Uşağının xəstəliyinə görə böyrəyini satan ata: “Dərmanlar baha idi…”

Azərbaycanda böyrək alverilə bağlı araşdırılan cinayət işində zərərçəkən kimi tanınanlardan biri də Samux sakini Sarvan Məmmədovdur. Ancaq o deyir ki, heç kim onu məcbur eləməyib, öz istəyilə böyrəyini satıb.
Sozcu.az xəbər verir ki, ikinci qrup əlil olan Sarvan Məmmədovun 2015-ci il təvəllüdlü qızı talassemiya xəstəliyindən əziyyət çəkir. Özü də talassemiya daşıyıcısıdır: “Bu xəstəliyinin müalicəsi üçün lazım olan dərmanlar bahadır. Dərmanlara pul tapa bilmirdim”.

Böyrəyini satan adamlarla onu almış resipientlər arasında vasitəçi olmuş 52 yaşlı Vahib Xudadatov 2018-ci ilin martında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. O, adamları böyrəyini satmağa məcbur etməkdə, onları aldadıb pullarını verməməkdə ittiham olunur.

Lakin böyrəyini satan və zərərçəkən qismində tanınan şəxslər deyir ki, V.Xudadatova qarşı heç bir şikayət və tələbləri yoxdur. V.Xudadatovun onları məcbur etmədiyini bildirirlər.

S.Məmmədovun böyrəyi Şahmar Əsədov adlı şəxsə köçürülüb. Əməliyyatdan öncə hər ikisi İrana gedib, orada Mohsen Tahiri onları təkrar müayinə edib, köçürmənin mümkünlüyünə qərar verilib. Bundan sonra Bakıya geri qayıdıblar ki, bir neçə gün sonra əməliyyat üçün Tacikistana getsinlər. Bakıda hava limanında olanda o da daxil, böyrək köçürməsi məqsədilə Düşənbəyə gedən altı nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi saxlayıb. Böyrəyini satanları həmin gün axşam, Vahib Xudadatov və iranlı həkim Mohsen Tahirini isə bir qədər sonra buraxıblar. Bu səbəbdən transplantasiya əməliyyatı altı ay sonra – 2017-ci ilin aprelində Düşənbədə baş tutub.

Bu işdə maraqlı məsələlərdən biri də odur ki, S.Məmmədov talassemiya daşıyıcısı olduğu halda, Bakıdakı “Elmed” klinikasında onun qanının təmiz olması barədə analiz cavabı alınıb.

İranlı həkim Mohsen Tahiri mütəmadi Bakıya gələrək, “Elmed” klinikasında müayinələr aparıb, böyrək köçürməsinə ehtiyacı olan şəxslər, donorlarla görüşüb. Köçürmənin mümkün lüyü barədə müayinələri sonradan bir daha İranda keçirib, problem yoxdursa, 2016-cı ilin martına qədər Gürcüstanda, ondan sonra isə Tacikistanın paytaxtı Düşənbədə transplantasiya əməliyyatını icra edib.

Vahib Xudadatov qarşı CM-in 137 (insan orqan və toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işində 27 zərərçəkmiş var. Onların hamısı böyrəyini satmış şəxslərdir. Hər əməliyyata görə iranlı həkim Mohsen Tahiriyə 10 min, transplantasiyanın həyata keçirildiyi xəstəxanaya isə 8 min dollar pul ödənildiyi bildirilir.(Bizimyol.info)

Facebook Comments