Virusla bağlı saxta xəbərləri kim yayır?

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, koronavirus pandemiyası ilə bağlı saxta məlumatların yayılması səngimir. Söhbət təkcə Azərbaycandan getmir. Koronavirusun tüğyan etdiyi digər ölkələrdə də bu mövzuda dezinformasiyalar, şayiələr dolaşmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu tip məlumatları “infodemiya” adlandırıb və hələ pandemiyanın ilkin mərhələsində belə xəbərləri yayanları insanlarda yanlış təsəvvür formalaşdırmaqla vəziyyəti daha da gərginləşdirməməyə çağırıb.

Bəzən bu xəbərlər sıravi vətəndaşların təxəyyülünün məhsulu olduğu halda, bir çox hallarda dezinformasiyaların xüsusi olaraq hazırlandığı və tirajlandığının şahidi oluruq. Azərbaycanda “Niquş olayı” və “polis telefonaqramması” hər kəsin yadındadır. Hər iki fake sanki xüsusi olaraq hazırlanıb və tirajlanıb. Məhz bu səbəbdən hökumət pandemiya ilə bağlı rəsmi xəbərlərdən kənar məlumatları yayanların cəzalandırılacağını bəyan edib.

Təəssüf ki, bəzən media da tələyə düşür. Xəbərin mənbəyi, səhihlik dərəcəsi müəyyənləşdirilmədən tirajlanır bu isə müxtəlif fəsadlara səbəb olur.

Mövzu barədə söhbətləşdiyimiz media eksperti Seymur Kazımov Yenisabah.az-a bildirib ki, istənilən mövzuda saxta məlumatlar təhlükəlidir. “Koronavirus (COVID-19) pandemiyası ilə bağlı belə xəbərlər isə ikiqat təhlükə daşıyır. Bu, qlobal, bəşəri problemdir, elə buna görə də epidemiya yox, pandemiya adlandırıldı. Virus hər kəsə bulaşa bilər. Hər kəs də özünü potensial yoluxma obyekti kimi görə bilər. Təsəvvür edin, yaxın qohumlar hətta bir-birindən şübhələnir. Fiziki olaraq xəstəliyə yoluxmayanlar belə, psixoloji olaraq əziyyət çəkir. Bu və digər halları nəzərə alanda və üzərinə pandemiya ilə bağlı saxta xəbərləri də əlavə etsək, vəziyyətin vahiməli olduğu üzə çıxır. Daha böyük fəsad isə panika və xaosa səbəb ola bilər”, – deyə ekspert vurğulayıb.

Seymur Kazımov hesab edir ki, panika, xaos, saxta xəbərlər, dezinformasiya kimi neqativ halların qarşısını almaq üçün rəsmi informasiyalar çevik şəkildə əhaliyə çatdırılmalı, az da olsa şübhə yaradan hallara dərhal aydınlıq gətirilməlidir. “Jurnalistlər də bu mövzuya maksimum həssasıqla yanaşmalıdır. Əldə etdikləri məlumata şübhə ilə yanaşmalı, onun mötəbərliyini tədqiq etməlidirlər. Seçdikləri informasiya mənbələri mövzu üzrə bilgili şəxslər olmalıdır. Statistika və rəqəmlərdən istifadə zamanı diqqətli olmaq lazımdır. Bu rəqəmləri kim hazırlayıb, kim yayıb və s. Bu məlumatları yayan şəxs və təşkilat nə qədər inandırıcıdır? Qrafika, illüstrasiyalar, foto və video materiallarını da yayarkən diqqətli olmaq lazımdır”, – deyə həmsöhbətimiz əlavə edib.

Sozcu.az

Facebook Comments