Türkiyədə Milli Məclisin buraxılma qərarına baxış

Milli Məclisin buraxılması barədə qərar Azərbaycandakı islahatlar fonunda vaxtında atılan və düşünülmüş addımdır.

Sozcu.az xəbər verir ki, bunu Trend-ə Türkiyədə yaşayan azərbaycanlı ekspert, professor Toğrul İsmayıl deyib.

T.İsmayılın sözlərinə görə, bu qərar dəqiq əsaslandırılıb:

“Bu gün Azərbaycan iqtisadiyyatın bütün sahələrində, istehsalda, təhsildə fəal inkişaf edir və buna ilk növbədə son illər ərzində dövlət başçısının rəhbərliyi altında keçirilən köklü islahatlar kömək edib. Bu dövlət siyasətinin nəticəsi olaraq Azərbaycan haqlı şəkildə Cənubi Qafqaz regionunda aparıcı ölkə hesab olunur və dünyada yüksək imicə sahibdir. Ölkə Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən ağıllı və düşünülmüş dövlət siyasəti sayəsində beynəlxalq münasibətlər sistemində reytinqini yüksəldib. Bu gün bu proses uğurla davam edir və müsbət nəticələr gətirir”.

Ekspert bildirib ki, bu il keçirilmiş struktur və kadr dəyişiklikləri də vacib islahatların hissəsidir:

“Ona görə də parlamentin buraxılması qərarı qanunauyğun addımdır. Azərbaycan islahatçılıq təşəbbüslərini daha fəal təşviq etməli və vacib qərarlar qəbul etməlidir”.

Qeyd edək ki, ötən gün Milli Məclis YAP deputatlarının təşəbbüsü ilə parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezident İlham Əliyevə müraciət edib.