Urmiya zindanında saxlanılan 3 məhkumun 4 barmağının kəsilməsi ilə bağlı çıxarılan hökm təsdiq edilib

İranın Qərbi Aərbaycan əyalətində, Urmiya şəhərinin zindanında saxlanılan və oğurluqda günahlandırılan 3 məhkumun 4 barmağının kəsilməsi ilə bağlı inqilab məhkəməsinin çıxardığı hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiq edilib.

Yayılan məlumata əsasən, beş il əvvəl həbs edilən və miliyyətcə kürd olduqları təxmin edilən məhkumlar Hadi Rüstəmi, Mehdi Şahivənd və Mehdi Şərifiyan bir neçə oğurluqda günahlandırılırlar.

Urmiya inqilab məhkəməsinin çıxardığı və İran Ali Məhkəməsinin təsdiq etdiyi hökmə əsasən, dörd oğurluq faktına görə həbs edilən hər üç məhkum sağ əllərinin 4 barmağı dibdən kəsiləcək.

İran Ali Məhkəməsinin 13-cü şöbəsinin sədri Əli Şuştəri mediaya açıqlamasında deyib ki, İrandakı İslam Cəza Qanununun 268-ci maddəsinə əsasən, baş barmaq çıxmaq şərtilə hər üç məhkumun sağ əllərindəki dörd barmağı kəsilməlidir.

Qeyd edək ki, İran məhkəmələrinin vaxtaşırı İŞİD sayağı bəzi məhkumlara qarşı çıxardığı qeyri-insani hökmlər beynəlxalq qurumların kəskin etirazına səbəb olsa da, İran rejimi inqilab məhkəmələrinin çıxardığı bu kimi vəhşi hökmlərin icrasına israr edir.

Facebook Comments