Trampın Əliyevə məktubundakı mesajlar – Şərh

Düz 101 il əvvəl olduğu kimi, indi də Azərbaycanın beynəlxalq arenadakı yeri və rolu milli maraqlarımızın reallaşması üçün vacib amillərdən biridir və bu istiqamətdə Vaşinqtonun Cənubi Qafqaza, Azərbaycana baxış bucağı maraq obyektidir. ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə ünvanlandığı məktubunda Azərbaycanla münasibətlərin çox vacib cəhətlərinə yığcam şəkildə toxunub.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Zaur Məmmədov ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə göndərdiyi məktub haqqında danışarkən deyib. O bildirib ki, ABŞ üçün Azərbaycan çox əhəmiyyət kəsb edir və bunu hər zaman açıq şəkildə bəyan edir:

“Birincisi, məktubda qeyd edilir ki, Azərbaycan beynəlxalq təhlükəsizliyə töhfələr verir. 2001-ci ildən başlayaraq Vaşinqtonun xarici dövlətlərlə münasibətlərində “təhükəsizlik” termini ən vacib amildir. Məhz “beynəlxalq təhlükəsizliyi” nəzərə alan ABŞ hansısa dövlətləri qara siyahıya sala, terrorçuluğa dəstəkdə, həmçinin ABŞ-ın beynəlxalq təhlükəsizlik üçün atdığı addımlara dəstək verməməkdə ittiham edə bilər. Bu gün ABŞ-ın məhz Azərbaycana beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə görə minnətdar olması ölkəmizin regional statusuna mühüm dividentlər qazandırır. Qarabağ münaqişəsinin digər tərəfi olan Ermənistanın deyil, Azərbaycanın beynəlxalq təhlükəsizlikdə, antiterror əməliyyatlarında oynadığı rola qiymət verilməsi Vaşinqtonun Cənubi Qafqazda kimə vurğu etdiyinin göstəricisidir.

İkincisi, Trampın İlham Əliyevə müraciətlə “Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində sizin liderliyinizi dəyərləndirirəm” deməsi o deməkdir ki, Tramp Əliyevin apardığı xarici siyasəti, ələlxüsus Xəzər hövzəsi və Avropa arasındakı enerji layihələrində prezidentin mövqeyini dəstəkləyir. Bu o deməkdir ki, İlham Əliyev Avropanın enerji təhlükəsizliyi, enerji resurslarının diversifikasiyası siyasətində aparıcı rol oynayır.
Üçüncüsü, “Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və əməkdaşlığımızın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayırıq” sözləri o deməkdir ki, Tramp Prezident Əliyevin apardığı daxili siyasəti dəstəkləyir, son zamanlar həyata keçirilən sosial və struktur islahatları ABŞ rəhbəri tərəfindən yüksək qiymətləndirilir. Sonda isə Tramp “tərəfdaşlığın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzulayır”.

Çox güman ki, ABŞ-da keçirilən növbəti prezident seçkilərində qələbə çalacağı təqdirdə Respublikaçılar Partiyası Vaşinqton-Bakı arasında münasibətlərin güclənməsində daha da israrlı olacaq. Şübhəsiz ki, bu, Azərbaycan Prezidentinin böyük siyasi uğurudur. Regionda və dünyada baş verən təhlükəli proseslər fövqündə İlham Əliyevin apardığı rasional xarici və daxili siyasətin gələcəkdəki mümkün təhlükələrdən Azərbaycanı qoruması göz önündədir. Mövcud siyasi durumu və ətraf ölkələrdəki vəziyyəti təhlil edərkən, əminliklə söyləmək olar ki, Azərbaycanımız etibarlı əllərdədir”.

Sozcu.az