Vəkili Əfqan Muxtarlı ilə görüşdü

Jurnalist nəinki özünün, hətta həbsxanada onunla ünsiyyətdə olan digər məhbusların da təzyiqlə üzləşdiyini deyir

Bu gün vəkil Nemət Kərimli 16 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə olan jurnalist Əfqan Muxtarlı ilə görüşüb. Bu haqda “Basta”ya məlumat verən vəkil Nemət Kərimli qeyd edib ki, ilk dəfədir Əfqan Muxtarlı həbsxanada ona olan münasibətdən şikayətlənib.

“Əfqan Muxtarlı bildiridi ki, həbsxana rəhbərliyi ona göndərilən pulu və kitabları verməyib. Onun dedidiyinə görə, həbsxana rəhbərliyi hakimiyətin sifarişi ilə onu ayrı-seçkiliyə məruz qoyur. Əfqan Muxtarlının bir neçə ailə üzvü istisna olmaqla, öz yaxınları ilə və dostları görüşməsinə imkan verilmir. Yaxınlarına, o cümlədən vəkili olaraq mənə zəng etməsinə imkan verilmir” – deyə, Nemət Kərimli bildirib.

Əfqan Muxtarlı nəinki özünün, hətta həbsxanada onunla ünsiyyətdə olan digər məhbusların da təzyiqlə üzləşdiyini deyib.

Qeyd edək ki, iki gün öncə Nemət Kərimlinin və Müsavat başqanı Arif Hacılının Əfqan Muxtarlı ilə görüşməsinə imkan verilməmişdi.

Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci ilin may ayında Gürcüstan paytaxtı Tbilisidə itkin düşdükdən sonra Azərbaycanda həbs edilib. O, sərhəddən qanunsuz valyuta keçirmək və sərhəd xidmətinin əməkdaşına xəsarət yetirmək ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin jurnalist Tbilisidə oğurlandığı, ittihamların uydurma olduğunu, özünün araşdırma yazılarına görə siyasi sifarişlə həbs edildiyini bildirib.

Facebook Comments