“Türkiyə ordusu Azərbaycanda qalmalıdır”

Aqil Səmədbəyli: “Bu gün Türkiyə kifayət qədər güclüdür”

“Rusiya həm Suriyada, həm də Liviyada Türkiyə qarşısında ciddi reytinq itirib. Həm hərbi, həm psixoloji olaraq ruslara ciddi zərbə dəyib”.

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında siyasi şərhçi Aqil Səmədbəyli bildirib. A.Səmədbəylinin sözlərinə görə, Türkiyənin güclənməsi Rusiyanı ciddi şəkildə narahat etməkdədir:

“Azərbaycan Rusiya üçün çox vacibdir. Çünki Qafqazda qalması əsasən Azərbaycana bağlıdır. Əslində siyasi iradə mövcud olarsa, rusları Qazqazlardan uzaqlaşdırmaq olar. Çünki indi Türkiyə 30 il əvvəlki Türkiyə deyil. Hər şeyi ilə Azərbaycanın tamamilə yanındadır. Rusiya da bunun fərqindədir. Ona görə də bütün gücünü istifadə edəcək ki, Ermənistanda güclənməklə Azərbaycanı nəzarətində saxlasın və Türkiyəyə də təzyiq edə bilsin.

Rusiya dərin dövlətinin siyasətdəki təmsilçisi LDP sədri Jirnovski qorxusundan açıq şəkildə deyir ki, Türkiyə və Azərbaycan birləşərsə, bu, Rusiyanın dağılmasına aparacaq. Bunun qarşısını almaq üçün əllərindən gələni etməyə çalışacaqlar. Rusiya artıq Türkiyə üçün təhdid olmaqdan çıxıb. Türkiyə indi çox güclüdür. Hələ bir çox silahını üzə çıxarmayıb. Həm də, Türkiyə işğalçı deyil, qoruyucudur. Ruslar isə əzicidir. Ona görə də hər keçən gün Türkiyənin tərəfdarları artır, Rusiyanınkı azalır.

Rusiya dünyanın ən böyük ərazisi olan və əhalisinin 44,6%-i aclıq sərhəddində yaşayan bir ölkədir. Heç öz xalqını xoşbəxt edə bilmir. Başqalarına nə verə bilər? Rusiya getdiyi hər yerə fəlakət gətirib. Bu, imperiya psixologiyasıdır: bas, əz, parçala, ye. Budur Rusiyanın mahiyyəti. O qədər təbii sərvəti olan Rusiyanın da vəziyyətinə baxın, hələ heç bir təbii ehtiyatını istifadə etməyən Türkiyənin də.

Türkiyə daha yaxşı vəziyyətdədir. Türkiyə ilə Azərbaycan konfederasiya qurmalı, Türkiyə ordusu Azərbaycanda qalmalıdır. Yalnız bu şəkildə Rusiya-İran-Ermənistan üçlüyünə qarşı müvəffəqiyyət qazanmaq şansımız var”.

Facebook Comments