Türkiyə mediası həbsdə olan güneyli milli fəaldan yazdı

Türkiyə mətbuatında Tehran həbsxanasında saxlanılan milli-mədəni fəal Əlirza Fərşiyə qarşı İran məhkəmə sisteminin ədalətsiz qərarı haqqında xəbərlər dərc olunub.

Məlumatda Əlirza Fərşini türk dilinin qorunması və tədrisi uğrunda mübarizə aparığı vurğulanır. Qeyd olunur ki, bu fəaliyyətə görə İran məhkəmə sistemi milli fəal barəsində ədalətsiz qərar çıxarıb, ona 50 ay həbs cəzası verilib..

“Yeni Şafak”, ”TIMETURK”, ”Anadolu” agentliyinin fars və türk bölmələri, “Star” və digər mətbuat orqanları güneyli fəal barədə məlumat paylaşıb və onun məhkum olunması ilə bağlı xəbəri yayınlayıblar.

Qeyd edək ki, Ə.Fərşi barədə qərar martın 31-də Tehran şəhərinin İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən çıxarılıb.

O, İslam Cəza Qanununun 610-cu maddəsinə istinadən “ölkə təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə 3 il 6 ay, eyni qanunun 500-cü maddəsinə istinadən “sistemə qarşı təbliğat” ittihamı ilə 8 ay həbs cəzasına məhkum olunub.

Bununla yanaşı məhkəmə “keçmişdə cinayət törətdiyinə” görə onu 2 il müddətinə ictimai fəaliyyətlərdən, partiya və qruplara üzv olmaqdan məhrum edib. Onun haqqında 2 ay hər gün 4 saat olmaqla Tehran bələdiyyəsində icbari işə cəlb olunmaqla bağlı qərar çıxarılıb.

Hal-hazırda Tehran həbsxanasında iki illik həbs cəzasını çəkən Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb.

Bir neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb.

Fərşi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “İranın milli təhlükəsizliyini pozmağa qəsd məqsədilə qruplaşmada iştirak etmək” ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilmişdi.

Bu cəza daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Facebook Comments