Üzünü it parçalayan Hüseynin atası: Uşağım şikəst oldu

Aprelin 16-da Sulutəpədə 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun üzünü it parçalayıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Hazırda uşağın müalicəsi davam etdirilir.

Üzünü it parçalayan uşağın atası Qismət Məmişov Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə oğlu qonşunun uşağı ilə oynayan zaman baş verib:

“İt qəfil uşağa hücum edib və 3-4 metr dartıb. Qonşuların qışqırığına it uşağı buraxıb və qaçıb. Uşağı xəstəxanaya gətirdik. Vəziyyəti hazırda yaxşıdır. Amma həkimlər uşağın həyati təhlükəsinin olmaması üçün 40 gün gözləməli olduğumuzu bildirdi”.

Qismət Məmişov Sulutəpə və digər ərazilərdən küçə itlərinin yığışdırılması barədə qurumlara müraciət də edib:

“Hara baxırsan, küçə iti var. Sahibsiz itlərin küçələrdən yığışdırılması üçün müəyyən qurumlardan bir valideyn kimi xahiş edirəm ki, bir tədbir görsünlər. Hüseyndən başqa, iki məktəbə gedən övladım da var. Mən gündə bu xəstəxananın qarşısında gəzim? Yazıq uşaq şikəst oldu”.

Tibb Universitetinin Ağız və üst çənə kafedrasının assistenti Məhəbbət Cəfərovun sözlərinə görə, uşağın vəziyyəti stabildir:

“Lazım olan tədbirlər görülüb. Aprelin 16-da, saat 16:00 radələrində uşaq xəstəxanaya gətirilib və vaksinasiya olunub. Sol yanağında dişlənmiş deffektli, sağ üz qapağının dişlənmiş, cırılmış yaraları diaqnozu var idi. Üzündə cərrahi əməliyyat aparıldı və reanimasiya şöbəsinə yerləşdirildi.

Bir gün sonra isə o, üst çənə şöbəsinə keçirilib. Hazırda müalicəsi davam etdirilir. Aprelin 19-da vaksin vuruldu, sabah da vurulacaq. Bununla bərabər, digər tədbirlər də görülür. Yaralar sağalır”.

Məhəbbət Cəfərov bildirib ki, uşaqda ilkin quduzluq əlamətləri özünü büruzə verməyib:

“Bədən temperaturunun yüksəlməsi, işıqdan, yüksək səsdən qorxu əlamətlər müşahidə olunmayıb”.

Son dövlərdə itlərin hücum etməsi ilə bağlı müraciətlərin sayı artıb. Həftə ərzində 3-4 nəfər üz, ətrafların dişlənməsi ilə bağlı KTM-ə müraciət edir. Qurumlar bununla bağlı işlər görməlidir”, -deyə həkim qeyd edib.

Son zamanlar Bakının mərkəzində sahibsiz itlərin sayı xeyli artıb. Bir neçə gün əvvəl sosial şəbəkələrdə Dənizkənarı Milli Parkın ərazisində, Bayıl və Ağ şəhər Bulvarlarında küçə itlərinin sayının artması barədə məlumatlar yayılıb.

Səhiyyə Nazirliyindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ilin üç ayı ərzində heyvanlar tərəfindən zədə (cırmaqlama, dişləmə) almış 4682 nəfər müvafiq tibb müəssisələrinə müraciət edib:

“2019-cu ilin ilk üç ayı ərzində isə bu rəqəm 4909 olub”.