Vətən müharibəsi qazisi: “Minaya düşdükdən sonra siqareti yandırıb damağıma qoydum”

Kəlbəcərə gedən yolu minalardan təmizləyən zaman minaya düşərək qazi olan istehkamçı Xanquliyev Elvin Yusif oğlu da Vətən müharibəsində şücayəti ilə seçilib.

Könüllü olaraq yenidən hərbiyə dönən Elvin Xanquliyev N saylı hərbi hissədə mühəndis istehkam komandiri vəzifəsində olub. O, digər hərbçi yoldaşları ilə birgə Vətən müharibəsində fəal iştirak edib və bir çox əhəmiyyətli ərazilərdə, yollarda düşmən tərəfindən basdırılmış minaları təmizləyərək hərbçilərimizin təhlükəsiz hərəkətini təmin edib.

Kəlbəcərə gedən yolda minaları təmizləyən zaman onun hərbçi yoldaşı minaya düşür. Onu ərazidən çıxarmaq istəyən zaman özü də minaya düşərək ayağından ağır yaralanır.

Elvin Xanquliyev o anları belə xatırlayır: “Kəlbəcərin qaytarılacağı günə qədər, yəni noyabrın 25-nə qədər Kəlbəcərə gedən köhnə yolun təmizlənməsi işlərini görürdük. Noyabrın 19-da səhər saatlarında 1-ci tağım komandiri minaya düşərək sol ayağını itirdi. Onu oradan təxliyə etmək lazım idi. Mən tez minaaxtaran cihazla yolu yoxlaya-yoxlaya manqanın həkimi ilə birgə onun yanına getdik. Həkim ilkin tibbi yardım göstərdi, daha sonra bizə daha geniş yol lazım olduğundan minaaxtaran cihazla qarşıya baxa-baxa geriyə yol açmağa çalışırdım. Çoxlu qar yağmışdı cihaz qarlı və daha dərin yerə basdırılmış minanı bildirmədi. Mən bu zaman gördüm ki, ayağım bir anlıq dərinliyə düşdü və sonra minanın dalğası məni göyə qaldırdı. Bütün olanlar hələ də gözümün önündədir, göydə olanda gördüm ki, ayağım sallanır. Göydə “Ya Allah, Ya Məhəmməd, Ya Əli, Vətən sağ olsun”, – deyə qışqırdım. Çünki bilirdim ki, yaxınlıqdakı yüksəklikdə erməni şərəfsizləri var. Qoy bilsinlər ki, Vətən üçün canımızı sevə-sevə verərik. Mən düşdüm yerə, tez əllərimi yuxarı tutdum ki, kürək nahiyəm minaya düşməsin, birdən sağımda-solumda mina olar, qolum toxunmasın. Bu zaman yanımdakı digər istehkamçı əsgərə dedim ki, gəl ətrafımı yoxla gör təmizdirmi. Baxdıq ki, mina yoxdur, rahat oldum. Əsgərimə dedim ki, başımdan kaskanı çıxart qoy başımın altına. Sonra avtomatın qundağında olan juqutu götürüb ayağıma bağladım. Həkim ilkin tibbi yardım hazırlığı görənə qədər, mən də “Daha olan olub, Vətən sağ olsun”, – deyib bir siqaret yandırıb qoydum damağıma. Ayağım o hala düşməsinə baxmayaraq, heç kefimi pozmadım. Hərbçi yoldaşlarıma da deyirdim ki, kefinizi pozmayın, hər şey yaxşıdır”.

E.Xanquliyev və digər yaralı ilkin tibbi yardımdan sonra təcili tibbi yardım maşını ilə Gəncə şəhərində yerləşən hərbi hospitala gətirilir. Oradan isə Bakı şəhərində yerləşən xəstəxanaya aparılır. Ayaqlarını itirən hər iki hərbçi Vətən üçün şəhid olmasalar da, ən azından qazi olduqları üçün seviniblər:

“Bizim bir çox yoldaşlarımız şəhid olub, qazi olub. Mənim də az da olsa, vicdanım rahatdır ki, Vətən üçün canımı vermək qismət olmasa da, canımdan bir hissəsini verə bildim”.

Ərazini tərk etməyən düşmən yüksəklikdən Kəlbəcərə gedən yolda baş vermiş bu olayı mobil telefonları vasitəsi ilə çəkib daha sonra həmin kadrları sosial şəbəkələrdə paylaşaraq, güya ki, iki Azərbaycan əsgəri minaya düşərək həlak olduğunu yazıblar:

“Bir gün müalicə aldığım hospitalda telefonda sosial şəbəkələrə baxırdım. Birdən qarşıma bir video çıxdı. Görən kimi bildim ki, bu kadrlarda olanlar bizik. Yazıblar ki, bəs ermənilər çəkib paylaşıblar ki, Azərbaycanın 2 əsgəri minaya düşərək şəhid olub. Onların olduğu yer elə bir yer idi ki, bizi rahat görürdülər. Hətta, bəlkə də, həmin vaxtlar bizim minadan təmizlədiyimiz yola gecə ilə gəlib yenidən mina basdırıb qayıdıblar”.

Düşmənin qurduğu onlarla tələləri məhv edən E.Xanquliyev minaya düşməsindən yalnız bir məsələyə görə təəssüflənir, yolun Kəlbəcərə qədər təmizlənməsində iştirak edə bilmədiyi üçün:

“Minaya düşməyimə sadəcə bir məsələyə görə çox təəssüfləndim. O da işimi axıra qədər tamamlaya bilməməyimə. Düzdür, digər yoldaşlar o yolu təmizləyib. Tək mən deyiləm həmin işləri görən. Orda rəisimizə dedim ki, kaş bu yolu başa qədər çatdırardım, Kəlbəcərə mən də ayaq basardım. O da sağ olsun, mənə söz verib ki, sən narahat olma, mən özüm səni aparacağam Kəlbəcərə. İndi ayağım belə olduğu üçün soyuqdan qorunmalıyam. İnşallah, bir gün qanım düşdüyü o yoldan keçərək Kəlbəcərə gedəcəyəm”.

Qazimiz müharibə dövründə bəxti gətirərək sağ qaldığı bir xatirəsini də “Report”la paylaşır:

“Murovdağ yüksəkliyindən kazarmaya qayıdırdım. Qarlı yolda birdən ayağım sürüşdü səngər kimi bir yerə düşdüm. Özümdə yorğun idim, dedim 1-2 dəqiqə dincimi alım yoluma davam edərəm. Elə bu zaman bir mərmi gəlib yaxınlığıma düşdü. Başımı qaldırıb mərminin düşdüyü yerə baxdım. Əgər mən səngər kimi bu yerdə olmasaydım, həmin mərminin qəlpəsi mənə deyəcəkdi və ən azından ağır bir yara ala bilərdim. Onu da deyim ki, həmin gün saatlarla uzaq yolu gəlib kazarmaya çatdım. Yarım saat sonra eyni yolu təzədən qayıtmalı oldum. İnanın ki, müharibə zamanı biz heç bir yorğunluq hiss etmirdik. İmkan olanda hərbi hissədə televizorda prezidentin çıxışına qulaq asırdıq. Xidmət tapşırığı gəlirdi, yol boyu fikirləşirdik ki, görəsən, indi hara işğaldan azad olunub”.

Qeyd edək ki, E.Xanquliyev Gəncə şəhər sakinidir və hazırda qazi olmasına baxmayaraq, yenə də Vətənə xidmət etmək arzusundadır.

Facebook Comments