Trendə çevrilən söyüş haqqında söyüşsüz

Səxavət Soltanlı

Son zamanlar söyüş demək olar ki, bir çox müzakirələrin əsasını təşkil edir, söyüşsüz insanların diqqətini özünə cəlb edənlərə az-az rast gəlirik.

Bu trendə intellektualların qoşulması isə vəziyyətin daha vahiməli olduğundan xəbər verir. Həqiqi intellektuallarınsa söyüşə müraciət etmələrini qəbul etmirəm, edənlər məncə həqiqi deyil.

Bu yazı isə psevdointellektualların vicdanlı, mübariz insanları təhqir etməsinə bir etirazdır. Yalançı yox, yarımçıq intellektualların vicdanlı adamları təhqir etməsi desək daha doğru olar.

Bunun müxtəlif səbəbləri olduğu kimi, hər kəs də bu halı öz bildiyi kimi izah edir.

Səbəblərdən biri dediyimiz yarımçıqlıqdır (natamamlıqdır).

Ağılın necə olmağı dərk etdiyi halda elə ola bilməmək insanlara dəhşətli əzablar verir. Məsələn, doğruları demək kimi, həqiqətpərəst olmaq kimi, prinsipiallıq, vicdanlı olmaq kimi. Bu tiplərin ən nifrət etdikləri adamlar vicdanlı, ləyaqətli adamlardır, onlar qorxmaz adamlara rahatlıqla dəli deyə bilərlər.

Bu tiplər məncə bir başqadır.

Haqqında danışdığımız problem yuxarıda dediyimizdən daha çox yamsılanan intellektuallığın fəsadlarına oxşayır. Axı təqlidçilik də bir yerə qədər olur.
Uzun zaman maskalanan, həqiqi kimliyini gizlədənlərin coşması bəlkə də çaşması daha pis olur. Bu halın yaratdığı psixoloji fəsadlar natamamlıq kompleksinin fəsadlarından daha ağır olur.

Bu haqda bir neçə gün əvvəl qısa olaraq danışmışdıq. İnsan söyüş söyəndə affekt vəziyyətində (ciddi ruhi pozğunluq halı) söyüşlər isə insan şüurunun ID (identification) halında olur. Yəni insan ID halında gizli yönlərini, həqiqi kimliyini biruzə verir.

Çox güman ki, intellektuallığın imitasiyası çox çətin işdir, ciddi bacarıqla bərabər ciddi psixoloji vəziyyət tələb edir. Təqlidçi duruş gətirdiyi bir yerə qədər dözür, bir yerdə məcburən “özünü buraxır” və o zaman ağır fəsadlar yaranır.

Bu yəqinki bildiniz nəyə bənzəyir.

Siz çürüntülər və digər tullantılarla dolu qapalı yerin uzun zamandan sonra “Lyukunun” açılması ilə bütün ətrafı bürüyən üfunəti təsəvvür edin. Yeri gəlmişkən son zamanlar “lyuk” strateji məsələyə çevrilib.

Əlbəttə başa düşürəm intellektual olmaq ali insan olmaq demək deyil. Problem yarımçıqlardadır. Necə deyərlər “Dərd yarımçıq əlindən”

Niyə yarımçıq (yalançı) intellektuallar?

Elementar, adi davranış qaydalarını bilməyən, adi məsələlərə, sərt tənqidə, hətta təhqirə yumorla, sakit tərzdə, təmkinlə münasibət bildirə bilməyən adamlar necə intellektual olur? İntellektuallıq həm də vəziyyəti ağılla idarə etməkdir.

Adam necə intellektualdır ki, vicdanlı olmağın, həqiqəti müdafiə etməyi, edə bilməyəndə heç olmasa susmağın lazım olduğunu anlamasın?

Digər vacib məsələ isə əlbəttə “mədəniyyətdir”

Hər şeyin, mədəniyyəti, qaydaları olduğu kimi hansısa xüsusi qrupa (seçilmişlərə) aidsənsə, lap tutaq ki, sürücüsənsə, sürücülük vəsiqəsi qədər sürücülük mədəniyyəti də vacibdir.
İstənilən insan maddi və mənəvi şeylərə sahib olmazdan əvvəl şərtsiz onun mədəniyyətinə sahib olmalıdır.

Ən adisini deyək, kiminləsə oturub çay içməmişdən əvvəl bilməliyik ki, masanın ətrafında əsnəyəndə və ya öskürəndə əlini ağzına tutmaq lazımdır, nümayişkəranə və səsli şəkildə boğazını arıtlamaq, tüpürmək olmaz və s.

Bir də o tiplər var ki, söyüşü intellektuallığın bir elementi sayırlar.
Cəmiyyətin intellektualları nümunələr olduğu üçün onların davranışları, tərzləri çox önəmlidir.

Aydındır ki, söyüşlə diqqətə gəlmək, yazmaq, danışmaq xüsusi bacarıq tələb etmir. O zaman minimum oxuması, yazması olan hər kəs bunu edər. Necəki kişi aktyorların qadın paltarı geyinərək insanları güldürməsi istedad deyil eləcə də təhqirlə fərqlənmək.
Hə, bir də o var ki, qadın paltarı geyinən aktyorlara “gülənlər” olduğu kimi söyüşdən həzz alanlar da olacaq.