Urmu sürətlə quruyur-Göldə su daha 1 milyard 41 milyon kubmetr azalıb

Urmu gölündə suyunun quruması prosesi bu il daha sürətlənib. Bu barədə Urmu Gölünün Bərpası Mərkəzinin əyalət üzrə rəhbəri Fərhad Sərxoş açıqlama verib.

O, “TASNİM” xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, Urmu gölünün hazırkı həcmi 5 milyard 22 milyondur. Gölün səviyyəsi indi 1271.41-dir.

Bu ötən il 1271.82 idi və hazırda keçən ilin eyni dövrünə nisbətən azalma olduğunu görürük.

Fərhad Sərxoş gölün sahəsinin 3494 kvadrat kilometrə çatdığını, bunun da keçən ilki 3621 kvadrat kilometr sahə ilə müqayisədə azaldığını deyib.

Fərhad Sərxoş aprelin 26-da göldə suyun səviyyəsinin daha 28 santimetr azaldığını, belə davam edəcəyi təqdirdə bərpa planlarının icrasında əlavə çətinliklərin ortaya çıxacağını demişdi.

Mərkəzin başçısı, çaylar üzərindəki bəndlərdə yığılan suların gölə buraxılmaması, ötən ilə nisbətən yağıntının az düşməsi problemin daha dərinləşməsinə və gölün həcminin daha çox itirilməsinə səbəb olduğunu qeyd etmişdi.

Qeyd edək ki, bir neçə gün öncə Urmu Gölünün Bərpası Mərkəzinin Baş direktoru Məsud Təcrişi də mətbuata verdiyi açıqlamada əlaqədar qurumları illik su payını Urmu gölünə buraxmamaqda günahlandırıb.

O, deyib ki, 2020-2021-ci illər ərzində Urmu gölünün su payı 640 milyon kubmetr hesablanıb. Ancaq yalnız 160 milyon kubmetr gölə su buraxılıb.

Məsud Təcrişi xəbərdarlıq edib ki, hər il gölün suyunun ortalama 80 santimetri buxarlanır. Su payı gölə buraxılmadıqda buxarlanan miqdarın yalnız üçdə biri (3/1) gölə geri dönəcək və təxminən gölün su səviyyəsindən 20 santimetr azalacaq. Bu prosesin 5 il davam etməsi isə gölün məhvinə gətirib çıxaracaq.

Facebook Comments