Vəkil: Emin Babayev qanunsuz olaraq 24 saatdır saxlanılır

‘Mənə deyirlər ki, Emin Babayev özü bölməyə gəlib və heç kimlə görüşmək istəmir”

Mayın 4-də səhər Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi tərəfindən saxlanılan ReAl Partiyasının üzvü Emin Babayev hələ buraxılmayıb. Hazırda bölmədə olan vəkil Şəhla Hümbətova Emin Babayevlə görüşə bilməyib.

Bu barədə Meydan TV-yə Şəhla Hümbətovanın özü məlumat verib.

Şəhla Hümbətova bildirib ki, o, bir saatdan çoxdur rəislə görüşə bilmir:

“Növbətçilər Pərviz Əliyev və Bəxtiyar Fərzəliyev mənə deyirlər ki, Emin Babayev özü bölməyə gəlib və heç kimlə görüşmək istəmir.

Mən onlara Emin Babayevin məhkəmədə sərbəst buraxıldığını və bu barədə bildiriş imzaladığını söyləsəm də, onlar cavab verir ki, o, özü gəlib və burda qalmaq istəyir. Emin Babayevə də demirlər ki, vəkili onunla görüşmək istəyir. Çox əcaib durum yaranıb”.

Emin Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) protokol tərtib olunub və o, dünən səhər məhkəmə qarşısına çıxarılıb.

Vəkil deyir ki, guya Emin Babayev küçədə gedərkən söyüş söyüb, polislər onu saxlayıb, niyə söydüyünü soruşub, o da tabe olmayıb, sənəd göstərməyib:

“Dünən onu saat 16-radələrində Səbail Rayon Məhkəməsinə gətirdilər, məhkəmə saat 18.30-a qədər davam etdi, polislər dindirdi, verdiyim vəsatətlər qismən təmin edildi, yəni mən əlavə şahidin gəlməsini tələb etdim. Buna əsasən məhkəmə mayın 6-na qədər təxirə salındı, hakim dedi ki, Emin Babayev sərbəstdir, bazar ertəsi saat 10-da məhkəməyə gələr. Bu barədə Emin Babayev bildirişə imza atıb. Ancaq polis hansısa sənədə imza atmaq adı ilə yenidən bölməyə çağırıb, sonra buraxmayıb, mayın 4-də saat 7-dən qanunsuz olaraq 8-ci polis bölməsində saxlanılır. Mənə bölmədən dedilər ki, məhkəmə qərarında onun saxlanılması yazılmayıb. Halbuki, məhkəmə qərarı olmayıb və Babayev bildirişə imza ataraq sərbəst buraxılıb. Hər bir halda inzibati ittiham olunan şəxs 24 saatdan çox saxlanıla bilməz, bu gün saat 11-də Babayevin 24 saat saxlanılması başa çatıb, amma hələ də buraxmayıblar. Mənə dedilər ki, məhkəmə olana qədər saxlanılmalıdır, bəlkə məhkəmə yenə təxirə salınacaq, ona görə onun saxlanılması qanunsuzdur. Ən əsası hakim onun sərbəst olduğunu və bazar ertəsi gəlməsini deyib. Bazar günü olduğundan Baş Prokurorluğa və Ombudsmana şikayət edə bilmirəm”.(Meydan tv)

Sozcu.az