Türkmənbaşı və Novruz Məmmədov eyni toplantıda

Türkmənistanın Xəzər sahilindəki Avaza şəhərində prezident Qurbanqulu Berdıməhəmmədovun təşəbbüsü ilə “Xəzər dənizi: beynəlxalq iqtisadi əməkdaşlığın inkişafının faydaları” mövzusunda beynəlxalq konfrans keçirilib.

Sozcu.az xəbər verir ki, Xəzəryanı ölkələrin baş nazirlər səviyyəsində təmsil olunduğu bu konfransla bağlı əsas intriqa Türkmənbaşının təxminən bir aylıq “qeybə çəkilməsindən” sonra nəhayət ictimayyət qarşısına çıxması ətrafında idi. Belə ki, Arkadağın ölümü haqda şaiyələr yayılmışdı, bu şaiyələr təkzib olunsa da onun harada olduğu açıqlanmırdı. Nəhayət bu günlərdə Türkmənistan televiziyası Berdıməhəmmədovun istirahətdə olduğu, at çapdığı, avtomatdan atəş açdığı və drift etdiyi barədə videosüjeti efirə verdi. Amma bir çoxları hesab edirdi ki, həmin süjet şübhələrə hələ son qoymayıb və Arkadağı Xəzər forumunda canlı görmək lazımdır.

Beləliklə, Berdıməhəmmədov forumun təntənəli açılışına qatılıb və orada çıxış edib. O, Xəzər sahilinə toplaşan yerli və xarici ekspertləri, hökumət başçılarını təbrik edərək Xəzərdə beynəlxalq ticarətin genişləndirilməsi, effektiv nəqliyyat və logistika şəbəkəsinin qurulması, neft-qaz sferasında əməkdaşlıq və digər mövzular haqda danışıb.

Forumda “Xəzər beşliyi”nin-sahilyanı ölkələrin baş nazirləri, o cümlədən Azərbaycanın baş naziri Novruz Məmmədov da iştirak ediblər. İran toplantıya baş nazirin müavini səviyyəsində qatılıb. Özbəkistan və Bolqarıstanın baş nazirləri də qonaq qismində toplantıda olublar.(Virtualaz.org)