Virus Nabranda rəqs edir…

Yenə gözəl yurdumun gözəl insanları iki hissəyə bölünüb. Şükür, karantin qaydasını pozan yoxdur. Mən bu sətirləri yazana qədər ötən həftəki bərbad videolardan qabağıma çıxan olmayıb. Qaçdı-tutdu oynamır heç kim polislə, yuxarıdan aşağı zibil atmır, söyüş söymür. Bir qadının əcaib videosu yayılmışdı sadəcə. Heç bir səbəb olmadan balkonundan yolda gedən polisləri çəkir, onların da “niyə çəkirsiz?” sualına “nə edəcəksiz, evə gələcəksizsə soyunum”, tipli səviyyəsiz bir cavab verirdi. Bunu da hünərmiş, matahmış kimi çəkib paylaşmışdı. Adama deyərlər, sən istədiyin vaxt evində uzanıb, yuyunub, filminə baxa bildiyin halda, o istehza etdiyin adam rezin çəkmələri ilə, başına 40 dərəcədə gün döyə-döyə bütün gün küçələrdədir. Nə haqqın var istehza etməyə, təxribata çəkməyə? Sənə nə edir? Nə pisliyi keçir?

Hə, iki hissəyə bölünmüşük.

Sanki futbol yarışındayıq: virusa inananlar və inanmayanlar. Sonuncular ötən şənbə tozu dumana qatıb, torpaq yolu ilə rayonlara getdilər. İndi Nabran diskotekalarında rəqs edib, yandıx verirlər Bakıda dörd divar arasında qalanlara.

TƏBİB rəsmisinin dediyinə görə, hətta aralarında analizi pozitiv çıxan uşaq da var.

Amma valideyninə zəng edib, bu nəticəni bildirəndə inanmayıb, vecinə almayıb və üstəlik də deyib, uşağım özünü yaxşı hiss edir, biz rayona gedirik. Bəli, viruslarını da götürüb gediblər rayona, orda yaymağa. Baxıram rayonlardan paylaşılan İnstaqram fotolarına – maska yox, sosial məsafə yox… Hamı min ilin əziziymiş kimi az qala qucaq-qucağa, nəfəs-nəfəsə məsafədə, fotolar, videolar.

Bilmirsən, kimə acıq verirlər? Şəhərdə qalanlara, ya virusa? Müdrik insanlar, sizə kim deyib ki, virus Bakıdan çıxa bilmir, ya da onu Ələtdəki keçid məntəqəsində polislər tutub bir bankanın içinə salır? Burdan virusunu da “qoltuğuna vurub” rayona gedənlər orda mümkün qədər yayandan sonra geri qayıdıb, paytaxtda bu “xeyriyyə” əməlinə davam edəcək. Bakıya giriş-çıxış nə zamandan sərbəstləşdirilib? Bu barədə qərar harda yazılıb? Biz belə bir qərar yoxdur deyə, dörd divar arasında qaldığımız günlərdə bu insan seli nəyə arxayın olub, “koronavirus bayramı” keçirir?

Bayaq oxuyuram, Kamran Əliyev deyir ki, gedənləri geri buraxmayacağıq.

Zarafat edirsiz, cənablar? Bal kimi də buraxacaqsız. Sadəcə bir zəhmət gələn həftədən daha məntiqli qərarlar verin. “Kim istəyir, getsin, xəstələnsin” dirəşməsi ilə virusla mübarizə aparmaq olmaz. Bu məsuliyyətsizlər sabah gəlib o virusa bizi, sizi, yüzlərlə insanı yoluxduracaqlarsa, məsələni, “qara kurtkalı qaqaş” prinsipləri, tin söhbətləri stilində həll etmək olmaz. Burada məsələ canımızdır, səhhətimizdir…

Xalq artisti Bəhram Bağırzadə də virusa yoluxandan sonra məmləkət insanının canına xof düşdü bir az.

