Türkiyə universitetlərinə attestatla qəbul dayandırıldı?

Azərbaycanlı tələbələrin Türkiyədə fəaliyyət göstərən universitetlərə qəbulu zamanı Dövlət İmtahan Mərkəzinin imtahan nəticələrinin nəzərə alınması ilə bağlı Türkiyə Ali Təhsil Qurumunun (YÖK) məktubu tövsiyyə xarakterlidir.

Bu sözləri Təhsil Nazirliyi və Türkiyənin Türkiyə Ali Təhsil Qurumu arasında imzalanan qarşılıqlı iş birliyi protokoluna əsasən Türkiyə universitetlərinə göndərilən məktubu şərh edən təhsil eksperti Kamran Əsədov qeyd edib. O bildirib ki, bu addım türk universitetlərinin ciddi maliyyə itkisinə səbəb ola bilər:

“İlk növbədə qeyd edim ki, bir çox azərbaycanlı tələbə xaricdə təhsil almaq istədikdə çox uzağa yox, elə məhz qonşu Türkiyə universitetlərinə müraciət edir. Azərbaycanlı tələbələrin Tükiyəyə üz tutmasının bir neçə səbəbi var. Onlardan bəziləri Türkiyədə təhsil sisteminin son illərdə çox sürətlə inkişafı, təqaüd almaq şansının çoxluğu, təhsil haqqının aşağı olması və viza prosedurunun azərbaycanlılar üçün asan olmasıdır. Türkiyə universitetlərində təhsil almaq üçün hər universitetin demək olar ki, öz şərtləri olur. Onlardan bəziləri attestatla birbaşa tələbə qəbulunu həyata keçirirlər. Nəzərə alaq ki, hazırda qardaş Türkiyədə 15 min azərbaycanlı gənc təhsil alır və onların 80 faizi məhz attestatla qəbul olub. Buna görə də attestatla qəbul dayandırılarsa, bu, gələcəkdə mövcud rəqəmin azalacağı deməkdir”.

Ekspert onu da qeyd edib ki, məktubda attestatla bağlı tövsiyədə Türkiyədə ali təhsil almaq istəyənlər üçün narahatlıq doğuran məqam yoxdur:

“Azərbaycanda attestat alan hər kəs onsuz da DİM-in buraxılış imtahanında iştirak edib, attestat alır. Deməli, hər kəsin DİM-in keçirdiyi imtahanda nəticəsi var. Eyni zamanda Türkiyəyə gedənlər burada yetərli bal toplaya bilməyənlərdir ki, onların da qəbul imtahan nəticəsi var. Sənəddə hər hansı bir keçid balı nəzərdə tutulmur. Buna görə də imtahanda iştirak, hətta 1 bal belə yetərlidir. Digər tərəfdən, əgər həqiqtən də Təhsil Nazirliyi bu tövsiyyəni edibsə, bu o deməkdir ki, onlar özlərinin verdikləri attestatın səviyyəsinə inanmırlar. Hətta dünyanın ən reytinqli universitetləri belə attestatla qəbul həyata keçirirlər. Vacib bir məqamı deyim ki, Təhsil Nazirliyi bu addımı atmaqla insanların təhsil hüququnu pozur. Hər bir kəs təhsil almaqda sərbəstdir. Nazirlik onlara maneə olmalı deyil, imkanlar açmalıdır”.

Qeyd edək ki, Qlobal Kariyera İnstitunun direktoru Orxan Həsənoğlu AzEdu.az-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Qurumu (YÖK) arasında imzalanan qarşılıqlı iş birliyi protokoluna əsasən azərbaycanlı tələbələrin Türkiyədə fəaliyyət göstərən universitetlərə qəbulunda Dövlət İmtahan Mərkəzinin imtahan nəticələri nəzərə alınacaq.

Sozcu.az