Vurğun Əyyub kimi ola və ölə bilmək

Sərxan Carçı

Belə bir yazını əslində Respublikanın Xalq Artisti, xalqın sevimlisi Fuad Poladov dünyasını dəyişəndə yazmaq istəyirdim. Amma niyəsə yazmadım, cəsarət etmədim.

Sonra isə “Savalan” musiqi qrupunun rəhbəri, mutasavvuf müğənni Novruz Novruzlu bu dünyadan köçəndə yazmağa cəhd etdim. Amma yenə yazmadım. Sadəcə “Hər mərd adam öləndə çox pis oluram” deməklə kifayətləndim.

Bu günlərdə yaşadığımız ağrı isə dediyim hər iki sızıltını kölgədə qoydu. Çox dəyərli bir insan itkisinin ağrısını yaşadıq. Heç çəkinmədən “hər kəsin dostu” deyə biləcəyimiz Vurğun Əyyub köçdü bu dünyadan. Özüdə necə köçdü?
Yaşından-başından, ictimai-siyasi mövqeyindən, mənsub olduğu camiədən asılı olmayaraq onu tanıyan hər kəs pis oldu bu ölümə.

Elə bildim bu dəfə də “Belə adamlar tez öləndə dünyaya nifrət edirəm” deməklə kifayətlənə biləcəm. Amma kifayətlənə bilmədim, daha bir neçə cümlə yazmaq istədim. Doğrudan da belə adamlar tez öləndə necə kusməyəsən bu dünyadan? Axı bu cür ölümlər dünyanın axırını, qiyaməti daha da tezləşdirir.

Vurğun Əyyub deyirdi ki, biz hələ də cəmiyyət olaraq aydınlaşdıra bilməmişik ki, ziyalı kimdir, kimə deyilir? Dəqiqləşdirmişdik Vurğun bəy. Bilirdik ki, ƏSL ZİYALI elə Vurğun bəy özüdür.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri kimi, işlədiyi müddətdə 100 faiz rüşvətsiz işləyən bir vəzifə sahibi kimi düşdü Azərbaycan tarixinə. Vəzifədən sonra ömrünün sonuna kimi ictimai-siyasi fəaliyyətlə məşğul oldu. Bu illər ərzində özünün də dediyi kimi bəzilərini tamamilə, bəzilərini qismən sildi dost dəftərindən. Ən əsası ictimai-siyasi fəaliyyətində də vicdanlı adam kimi qaldı hamının yaddaşında.

Amma Vurğun bəy hər şeydən öncə prinsipial siyasi xadim idi. Azərbaycan istiqlalının banilərindən idi. Azərbaycanın müstəqilliyinə nail olan Xalq Cəbhəsinin idarə heyyətinin üzvü kimi imperiyaya meydan oxuyanlardan idi. Zənnimcə Vurğun Əyyubun bu tərəfi daha çox işıqlandırılmadır.

Dünyasını dəyişən gün hamı ondan danışdı. O qədər danışdılar, o qədər yazdılar ki, indən belə 24 sentyabra “Vurğun Əyyub günü” demək mümkündür hətta. Yuxarıda da dediyim kimi Vurğun Əyyub ƏSL ZİYALI idi. Əsl ziyalılar isə ölümü ilə, ölümündən sonra da insanlara nümunə ola bilir. Vurğun bəy bunu bacardı. Ömrü boyu müxalif mövqeli olmağına rəğmən iqtidar nümayəndələri də pis oldu onun ölümünə, dəfninə çata bilmədikləri üçün təəssüf hisslərini yazanlar da oldu.

ƏSL ZİYALININ ölümü nənəmlə, babamın tez-tez dediyi sözləri xatırlatdı mənə: “Yaşayanda elə yaşayın ki, öləndə dalınızca söyməsinlər, əksinə rəhmət oxusunlar”.
Böyüdükcə bəzi adamların ölümündən sonra arxası ilə söyülməyin necə dəhşət olduğunu görmüşdük. 24 sentyabr 2019-cu ildə hər kəs rəhmət qazanmağın necə bir şərəf olduğunu gördü.

Vurğun bəy olumu ilə, ölümü ilə bizə dərk etdirdi ki:
Vurğun Əyyub kimi yaşayaq ki, Vurğun Əyyub kimi ölə bilək.

Sozcu.az