“Türkün birləşərək bacarmadığı iş yoxdur” – Şenol Günəşdən qələbə şərhi

“Yaxşı nəticəyə ümidli idik. Komandamız həm ümid, həm də xoşbəxtlik vermək üçün buradadır. Bunu həyata keçirmək hamımızı qürurlandırır. Azarkeşlərimiz möhtəşəm idi. Belə atmosferdə oynamaq daha xoş olur”.

Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin seçmə mərhələsində evdə Fransanı məğlub etdikləri (2:0) oyundan sonra mətbuat konfransında deyib.

Son dünya çempionları üzərində qələbəni şərh edən təcrübəli mütəxəssis komandasının ulduzların yer aldığı kollektivə qarşı inamlı və intizamlı oynadığını bildirib: “Rəqibimiz güclü olduğu üçün motivasiyamız yerində idi. Dünya ulduzlarının cəmləşdiyi bir komandanı udduq. Onların səviyyəsində deyilik. Biz sadəcə, matçı qazandıq. Hesab fərqli də ola bilərdi. Oyunun əvvəlindən sonuna qədər intizamlı oynadıq. Həyacanımız, coşğumuz normal idi.

Keçmiş statistikalar artıq geridə qaldı. Bəli, bu rəqib uzun zamandır uduzmurdu, ancaq hamısı bitdi, bunlar sadəcə söhbətlərdir. Üç xal qazandıq, liderik. İslandiyaya qalib gəlsək və ya heç-heçə etsək, yerimizi qoruyarıq”.

Ş.Günəş möhtəşəm azarkeş dəstəyinin sayəsində güclü rəqibə qalib gəldiklərini qeyd edib: “Dünyanın harasında olursa olsun, Türk insanın komanda ilə eyni hissdə olduğunu bilirəm. Dua, qeyrət, ümid – meydanda bir ssenari idi. Azarkeşlərin isti münasibəti, möhtəşəm dəstəyi çox köməyimiz oldu, rəqib təzyiq altına düşdü. Bu, hər zaman belədir. Türkün birləşərək bacarmadığı iş yoxdur. Bu işin idman prisiplərindən başqa, mental tərəfi də var. İstədiyimiz oyunu göstərə bilsək, hər işi bacaracağımızı düşünürəm. Buna görə də Avropa çempionatına getməliyik. Dünya çempionatına da qatılmalıyıq. Hələ işin başlanğıcındayıq. Bu, bizim ortaq hədəfimiz, xəyalımızdır”.

Xatırladaq ki, Avro-2020-nin seçmə mərhələsində hər üç oyunda qalib gələn Türkiyə millisi 9 xalla qrup lideridir.(Qol.az)