VƏTƏN DAŞI…

Elşən Əlisoy


Müsavatçı Razim Əmiraslanlını məhkəməyə qolunda qandal, ayağında şəpik gətirəndə, gözümün önünə həqiqi hüquq müdafiəçisi Oqtay Gülalıyev gəldi. Allah şəfa versin.

Güney Azərbaycanda baş verən prosesləri izləyəndə Əbülfəz bəyin yoxluğunun nə boyda dərd olduğunu bir daha düşündüm. Çox təəssüf ki, Bəyin sağlığında onun elə Azərbaycanın özü olduğunu anlamadıq. Bəyi qorumadıq. Bu gün Əbülfəz bəyin yoxlunun acısını çəkirik.

Oktay bəy ömrünün ən ağır günlərini yaşayır. Diyəsən Oqtay bəyə də sahib çıxa bilmirik. Zamanında Əbülfəz bəyə sahib çıxa bilmədiyimiz kimi.

Xalq olaraq , həyatını bizlər üçün fəda edən bir insanın daha yaxşı xəstəxanada müalicə almasını təmin edə bilmiriksə, düşünək görək boyuk davalardan, Turandan, Bütöv Azərbaycandan danışarkən nə qədər səmimiyik? Axı Bütöv Azərbaycan tək quru torpaq demək deyil. Bütöv Azərbaycan bütöv xalq deməkdir.

Bir status yazdım: ” Təbriz İnqilaba doğru gedir, dövlət olaraq soydaslarımızın yanında olmağa hazırıqmı?” Bir nəfər dostum “dərzinin köçmək” məsələsini yazdı. Bu qədər sadəymiş yanı.

Oqtay bəy üçün hesab açıldı. İmkanımız catanı yox, qulpumuzdan çıxanı verdik.

Bütöv Azərbaycan davası “dərzinin iynəsini pencəyinə taxıb köçməsi”nə bənzəməz. Bütöv Azərbaycan davası, Bütöv Azərbaycan əsgərinə verdiyimiz dəyərlə ölçülür. Bütöv Azərbaycan əsgəri isə bizdən uzaqda, həm də hesab sormalı olduqlarımızın ümidinə qalıb.

Ara -sıra vaxt olanda Oqtay bəylə bir yerdə ola bilirdik. Onda da, ona kömək üçün müraciət edən hüququ pozulan, dərdini deməyə ünvan tapmayan insanların telefon zənglərinin əlindən 5 dəqiqə əməlli dərdləşə bilmirdik. Hamının da dərdinin davasını aparırdı. Yenə də aparacaq, inşallah. Ancaq bu gün yanında olsaq …

Əbülfəz bəyin sağlığında onun yanında olmayanlar, Bəy dünyadan köçəndən sonra , onun məzarı başında Bəyin böyüklüyündən nitqlər söylədilər, daha çox Elçibəyci olduqlarını gözə soxmaq üçün min oyundan çıxdılar. Bəli, min oyundan. Oqtay bəy olmayandan sonra neynirəm sizin oyununuzu….

Nə qədər gec deyil, Oqtay bəyin daha uyğun ölkələrdə , daha imkanlı xəstəxanalara köçürülməsini təmin edək. Sabah gec olacaq. Sonrakı peşmançılıq isə fayda verməz.

Oqtay bəy, bir vətən daşıdır. Oqtay bəy, Təbrizə sancılacaq bayraqdir. Oqtay bəydə Elçibəy duası var. Oqtay bəy Elçibəy ruhunu daşıyan Bütöv Azərbaycandır! Gəlin, tələsək…

Facebook Comments