərlərinə. Nə vaxta qədər bunu canlı gözlərimlə görməyəcəmsə, Azərbaycanın müstəqilliyi anlayışı mənim üçün quru sözlərdən ibarətdir. Hürriyyət yolunda çalışanların əzəmətli heykəlləri bizim üzərimizdə kölgələndikcə, o zaman qəlbimizə bir hiss gələcək – Azərbaycan müstəqil və hürrdür !

Ceyhun Nəbi – Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri

Facebook Comments