Məlum, bütün səhiyyə səfərbər olub Bəhram üçün və əllərindən gələnin üstündə hər şeyi edirlər, çünki həyatı təhlükədədir. Bəhram bizim gəncliyimizin, tələbəliyimizin fenomenidi, fərqli yumoru, aktyorluq qabiliyyəti ilə sevimlimizdi. Canının sağlamlığı üçün hamıdan da çox dua edirik. Amma… Bəs xəstəxanalarda ölümlə pəncələşən minlərlə sadə insana haqsızlıq olmurmu? “Kimin virusu daha çox döyər” tipli gülməli yarışlara girməsək, olarmı? Həkimlər deyir ki, bu günə qədər ECMO aparatına qoşulmasına ehtiyac olacaq qədər ağır xəstələr olmayıb. Bəs bu günə qədər koronavirusa görə həyatını itirən bu qədər insanı hansı dəftər-kitaba yazaq? Onlar yüngül xəstələr idi? Elə-belə, zövq üçün ölmüşdülər?

Axı sonra da şikayət edirsiz ki, insanlar inanmırlar. Bir-birini təkzib edən, şübhə yaradan, qıcıq doğuran açıqlamaları niyə verirsiz? Bu iri ticarət mərkəzlərini açdınız, hamı düşündü ki, oliqarxların obyektləridir, ziyana düşməsinlər deyə açıldı. Kafe-restoranlar onun kimi. Maska zavodu tikdiniz, aptekdən maskanı yenə sayla alırıq, dənəsini 30 qəpikdən. Temperaturu qalxan Təcili Yardıma zəng edir, deyirsiz, yer yoxdur, temperaturunuzu nəzarətdə saxlayın. Pnevamiya xəstələrinin analiz nəticələri çıxmadan koronavirus adı ilə qeydiyyata alırsız, nəticə də artaraq gedir. Onlayn aptek sifarişi tam fiaskoya uğradı. Sifariş verirsən, 10 saat sonra ünvana çatdırırlar. Adı üstündə – dərman. Bu, lahmacun deyil ki, nəfsini 10 saat basdırasan. Ağrıkəsici, qızdırma düşürücü və sair – bunlar zamanında, dərhal qəbul edilməlidir ki, işə yarasın. Mən hələ neqativlərin onda birini yazıram.

Bəli, inanmırlar. Əlinizdə qosqoca kanallar, informasiya resursları, ziyalılar, siyasətçilər…

İnandıra bilməmənizin tək səbəbi də budur. Bu sadaladıqlarımı camaatın gözündən o qədər salmısız ki, sabah bu ekranlara çıxıb, “ay camaat, müharibə başlayır, hazır olun” anonsu versələr, camaat “Facebook”da, yolda-izdə bunları lağa qoyar. Bu günə qədər milli efirdən nə vaxt həqiqət eşidiblər ki, indi ora çıxardığınız virusoloqun dediyinə də inanalar? Yəni nə tökərsən aşına, o da çıxar qaşığına məntiqidir. Sənin bu günə qədər ideoloqun, ideya yayıcıların kimlər olub? Onların nüfuzu nə qədərdir, necədir? Ona uyğun da reaksiya görəcəksən. Bu günə qədər yüngülvari bir dərman yazıb yoluna qoyacağı problemi, “mütləq əməliyyat olunmalısan” deyərək səni soyan həkimə necə inansın axı bu binəva vətəndaş? Ömrünün şüurlu 30-40 ilini həkimin onu necə sömürməsi, yanlış diaqnozla anasını ağlar qoyması ilə keçirib. İndi necə onun dediyinə tam arxayın olsun, etibar etsin?

Təkcə “vətəndaş tfudur, pisdir” deməklə məsələ həll olunsaydı nə vardı ki? Virus da vətəndaşın üzünə “tfu” deyib, başını götürüb gedərdi. O işlər elə olmur. İnam, etibar, güvən… Bunlar bir gündə qazanılmır.

Bu gün vətəndaşın bir qismi məsuliyyətsizdirsə, laubalidirsə, təkcə özünün günahı deyil. Tamam, bir qismi anlaqsızdır. Amma böyük qisminin beynindəki “şeytanlar”ı zamanında siz dürtmüsüz, siz oynatmısız daşları yerindən. İndi bir zəhmət o güvəni geri qaytarın, vaxt azdır. Düşmənlə üz-üzəyik, zaman bizi gözləmir…

Sevinc Telmanqızı

Facebook Comments