“Təəssüf ki, biz hələlik Qarabağdakı qanunsuz “seçki”ləri durdurmaq iqtidarında deyilik…”

Son günlər Azərbaycanın işğal altındakı hüquqi ərazisində qondarılmış separatçı-terrorçu rejim 2020-ci ildə keçirməyə hazırlaşdığı qanunsuz “prezident” və “parlament” “seçki”ləri ilə bağlı aktiv kampaniyalar keçirir, yeni “partiya”lar yaradılır. Bəs rəsmi Bakı bu prosesin qarşısını almaq üçün hər hansı bir əməli addım ata bilərmi?

Moderator.az-ın bu mövzudakı sualını Azərbaycanın müstəqilliyə qovuşduğu ilk aylarda Qarabağdakı işğal prosesi ilə müşayiət olunan gərgin və ziddiyyətli bir şəraitdə ölkənin həm parlament sədri, həm də Prezidenti vəzifələrini icra etmiş Yaqub Məmmədov belə cavablandırıb:

“Təəssüf ki, Dağlıq Qarabağ və ətraf bölgələrin faktiki işğal altında olduğu bir gerçəklikdə və mövcud beynəlxalq şəraitdə Azərbaycanın rəsmi qurumları Xankəndidəki separatçı rejimin keçirdiyi hər hansı qanunsuz tədbirin, o cümlədən “seçki”lərin qarşısını almaq, bu prosesi durdurmaq iqtidarında deyil. Hesab edirəm ki, hətta beynəlxalq qurumlara siyasi-diplomatik təsirlər vasitəsi ilə də bu, mümkün olmaz. Çünki həmin qurumlar və bir sıra aparıcı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısalar da, əməldə Qarabağ məsələsinə ikili standartlarla yanaşır, bəzən birbaşa ermənipərəst mövqe tutur, dolayısıyla separatçıların müxtəlif “beynəlxalq” tədbir və “seçki”lərinə öz nümayəndələrini də yollayırlar. Biz yalnız torpaqlarımızı tam azad edib nəzarətə götürdükdən sonra orada Azərbaycan qanunlarına uyğun tədbirlər görə, o cümlədən qanuni seçkilər keçirə bilərik…”

“Bizim hələlik yeganə təsəllimiz ondan ibarətdir ki, həmin beynəlxalq qurumlar, o cümlədən BMT üzvü olan dövlətlər Qarabağdakı erməni separatçılarının keçirdiyi heç bir “qanunsuz” “seçki”ni və onun nəticələrini rəsmən tanımır…”-deyə eks-spiker bildirib.

Sozcu.az

Facebook Comments