“Verilən vəsiqələr “yeni nəsil” deyilmiş”

Unudulan İT layihələr

Kimlər Prezidentin siyasi iradəsi əsasında tətbiq edilən yeni nəsil şəxsiyyət vəsiqələrindəki e-imzanın aktivləşməsinə uzun müddətdir ki, imkan vermir?

Bir neçə gün öncə məlumat verildi ki, Azərbaycan vətəndaşları Türkiyəyə şəxsiyyət vəsiqələri ilə gedə biləcəklər.

Bu isə “yeni nəsil” şəxsiyyət vəsiqələrinin hələ də “köhnə nəsil” olaraq qaldığını bir daha xatırlatdı.

Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı 2014-cü ilin noyabrında Prezident sərəncam verib.

Uzun müddət səlahiyyətli qurumlar Sərəncamdan irəli gələn vəzifələri vaxtında icra edə bilməyiblər. Prezident sərəncamları ilə bu müddət bir neçə dəfə uzadılıb.

Nəhayət 2018-ci ildə Yeni nəsil şəxsiyyət vəsiqələrinin ilk nümunəsi Prezidentə təqdim edilib. Bir müddət sonra vətəndaşlara da bu sənəd təqdim edilməyə başlanıb.

Lakin dərhal da məlum olub ki , verilən vəsiqələr “yeni nəsil” deyilmiş.

Belə ki, verilən vəsiqələrin çipində yerləşdirilən e-imzalar indiyədək də aktivləşdirilməyib.

Və ən qəribəsi də odur ki, heç kim bunun səbəbini açıqlamayıb.

Vəsiqədə yerləşdiriləcək imzadan istifadə ilə bağlı müəyyən olunacaq rüsumun məbləği də bir xeyli müzakirə olunsa da yekunda konkret razılıq əldə olunmadı.

Xatırlayıram ki, e-imzaya cavabdeh qurum olan NRYTN rəsmi açıqlama vermişdi ki, vəsiqələrdəki e-imza ilə bağlı bütün hazırlıq işləri başa çatdırılıb. Yəni, demək istəmişdi ki, problemin həlli onluq deyil.

Buradan belə qənaətə gəlmək olardı ki , vəsiqələrdəki bu imzanın aktivləşdirilməsi hansısa digər tərəflərlə maraq toqquşması yaradıb.

Hər bir vətəndaşın cibində bütün xidmətlərə əlçatanlığı təmin edə biləcək e-imzanın olması kimə, hansı qurumlara sərf etməyə bilərdi?

Xatırladıram ki, hazırda ölkədə ASAN Xidmətə dəxli olmayan ASAN imza da tətbiq olunur , xarici vətəndaşın rəhbərlik eydiyi bu dövlət layihəsindən hər ay təxminən 1 milyon qazanc götürülür.

Bilinmir ki , belə anlaşılmaz situasiya nə vaxtadək davam edəcək.

Fikrimcə, bu, sadəcə biabırçılıqdır.

Uzun illər hazırlıq görülən və böyük dövlət resursları xərclənən, Prezidentin siyasi iradəsi əsasında yaradılan, ölkədə informasiya cəmiyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb edən bir layihəyə belə yanaşma çox təəssüf doğurur.

Düşünürəm ki, Prezidentin adı çəkilən sərəncamında qeyd olunan səlahiyyətli qurumlar, NRYTN, DİN, İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyi bir araya gəlib bu problemi həll etməlidirlər.

Fikrimcə, bu problemin həlli ölkədə rəqəmsal transformasiyanı xeyli sürətləndirə bilərdi.

Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti

Facebook Comments