Xəzər Teyyublu:”Nizamnamə hər kəsdən, hər bir məsələdən öndə tutulmalıdır”

Klassik Xalqı Cəbhəsi Partiyasında (KXCP) baş verən istefalar və təşkilatdaxili gərginliklərlə bağlı yazan hüquq müdafiəçisi və KXCP sədrliyinə namizəd Oqtay Gülalıyevin istefa verən cəbhəçiləri partiyaya geri dönməyə çağırması və KXCP sədrinə qarşı səsləndirdiyi tənqidi fikirlər demokratik düşərgədə ciddi müzakirələrə səbəb olub.
Oqtay Gülalıyevin yazısına münasibət bildirən KXCP İdarə Heyyətinin üzvü Xəzər Teyyublu problemin həll yollarının mümkün olduğunu bildirib:

“KXCP Ağsu rayon şöbəsi fəal, mütəşəkkil şöbələrdən biri idi. Yaqub bəylə Elşən bəy bir yerdə olanda güclü idilər. Ağsu ayon şöbəsində problemi həll etmək mümkündür, necə ki, həmişə mümkün olub. Ordaki vəziyyət barədə, çıxış yolları haqda dəfələrlə sənəd qəbul edilib. Ancaq bu sənədlərdən irəli gələn işlərin icrası yubanır”.

Xəzər Teyyublu qeyd edib ki, Nizamnamə hər kəsdən, hər bir məsələdən öndə tutulmalıdır: “Şöbə konfransını keçirməlidir. Bu günə qədər nələrin baş verdiyi bəlli idi. Bu şöbənin gücü xalq hərəkatçıları ilə aktiv gənclərin bir yerdə olmasında olub. Bu belə də olmalıdır…! Nizamnamə hər kəsdən, hər bir məsələdən öndə tutulmalıdır”.

Xatırladaq ki, KXCP Ağsu rayon şöbəsində baş verən problemlərə nizamnamə çərçivəsində yanaşdığı üçün Xəzər Teyyublu KXCP sədri Mirmahmud Mirəlioğlu tərəfindən təşkilat məsələləri üzrə müavin vəzifəsindən azad edilb.