Tütünçəkənlər yeni növ koronavirusun risk qrupuna aid edilirlər

Tütündən istifadə edənlərin xüsusi risk qrupuna aid olduğunu deyirlər. Hər il noyabrın üçüncü cümə axşamı Ümumdünya Tütündən İmtina Günü qeyd edilir. Həmin gün 1977-ci ildə ABŞ-ın Onkoloji Cəmiyyəti tərəfindən təsis edilib. Son illər ölkəmizdə də tütündən istifadənin azaldılması sahəsində xeyli iş görülüb. 2017-ci il dekabrın 1-də Milli Məclisdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun qəbul edilməsi bu sahədə ən uğurlu addımdır. Həmin Qanunun qəbulundan sonra da tütünün sağlamlığa vurduğu zərərin azaldılması üçün ardıcıl tədbirlər həyata keçirilib.

Tütünçəkənlər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların risk qrupuna daxildir. Sozcu.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Büllurə Yusifova məlumat verərək deyib: “Nəfəs aldığımız havanın içərisində xeyli yad molekullar var. Həmin hava tənəffüs yollarından keçərək təmizlənir və ağciyərə daxil olur. Tütüncəkənlərdə isə bu təmizləmə prosesi pozulur. Məlum olduğu kimi, tütün tüstüsünün tərkibində nikotin var. Nikotin tənəffüs yollarının selikli qişasını pozaraq bəlğəmin yaranmasına səbəb olur. Tütünçəkənlərin hamısı bəlğəmli öskürəkdən əziyyət çəkir. Təmizləmə prosesin pozulduğuna görə tənəffüs yollarının yoluxucu xəstəliklərinin yaranma ehtimalı iki dəfə artır. Məhz buna görə də tütünçəkənləri yeni növ koronavirusun risk qrupuna aid edirlər. Onlarda infeksiya daha ağır formada keçir. Yüngül gedişli xəstəlik zamanı yuxarı tənəffüs yolları, ağır formada keçən xəstəlik zamanı aşağı tənəffüs yolları, yəni ağciyərlər zədələnir. Koronavirus infeksiyası zamanı həm sağ, həm sol ağciyərin zədələnməsi baş verir və ağır tənəffüs çatışmazlığı nəticəsində insanlar həyatını itirirlər. Ona görə də tütünçəkənlərin bu zərərli vərdişdən imtina etməsi ən doğru çıxış yolu olardı”.

Tütündən istifadədən imtina barədə danışan İSİM-in nümayəndəsi deyib: “Hər bir tütünçəkənə fərdi qaydada yanaşmaq lazımdır. Nikotin həm də asılılıq yaradan maddədir. Məsələn, gündə bir qutu tütün çəkən onu tərgidə bilər. Gün ərzində üç qutu tütün çəkənin ondan tədricən imtina etməsi məsləhət görülür. Tütün yalnız ondan aktiv istifadə edənlər üçün zərərli deyil, həm də onun tüstüsünə məruz qalan, yəni passiv istifadəçilərinin orqanizmi üçün də zərərlidir və qeyri-infeksion xəstəliklərin yaranmasına səbəb olur. Passiv tütünçəkənlərdə də ürək-damar, onkoloji və tənəffüs sisteminin xroniki xəstəlikləri baş verir. Aparılan araşdırmaya görə, passiv tütünçəkənlər arasında ağciyər, böyrək, gənc qadınlarda süd vəzinin xərçəngi daha çox rast gəlinir, uşaqların ümumi sağlamlığına da mənfi təsir göstərir. Adətən tütün tüstüsünə məruz qalan uşaqlar digərlərindən immunitetin aşağı olması ilə seçilirlər. Həmin uşaqlar daha tez-tez xəstələnir və allergik xəstəliklərə meyilli olurlar. Yeniyetməlik dövründə onlarda tütünçəkməyə meyillik daha çox olur. Təəssüf ki, bizim ölkəmizdə qadınlar arasında da tütün çəkməyə meyil var və bu hal getdikcə artır. Qeyd etmək istəyirəm ki, tütünçəkən qadınların 42 faizində sonsuzluq baş verir, qalan hissəsində isə həm hamiləlik, həm də doğuş ağırlaşmalarla keçir. Onların dünyaya gətirdikləri körpələr ya vaxtından əvvəl və ya az çəkili olur. Həmin körpələr dünyaya gəldikdən sonra onlarda nikotin asılılığı baş verir, belə uşaqlarda qəfləti ölüm sindromu daha çox rast gəlinir”.

Facebook Comments